Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İran Azərbaycan-İsrail münasibətlərindən narahatdır - millət vəkilindən reaksiya

© Photo : Azerbaijan Institute of TheologyDeputat Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov  - Sputnik Azərbaycan, 1920, 31.03.2023
Abunə olmaq
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycanın istənilən ölkə ilə diplomatik münasibətlərini genişləndirməyə, səfirlik açmağa tam hüququ var.
BAKI, 31 mart — Sputnik. Martın 29-da İsrailin paytaxtı Təl-Əviv şəhərində Azərbaycan səfirliyi fəaliyyətə başlayıb. Səfirliyin açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və üzvləri iştirak ediblər.
Sputnik Azərbaycan İsraildə Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının Cənubi Qafqazda regional proseslərə təsiri ilə bağlı millət vəkili Ceyhun Məmmədovun fikirlərini öyrənib.

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycanın istənilən ölkə ilə diplomatik münasibətlərini genişləndirməyə, səfirlik açmağa tam hüququ var: "Azərbaycanın qurduğu diplomatik münasibətlər hansısa ölkəyə qarşı yönəlməyib və biz heç bir ölkənin daxili işlərinə qarışmırıq. Qonşularımızdan da gözləntimiz odur ki, bizim işimizə qarışmasınlar. Azərbaycanın qurduğu münasibətlər beynəlxalq konvensiyalarla tənzimlənir".

Millət vəkili deyib ki, Azərbaycan səfirliyinin İsraildə fəaliyyətə başlamasının bölgədəki proseslərə necə təsir edəcəyi birbaşa ölkəmizdən asılı deyil: "Bu gün bir sıra dövlətlərin, konkret desək, İranın narahatlıqları özünü büruzə verir, ancaq bunun heç bir əsası yoxdur. Çünki Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, İsraillə münasibətlərin inkişaf etdirilməsi və qurulması hansısa ölkələrə qarşı yönəlməyib. Azərbaycan İsraillə əməkdaşlıq qurmaqla hansısa ölkəyə qarşı fəaliyyət göstərmir. Bir müddət əvvəl Azərbaycanın İsraildəki yeni səfiri də vurğuladı ki, Azərbaycan heç bir halda öz ərazilərindən kiminsə əleyhinə istifadə edilməsinə yol verməyəcək".
Ceyhun Məmmədov qeyd edib ki, İran tərəfinin Azərbaycanı sionizmdə günahlandırması, məsələlərə bu cür reaksiya verməsi əsassızdır: "Təəssüflə qeyd etmək lazımdır ki, bu gün ölkələr arasında münasibətlərin qurulmasında da yanlış paralellər aparılır. Deyirlər ki, Azərbaycan İsraillə münasibətləri sıxlaşdırdığı üçün İran-Ermənistan münasibətləri sıxlaşır. Yəni biz Azərbaycan olaraq İranın torpaqlarını işğal etmiş bir ölkə ilə münasibət qurmuruq, amma İran bunu edir. Bu gün Azərbaycan İrana qarşı İsrailə hər hansı dəstəyi göstərmir, amma bu dəstəyi İrandan Ermənistana açıq şəkildə görürük. Azərbaycanın İsraildə səfirliyinin açılmasını İranla münasibətlərinin gərginləşməsi ilə əlaqələndirmək doğru deyil. Bu gün dünyada baş verən geosiyasi proseslər Azərbaycanın öz müttəfiqləri ilə münasibətlərini daha da koordinasiyalı şəkildə davam etdirməsini labüd edir".
Xəbər lenti
0