Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclası başa çatıb

© AFP 2024 / JEAN-PIERRE MULLERЛоготип ЮНЕСКО, фото из архива
Логотип ЮНЕСКО, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.04.2023
Abunə olmaq
Qapanış mərasimindən sonra xarici qonaqlar Şuşa şəhəri ilə tanış olublar. Onlar Şuşa şəhər mərkəzi meydanı, Qala divarları, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər.
BAKI, 8 aprel - Sputnik. Bu gün “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədrliyi çərçivəsində sözügedən Milli Komissiyanın Daimi Katibliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanışı keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov işğaldan azad olunmuş Şuşa şəhərində tarixi və mədəni irsimizə qarşı Ermənistan tərəfindən törədilmiş vandalizm aktları, həmçinin Azərbaycan dövləti tərəfindən Şuşa şəhərində həyata keçirilən bərpa-quruculuq işləri ilə bağlı tədbirin iştirakçılarına məlumat verib. Sözügedən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun müəllifi olduğu “Şuşa – Azərbaycanın Tarixi və Strateji Əhəmiyyətli Mədəniyyət Paytaxtı” adlı kitabın tədbir iştirakçılarına təqdimatı keçirilib.
Qapanış mərasimində TÜRKSOY-un üzv ölkələrini, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Özbəkistan, eləcə də Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkdilli Ölkələrin Parlament Assambleyası, Macarıstan və Monqolustanı təmsil edən 35 nəfər iştirakçıya sertikat və hədiyyələr təqdim olunub.
Eyni zamanda, qapanış mərasimində Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən ölkəmizdə sayca ikincisi təşkil edilən təlim proqramının iştirakçısı olan Benin, Niger, Toqo, Burkina Faso, Qvineya, Qabon, Cibuti, Kot-d'İvuar və Ekvatorial Qvineyanın UNESCO üzrə Milli Komissiyalarının Baş katibləri qonaq qismində iştirak ediblər.
Qapanış mərasimindən sonra xarici qonaqlar Şuşa şəhəri ilə tanış olublar. Onlar Şuşa şəhər mərkəzi meydanı, Qala divarları, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər. Şuşaya səfərdə iştirak edən adıçəkilən iclasın iştirakçıları və Afrika ölkələrinin UNESCO Milli Komissiyalarının Baş katibləri Şuşanın ecazkar təbiətinə və qədim tarixinə heyran qalıblar.
Tədbir xalq artisti Mənsum İbrahimovun rəhbərliyində “Qarabağ” muğam qrupu tərəfindən təqdim edilən konsert proqramı ilə sona çatıb. Konsert proqramında həmçinin Aytən Məhərrəmova və Sona Əzizovanın ifasında müxtəlif mahnılar səsləndirilib (Report).
Xəbər lenti
0