Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Azərbaycan çoxmillətli, multikultural ölkədir" - Bibliya Cəmiyyətinin sədri

© Photo : AZERTAGAzərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov
Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov - Sputnik Azərbaycan, 1920, 28.03.2023
Abunə olmaq
Qurum rəsmisi bildirib ki, Azərbaycan xalqı tərəfindən başqa xalqlara münasibətdə heç vaxt təzyiq olmayıb.
BAKI, 28 mart - Sputnik. "Bu gün biz Quba Soyqırımı Memorial Kompleksində bir xalqın digər xalqa qarşı törətdiyi vəhşilik, zorakılıq və ədavət faktlarını gördük". Bu fikirləri Azərtac-a müsahibəsində Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov bildirib.

"Biz, xristian, müsəlman və yəhudi konfessiyalarının təmsilçiləri buraya Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizmi nümayiş etdirməkdən ötrü toplaşmışıq", - deyə o vurğulayıb.

Qurum rəhbəri vurğulayıb ki, xristianlar uzun illər bundan əvvəl baş verənləri qətiyyətlə pisləyir.
"Soyqırımının iddia müddəti yoxdur. Biz həmin hərəkətləri pisləməkdən ötrü, Azərbaycanda yaşayan bütün xalqlara – ləzgi, rus, yəhudi və digər millətlərə sevgimizi ifadə etməkdən ötrü buradayıq. Çünki Azərbaycan çoxmillətli, multikultural ölkədir. Azərbaycan xalqı tərəfindən başqa xalqlara münasibətdə heç vaxt təzyiq olmayıb”, - deyə R.Xəlilov vurğulayıb.
Quba Soyqırımı Memorial Kompleksi
Xatırladaq ki, 2007-ci ilin aprelində Quba şəhərində stadionun tikintisi zamanı təsadüfən tapılmış kütləvi məzarlıq aşkar edilib. Məzarlıq Quba şəhərinin şimalında, Qudyalçayın kənarında yerləşir.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tədqiqatı nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımla bağlı olduğu təsdiqlənib.
Arxiv sənədlərindən məlum olub ki, 1918-ci ilin aprel-may ayları ərzində Daşnaksütun partiyasının silahlı dəstələri, Bakı kommunasına tabe olan, Hmazaspın başçılığı ilə təkcə Quba qəzasında 36 min 782 nəfər qətlə yetirib, 122 kəndi tamamilə ümumilikdə isə 167 kəndi dağıdıb talan edib. Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.
Məzarlıqdan tapılan qalıqlar da məhz həmin dövrün qurbanlarına aiddir. Kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılsa da, 20 kvadratmetr ərazi beynəlxalq tədqiqat işləri üçün saxlanılmışdır.
Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. 2009-cu ildə ərazidə Quba Soyqırımı Memorial Kompleksi inşa olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0