CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda orqanlarını bağışlamaq istəyənlər üçün proqram hazırlanır

© AFP 2024 / BRENDAN SMIALOWSKIBöyrək
Böyrək - Sputnik Azərbaycan, 1920, 28.03.2023
Abunə olmaq
Kimsə sağlığında öləndən sonra orqanlarının götürülməsinə etiraz edənlər siyahısına yazılıbsa, o zaman həmin şəxsin qohumlarından da soruşulmur.
BAKI, 28 mart — Sputnik. Orqanlarını bağışlamaq istəyənlər üçün proqram hazırlanır.
Bunu APA-ya müsahibəsində Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib. Onun sözlərinə görə, vahid informasiya bazası fəaliyyət göstərəcək:

"Saytımız fəaliyyətə başladıqdan sonra "ASAN xidmət"ə giriş olacaq və oradakı formanı doldurduqdan sonra elektron donor kartı ala biləcəklər. Amma hələ ki, bu olmadığına görə müraciətləri özümüz qeydə alırıq".

Yeganə Abbasova bildirib ki, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi fəaliyyətə başlayandan sonra 2022-ci ilin dekabr ayı ərzində dövlət proqramı ilə 22 böyrək, sonrakı ayda isə 3 əməliyyat icra olunub:
"Ən çox böyrək transplantasiyası əməliyyatı olmaqla, eyni zamanda qaraciyər, sümük iliyi əməliyyatı da icra olunub. Qeyd edim ki, bizə xəbər edilmədən həyata keçirilən əməliyyatlar da var. Bu, zamanla öz həllini tapacaq və bizim əlimizdə ölkə üzrə dəqiq ümumi statistik məlumatlar olacaq. Çünki vahid informasiya bazasını idarə edən qurum bizik".
Yeganə Abbasovaqeyd edib ki, Mərkəzə orqanlarını bağışlamaq istəyi ilə müraciət edənlər var.
"Hələ ki, az olsa da, müraciət edənlərin olması bizi sevindirir. Çalışırıq ki, bununla bağlı insanları daha çox maarifləndirək, informasiya verək", - deyə o bildirib.
Yeganə Abbasova əlavə edib ki, ümumiyyətlə, sağlığında donor olmaq istəyənlər üçün dünya üzrə üç qayda var:

"Birincisi rutin, ikincisi razılıq, üçüncüsü isə etiraz prezumpsiyasıdır. Rutin qaydasına görə, xəstə reanimasiya şöbəsində vəfat edibsə və süni tənəffüs aparatındadırsa, həmin xəstə potensial donordur və onların orqanlarının götürülməsi üçün heç kəsdən icazə alınmasına ehtiyac yoxdur. Sovet dövründə bu, belə idi. Hazırda İranda, İspaniyada bu qayda tətbiq olunur. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda isə etiraz prezumpsiyasıdır. Bu qaydaya görə isə əgər bir şəxs sağlığında donor olmaq üçün müraciət edibsə və siyahıda varsa, reanimasiya şəraitində öləcəyi təqdirdə, orqanları qohumlarından icazə alınmadan götürülür.

Əgər siyahıda yoxdursa, o zaman qohumlarından soruşulmalıdır. Kimsə sağlığında öləndən sonra orqanlarının götürülməsinə etiraz edənlər siyahısına yazılıbsa, o zaman həmin şəxsin qohumlarından da soruşulmur. Razılıq prezumpsiyasına görə isə kimsə orqanlarının öləndən sonra götürülməsinə aid icazə verənlər siyahısında varsa, qohumlarından icazə alınmadan orqanları götürülür, siyahıda yoxdursa, bu da razılıq kimi qəbul edilir".

Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri bildirib ki, müraciət edilsə belə, orqanlarını bağışlamaq hər kəsə qismət olmayacaq:
"Son nəfəs və ya ruhun bədəndən çıxması anlayışları var. İnsanın son nəfəsi çıxdıqdan, yəni ruh bədəndən ayrıldıqdan sonra o, süni tənəffüs aparatı ilə nəfəs alır. Bu, cəsəddəki qanın aparatla oksigenləşdirilməsidir. Ürəyin beyindən asılı olmayan öz avtomatizmi var. Beyin ölübsə, yardım göstərildiyi təqdirdə ürək öz avtomatizmi ilə iki sutkaya qədər çalışa bilər. Kimsə reanimasiyada beyin ölümündən vəfat edirsə, onun orqanları yararlıdır. Bu zaman qanunvericiliyə görə yararlı orqanları götürülə bilər. Beyin ölümü çox vaxt avtoqəzalarda, beyin şişlərində, beyinə qan sızma hallarında olur. Yəni hamımız reanimasiyada ölməyəcəyik ki! Bəzilərimiz elə evlərimizdə ölürük, orqanlarımız yararlı olmur.
Beyin ölümü məsələn, anoksik beyin zədələnmələri, yəni əməliyyat zamanı müəyyən bir müddətlik beyinə oksigenin çatmaması nəticəsində beyin hüceyrələrinin ölməsi nəticəsində beyin ölmünün gerçəkləşməsidir. Bu, geridönməz prosesdir. Bu zaman həmin adam reanimasiyada vəfat edibsə, onun orqanları yararlı ola bilər. Bu zaman da müayinələr aparılır, həmin adamın laborator müayinələri komissiyalara göndərilir və orqanların transplanatsiya üçün yararlı olub-olmadığı müəyyənləşdirilir.
Reanimasiyada beyin ölmündən vəfat edən adamın yaxınları onun orqanlarının götürülməsinə etiraz edərlərsə, meyit ailəyə təhvil verilir. Dəfn olunduqdan sonra torpağa qarışmış orqanlar nəyə lazımdır?! Amma heç kəs bilmədən, tam məxfi şəkildə orqanların bağışlanması, bir insanın həyatını qurtarmaq böyük savabdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0