ELM

Kritik informasiya infrastrukturu subyektləriylə əlaqədar yeni tələb müəyyən edilir

© Official website of President of Azerbaijan RepublicNazirlər Kabineti
Nazirlər Kabineti - Sputnik Azərbaycan, 1920, 04.04.2023
Abunə olmaq
Qanun layihəsində provayderin özünə dair tələblərin də Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təklif olunur.
BAKI, 4 aprel - Sputnik. Kritik informasiya infrastrukturu obyektlərinin siyahısının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təklif olunur.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bundan başqa, qüvvədə olan qanuna görə, kibertəhlükəsizlik xidməti provayderinin işçi heyəti, texnoloji resursları və proseslərinə dair tələblər Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Qanun layihəsində isə provayderin özünə dair tələblərin də Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təklif olunur.
Layihəyə əsasən, kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, qanuna görə, kritik informasiya infrastrukturu – dövlət idarəçiliyi, müdafiə, səhiyyə, maliyyə bazarları, energetika, nəqliyyat, informasiya texnologiyaları, telekommunikasiya, su təchizatı və ya ekologiya sahəsində fəaliyyəti təmin edən və funksionallığının pozulması dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarına mühüm zərər vura bilən informasiya sistemlərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya-kommunikasiya şəbəkələrinin məcmusudur.
Kritik informasiya infrastrukturu obyekti – kritik informasiya infrastrukturunun tərkib hissəsi olan informasiya sistemi, avtomatlaşdırılmış idarəetmə sistemi və ya informasiya-kommunikasiya şəbəkəsidir.
Kritik informasiya infrastrukturu subyekti – kritik informasiya infrastrukturu obyektinin sahibi (istifadəçisi) olan dövlət orqanları (qurumları), o cümlədən dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılmış publik hüquqi şəxslər, habelə digər hüquqi şəxslər və ya fərdi sahibkarlardır (mikro, kiçik və orta sahibkarlıq subyektləri istisna olmaqla).
Xəbər lenti
0