Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Taxıl və pambıq sahələri susuzluqdan yanır - Suvarmada növbəlilik ciddi narazılıq yaradır

© AP Photo / Efrem LukatskyTaxıl
Taxıl - Sputnik Azərbaycan, 1920, 01.04.2023
Abunə olmaq
Fermerlər taxıl sahələrini sulamağa su tapmadığını, dövlət qurumu isə hər şeyin qaydasında olduğunu iddia edir.
BAKI, 1 aprel — Sputnik. Bölgələrdə su qıtlığı əkin sahələrinin suvarılmasında ciddi problemlər yaradıb. Ötən gün Zərdabda 32 yaşlı kişi su probleminə görə intihara cəhd edib. Hadisə rayon su idarəsinin qarşısında qeydə alınıb. Rayonun Çallı kənd sakini Süleymanov Əkbər Sabir oğlu üzərinə benzin tökərək özünü yandırıb. O, ağır dərəcəli yanıq xəsarətləri ilə Bakıya çatdırılıb. Məlumata görə, Əkbər Süleymanov özünə məxsus pay torpağı sahəsində pambıq əksə də, bir müddətdir su qıtlığına görə əkini suvara bilməyib. Onun məsul şəxslərə etdiyi müraciətlər cavabsız qaldığına görə intihar etmək qərarına gəlib.
Fermerlər su tapmır
Bərdənin Mustafa Ağalı kənd sakinləri də taxıl, bostan, yonca sahələrini suvara bilmirlər. Onlar bildirirlər ki, Qarabağ kanalında suyun səviyyəsi yetəri qədər olsa da, onların kəndinə verilən suyun miqdarı çox azdır. Bərdə Suvarma Sistemləri İdarəsindən isə bildiriblər ki, sakinlər suvarma üçün növbəlilik prinsipinə əməl etmirlər. Yonca sahəsi olanlar öz sahələrinin daha tez suvarılmasını tələb edirlər. İdarə rəhbərliyi isə taxıla gübrə verildiyindən, birinci taxıl sahələrinə suyun verilməli olduğunu düşünür.
Kənd sakinləri Rəhman Mahmudov, Marif Zeynalov isə deyib ki, taxıl sahəsinə gübrə verdikdən sonra taxılı sulamadıqlarından taxıl sahədəcə yanıb. Onlar iddia edirlər ki, kanalda su olsa da, taxıl sahələrini sulaya bilmirlər. Sakinlərin bildirdiyinə görə, Mustafa Ağalı kəndində 1800 hektar əkin sahəsi suvarılmadığından yanır.
Su qıtlığından əziyyət çəkən kəndlərin siyahısını uzatmaq da olar. Bir aya yaxındır ki, Kürətrafı kəndlərin mütləq əksəriyyətində su problemi yaşanır.
"Su qrafiklə verilir"
Sputnik Azərbaycan problemin nə vaxt öz həllini tapacağını öyrənmək üçün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifovla əlaqə saxlayıb. D.Şərifov açıqlamasında bildirib ki, Bərdə, Zərdab və digər rayonlarda su çatışmazlığı olduğu iddia edilsə də, su qrafiklə bütün sahələrə verilir. Onun sözlərinə görə, hər il kənd təsərrüfatı məhsulları istehsalında artım da suyun hesabınadır.
"Əgər su olmasaydı məhsulda artım da olmazdı. Taxılın suvarılması 80 faiz yekunlaşıb", - deyə D.Şərifov bildirib.
Problem nə vaxt həllini tapacaq?
O qeyd edib ki, su çatışmazlığı dünyada var. Bərdə və Zərdabda isə suvarma qaydasındadır. Sadəcə olaraq əkin sahələri ildən-ilə artdığından suya tələbat da artır: "Cənab prezidentin sərəncamı ilə Su Komissiyası yaradılıb. Bizim qurum da bu komissiyanın üzvüdür. Bu Komissiya ölkə ərazisində su resurslarının idarə olunması, əkin sahələrinə suyun çatdırılması istiqamətində işlər həyata keçirir. Dövlət səviyyəsində buna nəzarət olunur. Su itkisinin qarşısının alınması üçün kanalların beton üzlüyə alınması işlərini həyata keçiririk. Bərdə və Zərdabda da cari təmir qrafikinə uyğun olaraq kanalların bir hissəsi beton üzlüyə alınacaq. Hər il bu işlər davam etdirilir. Su tutarları, su anbarlarının tikilməsi istiqamətində də böyük işlər aparılır. Su qrafiki tərtib olunub. Çalışırıq ki, sudan qənaətlə istifadə etməklə həmin fermerlərə suyu fasiləsiz olaraq çatdıraq".
D.Şərifov bildirib ki, Bərdə və Zərdabda hazırda suvarılmayan sahə yoxdur. Onun sözlərinə görə, hər kəs öz su növbəsini gözləyir və su qrafikinə nəzarət edilir: "Çalışırıq ki, bu qrafikə riayət olunsun".
Görüləcək işlər kağız üzərində qalıb
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bölgələrdə su çatışmazlığı ciddi problemə çevrilib. Onun sözlərinə görə, problem belə davam edərsə, bu il məhsuldarlıq kəskin aşağı düşəcək:
"Bitki su istəyir. Biz bitkini susuz gözlədə bilmərik ki, hələ növbə çatmayıb. Ümumiyyətlə əkin sahələrinin suvarılmasında növbəlilik mexanizmi qurmaq yanlışdır. Fermer su ilə təmin edilməlidir. Bu hökumətin üzərinə düşən, həll etməli olduğu məsələdir".
