Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan-Tacikistan sənədləri imzalanıb - Yenilənib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan-Tacikistan sənədləri imzalanıb
Azərbaycan-Tacikistan sənədləri imzalanıb - Sputnik Azərbaycan, 1920, 05.04.2023
Abunə olmaq
Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü olub.
BAKI, 5 aprel — Sputnik. Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub.
"Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin imzaladılar.
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Tacikistan Respublikasının daxili işlər naziri Ramazon Rahimzoda imzaladılar.
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”u Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri Əlimirzamin Əskərov və Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidmətinin rəisi Xurşed Karimzoda imzaladılar.
“Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə Tacikistan Milli Bankı yanında Maliyyə Monitorinqi Departamenti arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, əlaqəli əsas (predikativ) cinayətlər və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maliyyə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Milli Bankının sədri Hokim Xoliqzoda imzaladılar.
“2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı”nı Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda imzaladılar.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Tacikistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2023-2024-cü illər üzrə kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Yol Xəritəsi”ni Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Tacikistan Respublikasının kənd təsərrüfatı naziri Kurbon Hakimzoda imzaladılar.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin imzaladılar.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Tacikistan Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində 2023-2024-cü illər üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli və Tacikistan Respublikasının mədəniyyət naziri Zulfiya Davlatzoda imzaladılar.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi arasında investisiyalar, startapların təşviqi və sahibkarlıq sahəsində Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Sadyi Kodirzoda imzaladılar.
“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Tacikistan Respublikasının Hökuməti yanında Turizmin İnkişafı üzrə Komitə arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri Əlimirzamin Əskərov və Tacikistan Respublikasının Hökuməti yanında Turizmin İnkişafı üzrə Komitənin sədri Kamoliddin Muminzod imzaladılar.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı və Tacikistan Milli Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov və Tacikistan Milli Bankının sədri Hokim Xoliqzoda imzaladılar.
“Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi yanında “Tacinvest” Dövlət Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin sədri Sadyi Kodirzoda imzaladılar.
“Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”u Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Tacikistan Respublikasının İsfara şəhərinin rəhbəri Baxovaddin Baxodurzoda imzaladılar.
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Tacikistan Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Tacikistan Respublikasının Ticarət və Sənaye Palatasının sədri Camşed Cumaxonzoda imzaladılar.
***
Azərbaycan-Tacikistan sənədləri imzalanıb.
Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub.
***
Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.
Görüşdə çıxış edən Prezident Emoməli Rəhmon deyib:
- Hörmətli İlham Heydər oğlu, Tacikistana xoş gəlmisiniz. Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var. Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk.
Bu gün Sizinlə ölkələrimizin qarşılıqlı əlaqələrinin vəziyyətini və perspektivlərini, habelə beynəlxalq və regional məsələləri müzakirə etməyə hazıram.
Bir daha xoş gəlmisiniz. Ölkəmizdə vaxtınızın xoş keçməsini arzu edirəm.
Prezident İlham Əliyev deyib: Sağ olun, Emoməli Şərifoviç. Əvvələn, dəvətə görə təşəkkür edirəm. Qardaş, dost Tacikistana yenidən gəlməyimə çox şadam.
Siz qeyd etdiyiniz kimi ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var. Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Nümayəndə heyətlərinin üzvləri də öz aralarında fəal diskussiyalar aparacaqlar. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq. Biz birgə fəaliyyətimizin sonrakı proqramını müəyyən edəcəyik.
Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.
Prezident Emoməli Rəhmon: Çox sağ olun.
***
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Tacikistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Tacikistanın Dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev əsgərləri salamladı.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Tacikistanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Emoməli Rəhmona təqdim edildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdirdilər.
***
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşıladılar.
Prezident İlham Əliyevin Düşənbəyə səfəri çərçivəsində Tacikistan-Azərbaycan investisiya forumu keçiriləcək.
Forumda hər iki tərəfdən 150-dən çox iştirakçının, o cümlədən nazirlik və idarələrin rəhbərləri və məsul şəxsləri, sahibkarlar, investorlar və Tacikistan və Azərbaycanda iqtisadi fəaliyyətin müxtəlif sahələrində fəaliyyət göstərən şirkət və müəssisələrin nümayəndələrinin iştirakı gözlənilir.
Xəbər lenti
0