Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

TƏBİB: "Antibiotiklərin istifadəsini müəyyən qədər məhdudlaşdırmaq lazımdır"

TƏBİB - Sputnik Azərbaycan, 1920, 31.03.2023
Abunə olmaq
Nəzrin Mustafayeva deyib ki, antibiotiklər müalicədə çox böyük əhəmiyyət kəsb etsə də, günümüzdə onlardan çox geniş və sui-istifadə hallarına rast gəlinir.
BAKI, 31 mart — Sputnik. "Antibiotiklərin istifadəsini müəyyən qədər məhdudlaşdırmağımız lazımdır". Sputnik Azərbaycan-a xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
O, infeksion nəzarət sistemində antibiotiklərin vurulması barədə danışarkən qeyd edib ki, antibiotiklər müalicədə çox böyük əhəmiyyət kəsb etsə də, günümüzdə onlardan çox geniş və sui-istifadə hallarına rast gəlinir:
"Son 30 ildə yeni antibiotik qrupları kəşf olunmayıb. Bununla yanaşı isə bakteriyaların, infeksiyaların davamlılığı və çeşidliliyi günü-gündən artır. Bu, bir qüsurlu dövran şəklindədir. Biz antibiotiklərdən istifadə etdikcə infeksiyalar da buna qarşı öz qorunma mexanizmlərindən istifadə edir və davamlılıq qazanır. Nəticədə müalicə zamanı həmin antibiotiklərlə yaxşı nəticə ala bilmirik və məcburi şəkildə daha yüksək spektrli antibiotiklərdən istifadə edirik. Bununla da bütün antibiotik rezervlərimiz tükənmiş olur. Bu, bütün dünyada belədir. Hazırda dünya antimikrob rezistentliyi ilə mübarizə aparır".
Həkimin sözlərinə görə, biz nə qədər az infeksiyaya yoluxma halları müşahidə ediriksə, bir o qədər də antibiotiklərdən istifadənin qarşısını almış olarıq.

"Bununla, eyni zamanda, xəstələri maliyyə xərclərinin çoxluğundan və antibiotikdən çox istifadənin orqanizmə zərərlərinin təsirlərindən qorumuş olarıq", - deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, Avropada antibiotik qəbuluna nəzarət edən xüsusi komissiyalar var. Həmin komissiyanın qərarı olmadan tibb işçisinin antibiotik təyin etmək hüququ yoxdur.
Türkiyədə də artıq apteklərdə antibiotiklərin reseptsiz satılmasının qadağan olunması ilə bağlı qərar qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0