Vahid Məhərrəmov deyir ki, hələ üç il əvvəl, 2020-ci ilin aprel ayında ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradılıb: "Həmin il iyulun 27-də isə "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün" tədbirlər planı təsdiqlənib. "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün" hazırlanmış tədbirlər planında əsas tədbirlərin icrası 2020-2021-ci illərdə başa çatmalı idi. Lakin həmin planda nəzərdə tutulmuş tədbirlər kağız üzərində qalmaqdadır. Hətta icra müddəti 2020-2021-ci illərdə başa çatmış tədbirlər yenidən "2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın tədbirlər planında yer alsa da icra müddəti daha uzun müddətə qədər uzadılıb".
Su itkiyə gedir
V.Məhərrəmov onu da qeyd edib ki, ölkədə su resurslarından səmərəli istifadə olunmur və belə halda suvarılan sahələrin genişləndirilməsi daha çox su itkisinə yol açar. Onun sözlərinə görə, Azərbaycan Dövlət Statistika Komitəsinin Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələr üzrə təbii mənbələrdən götürülən su, onun istehlakı və itkisi ilə bağlı təqdim etdiyi statistik məlumatda Azərbaycan su itkisinə görə 23,4 faizlə birinci yerdədir.
"Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin məlumatlarına əsasən ölkədə hələ də ciddi su itkisinə yol verilir. Ümumi ölkə üzrə 2021-ci ildə təbii mənbələrdən götürülən suyun itkisi 23,4% təşkil edib. 2021-ci ildə kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatına təbii mənbələrdən ötürülən 11,9 milyard kubmetr suyun isə 3,1 milyard kubmetri - 26 faizi itkiyə gedib. Təəssüflə qeyd etməliyəm ki, birbaşa kənd təsərrüfatında istifadə edilən suvarma suyunun itkisi hesaba alınmır. Əminliklə demək olar ki, kənd təsərrüfatına verilən suyun yarısı, yəni 50 faizi itkiyə gedir", - deyə mütəxəssis bildirib.
İsrail təcrübəsi köməyimizə çata bilər
V.Məhərrəmov əlavə edib ki, Azərbaycan hökuməti su ehtiyatlarından səmərəli istifadəni təşkil etmək üçün qabaqcıl təcrübələrdən yararlana bilər. Onun fikrincə, İsrail təcrübəsi Azərbaycan üçün daha uyğundur. Ekspertin sözlərinə görə, İsrail keçən əsrin sonlarında 1,24 milyard kubmetr suvarma suyundan istifadə etdiyi halda, hökumətinin səyi nəticəsində sonrakı illərdə yeni müasir texnologiya tətbiq etməklə istifadə edilən suvarma suyunun həcmi 1,12 milyard kubmetrə qədər azaldılıb.
Həmsöhbətimiz onu da vurğulayıb ki, Azərbaycanın dağlıq və dağətəyi ərazilərində yağış, çay və qrunt sularının yığılması üçün su anbarları, süni göllər yaratmaq imkanları var. O qeyd edib ki, Azərbaycanın relyefi buna imkan verir: "Yaradılacaq anbarların, göllərin suyunu regionlar üzrə bir şəbəkədə birləşdirməklə su resuslarından daha səmərəli istifadə etmək olar. Dağlıq və dağətəyi ərazilərdə yığılan yağış, çay və qrunt suları hesabına ilk növbədə həmin ərazilərdə yaşayan əhalinin içməli və suvarma suyuna olan tələbatı ödənilməlidir. Anbarlara, göllərə yığılacaq artıq su isə ehtiyacı olan bölgələrə nəql edilə bilər. Həmçinin, ölkənin mövcud su ehtiyatlarından səmərəli istifadə etmək, su nəqli və sudan istifadə zamanı itkiyə yol verməmək üçün mənbələrindən götürülən suyun nəqlini metal borular vasitəsilə təşkil etmək gərəkdir. Suvarma suyundan istifadənin səmərəliliyini təmin etmək üçün ölkədə geniş miqyasda damcı suvarma sistemi tətbiq edilməlidir".
Məlumat üçün bildirək ki, rəsmi məlumata görə, Azərbaycanda su ehtiyatlarının həcmi 25 milyard kubmetrdir. Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti ölkədə su təchizatının son 30 ildə 20 faizə yaxın azaldığını və 2050-ci ilə kimi bir o qədər azalma ehtimalının olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycanda su çatışmazlığı ilə bağlı problemlər uzun müddətdir ki, öz həllini tapmır. Bu ilin mart ayının 13-də Saatlı rayonunun Nabatkənd və Orta Muğan kənd sakinləri su problemlərinin həll edilməməsinə etiraz əlaməti olaraq magistral avtomobil yolunu bağlamağa cəhd ediblər. Aksiya iştirakçıları bildiriblər ki, bir neçə aydır əkin sahələrini suvarmaq üçün su verilmir, əkdikləri bitkilər məhv olub. Etirazçılar həmçinin içməli suyun da olmadığını və lazımi instansiyalara dəfələrlə şikayət, xahiş etsələr də, su problemlərinin həll edilmədiyini deyiblər.
Xatırladaq ki, bu ilin martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşən ölkə başçısı İlham Əliyev də bu problemə toxunub. Dövlət başçısı bildirib ki, məqsəd ölkə ərazisini su təchizatı sistemi ilə tam əhatə etməkdir.
Xəbər lenti
0