CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Prokurorluq 20 nömrəli məktəb-liseydəki zəhərlənmə ilə bağlı araşdırma aparır

© Official website of President of Azerbaijan RepublicBaş Prokurorluq
Baş Prokurorluq - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Abunə olmaq
Hadisədən sonra 6 nəfər TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.
BAKI, 6 aprel — Sputnik. Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, ilkin ehtimallara əsasən, şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.
TƏBİB də məktəb-liseydə zəhərlənən şagirdlərin vəziyyətini açıqlayıb. Qurumdan verilən xəbərə görə, baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib:

"6 nəfər (4-ü qadın, 2-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir".

Qeyd edək ki, aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.
Həmçinin məktəb rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən "Tais ikf" MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0