Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini yenidən artırdı

© Sputnik / Murad OrujovMərkəzi Bank
Mərkəzi Bank - Sputnik Azərbaycan, 1920, 29.03.2023
Abunə olmaq
Mərkəzi Bankdan bildiriblər ki, bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.
BAKI, 29 mart — Sputnik. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.75%-ə qaldırılıb.
Mərkəzi Bankdan bildiriblər ki, bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.
Ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın tədricən azalması davam edir. Bu proses qlobal iqtisadi aktivliyin faktiki və gözlənilən azalması, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsi, dünya əmtəə qiymətlərinin sabitləşməsi, hətta bəzi kateqoriyalar üzrə aşağı düşməsinin təsiri fonunda baş verir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə dünya ərzaq qiymətləri indeksi 2023-cü ilin fevralında 0.6% azalma ilə 2022-ci ilin mart ayında çatdığı pik səviyyədən 18,7 faiz bəndi aşağı düşüb, illik əsasda 8.1% azalıb.
Beləliklə, ötən ilin aprelindən başlayaraq artıq 11 ay ardıcıl dünya ərzaq qiymətləri aşağı düşməkdədir. Bütün bunlar ölkə daxilində inflyasiyanın faktiki və gözlənilən dinamikasına müəyyən zaman intervalı ilə təsir göstərir. Eyni zamanda tədiyə balansının cari əməliyyatlar hesabının profisiti qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici xərc amillərini neytrallaşdırır. 2022-ci ildəki 8.4%-lik möhkəmlənməninin ardınca 2023-cü ilin ilk 2 ayında manatın nominal effektiv məzənnəsi 2.2% möhkəmlənib. Mərkəzi Bank tərəfindən monetar şəraitin adekvat tənzimlənməsi də inflyasiyanın daxili tələb amillərini məhdudlaşdırır. Qeyd olunan amillərin təsiri altında 2023-cü ilin fevralında illik inflyasiya 14.1% təşkil edib ki, bu da son bir ildə müşahidə edilən pik səviyyə (2022-ci ilin sentyabrında 15.6%) ilə müqayisədə 1.5 faiz bəndi azdır.
2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalır
Lakin, daxili bazarda inflyasiyanın pikdən azalma dinamikasını müşahidə etsək də, tələb-təklif amillərinin gözlənilən dəyişimi və iqtisadi subyektlərin davranışları ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır. Stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artması şəraitində məcmu tələb genişlənir və qeyri-neft sektorunda iqtisadi artım yüksək olaraq qalır. Cari ilin əvvəlindən reallaşdırılan 4-cü sosial islahat paketi və kredit aktivliyinin davam etməsi məcmu tələbin əsas komponenti olan istehlakı dəstəkləyir. Banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit portfelinin illik artımı bir qədər səngisə də yüksək olaraq qalır və cari ilin fevralında 15.7% təşkil etmişdir. İlin əvvəlindən bəri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən bəzi xidmətlərin (məhsulların) qiymətlərinin dəyişdirilməsi ilə bağlı qəbul edilmiş qərar inflyasiya gözləntilərinə təsir edə bilər. Qeyd olunanlar proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə təsir edir. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalır.
İnflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini davam etdirir. Pul təklifinin effektiv tənzimlənməsi və bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması məqsədilə məcburi ehtiyat normalarına dair qəbul edilmiş qərara uyğun olaraq 2023-cü ilin fevral ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlamağa başlamışlar. Mart ayında bankların manatla saxlamalı olduğu məcburi ehtiyatların məbləği yanvar ayı ilə müqayisədə 371 mln. manat (57%) artıb. Sterilizasiya əməliyyatlarının effektivliyini yüksəltmək üçün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 1 günlük depozit daimi imkan alətləri üzrə kvota 27 fevral 2023-cü il tarixindən artırılıb.
Eyni zamanda Mərkəzi Bank tərəfindən 7 günlük REPO əməliyyatlarının keçirilməsinə başlanılıb. Qeyd olunan qərarlar monetar şərait vasitəsilə inflyasiyanın tələb amillərinin tənzimlənməsinə imkan verir.
Pul siyasətinə dair növbəti qərarlar inflyasiyanın dinamikası, proqnozun hədəfdən yayınma səviyyəsi və risklərin qalıcılığından asılı olaraq veriləcək. Mərkəzi Bankın həyata keçirdiyi əməliyyatların və əvvəlki qərarların nəticələri monitorinq edilərək siyasət qərarlarının qəbulunda nəzərə alınacaq. Məcmu tələbin və istehlak aktivliyinin izafi genişlənməsini məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaltmaq məqsədilə Mərkəzi Bank sərəncamındakı bütün alətlərdən və mexanizmlərdən adekvat istifadə edəcək.
İnflyasiyanın azalacağı ilə bağlı proqnozlar özünü doğruldarsa, pul siyasətinin normallaşdırılması, daha sonra isə transmissiyanın zaman intervalı nəzərə alınmaqla yumşaldılması imkanlarına baxılacaq.
Xəbər lenti
0