Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Sertifikasiyadan keçməyən müəllimlərin taleyi necə olacaq?

© AFP 2023 / ALAIN JOCARDİmtahan
İmtahan - Sputnik Azərbaycan, 1920, 09.04.2023
Abunə olmaq
Sertifikasiyadan keçə bilməyən müəllimlər növbəti il MİQ imtahanında iştirak edərək məktəbdə müəllim işləyə bilərlər.
BAKI, 9 aprel — Sputnik. Keçən il sertifikasiyadan kəsilmiş müəllimlər yenidən uğursuz nəticə göstərsələr, onların əmək müqaviləsinə xitam verilə bilər".
Bunu bir neçə gün öncə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib. O bildirib ki, bu, güzəşt tətbiq edilmiş müəllimlərə şamil deyil: "Kimlərə güzəşt nəzərdə tutulduğu qaydalarda öz əksini tapıb".
Rüfət Əzizov eyni zamanda deyib ki, ötən il müxtəlif səbəblərdən sertifikasiya imtahanında iştirak etməyənlər də təkrar sertifikasiyada iştirak edəcəklər: "Xüsusi səbəblər olubsa, müvafiq qaydada bizə müraciət edə bilərlər. Əgər müəllimlərin ötənilki sertifikasiyada iştirak etmədiklərinə dair səbəbi təsdiq edən sənəd yoxdursa, təkrar sertifikasiyadan kəsildikləri halda əmək müqavilələrinə xitam verilə bilər".
Bəs görəsən sertifikasiyadan keçə bilmədiyi üçün əmək müqaviləsinə xitam verilmiş müəllimlərin taleyi necə olacaq? Bu işsiz müəllim ordusunun yaranmasına gətirib çıxartmayacaq ki?
Sertifikasiyadan keçə bilməyən müəllimlər təkrar imtahan verməli olacaq
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda 4432 ümumtəhsil müəssisəsində 150 min müəllim çalışır. Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə müəllimlərin bilik və bacarıqları 2014 -2019-cu illərdə keçirilən diaqnostik imtahanda yoxlanılıb. K. Əsədov bildirib ki, müəllimlərin sertifikasiyası isə təhsil sahəsində çalışan müəllimlərin ixtisas üzrə biliklərinin yoxlanılması xarakteri daşıyır. O, qeyd edib ki, sertifikasiya prosesində müəllimlərin ixtisas bilikləri ilə yanaşı müasir təhsil standartları yoxlanılır. Ekspert deyib ki, minimum keçid balını toplayanlar müsabiqə mərhələsində pedoqoji bacarıqlarını nümayiş etdirirlər.
"İlk dəfə Azəbaycanda müəllimlərin sertifikasiyası 2022-ci ildə keçirilib. 11 min ibtidai sinif müəllimi bu prosesdə iştirak edib. Onlardan 2800-ü minimum keçid balını toplaya bilməyib. Əmək Məcəlləsində dəyişikliyə əsasən sertifikasiyadan keçə bilməyən müəllimlərə yenidən şans veriləcək. Bu dəfə sertifikasiyadan keçə bilməyən müəllimlərlə bağlanılmış müqaviləyə xitam veriləcək" deyə K. Əsədov bildirib.
K.Əsədovun sözlərinə görə, bu, heç də həmin müəllimlərin bir daha bu peşədə çalışa bilməyəcəyi anlamına gəlmir. Belə ki, ikinci dəfə sertifikasiyadan keçə bilməyən müəllimlər yenidən müraciət edib müəllim kimi fəaliyyət göstərə bilərlər.
Müəllim çatışmazlığı yaranmayacaq
Ekspert bildirib ki, sertifikasiyadan keçə bilməyən müəllimlərlə əmək müqaviləsinə xitam verilməsi müəllim çatışmazlığı yaratmayacaq: "Çünki, 2022-ci ildə dövlət orta ümumtəhsil müəssisələrində müəllim işləmək üçün 60 min nəfər elektron ərizə verib. Onlardan yalnız 8 mini işə qəbul ola bilib. Ümumilikdə Azərbaycanda ali və orta ixtisas təhsili məktəblərinin pedoqoji ixtisaslarını bitirmiş 90 min nəfər var ki, onlar hazırda işləmirlər. Ona görə də, təkrar sertifikasiyadan keçmədiyi üçün əmək müqavilələrinə xitam verilmiş müəllimlərin yerlərinə əvəzləyici müəllimlərin tapılmaması ilə bağlı problem yoxdur".
K.Əsədov bildirib ki, sertifikasiyadan kəsilmiş müəllimlərin iki şansı var. Onlar ya növbəti ildən Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında iştirak edərək müəllim kimi yenidən fəaliyyətə başlaya, yaxud da hər hansı kurslarda repetitor kimi çalışa bilərlər. Yaxud da özəl orta məktəblərdə də müəllim kimi fəaliyyət göstərə bilərlər.
Rus bölməsində müəllim çatışmazlığı ola bilər
Həmsöhbətimiz deyir ki, Azərbaycanda kifayət qədər müəllim var. Amma bəzi məktəblərdə fənn müəllimləri çatışmazlığı müşahidə oluna bilər.
"Sadəcə olaraq dərs saatı az olduğundan, bəzi məktəblərdə müəllim işləməyə maraq göstərən yoxdur. Bu daha çox dağlıq rayonlarda yaranmış problemdir. Belə məktəblərdə çalışan müəllimlərə maaş dərs saatına görə verildiyindən, onlar həmin məktəblərdə işləməyə həvəs göstərmirlər. Daha bir müəllim çatışmazlığı yalnız rus bölməsi üzrə məktəblərdə yarana bilər. Rus bölməsində riyaziyyat, fizika, kimya fənləri üzrə müəllimlər azdır. Ola bilər ki, həmin müəllimlərin sertifikasiyası müəllim çatışmazlığı yaratsın. Amma Azərbaycan bölməsində heç bir problem yaranmayacaq".
35 min müəllim sertifikasiyaya cəlb olunacaq
Qeyd edək ki, ötən il sertifikasiyada uğursuz nəticə göstərən ibtidai sinif müəllimlərinin 22 faizi bu il yenidən sertifikasiyaya cəlb olunacaq. Ötən il imtahanlarda ibtidai sinif müəllimlərinin 78 faizi sertifikasiya imtahanlarında uğur qazanıb. 5624 müəllimin maaşına 10 faiz, 3127 müəllimin maaşına isə 35 faiz əlavə olub.
Məlumat üçün bildirək ki, bu il təxminən 35 minədək müəllimin sertifikatlaşdırmaya cəlb olunması planlaşdırılır. Proses bütün regionları əhatə etməklə ibtidai sinif müəllimlərini əhatə edəcək. Həmçinin azərbaycan dili və ədəbiyyat müəllimlərinin bir hissəsi sertifikatlaşdırmaya cəlb olunacaq.
Sertifikasiyada güzəşt kimlərə şamil olunacaq?
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
Sertifikatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:
- hamilə qadınlar;
- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
- ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində;
- azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumtəhsil və dövlət peşə təhsil müəssisələrində çalışan təhsil işçilərinin aylıq vəzifə maaşları fevralın 1-dən etibarən orta hesabla 10 faiz artırılıb.
Xəbər lenti
0