Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Sədərək" Ticarət Mərkəzində ƏDV niyə geri qaytarılmır? Rəsmi açıqlama

© Sputnik / Irade JELIL"Sədərək" TM
Sədərək TM - Sputnik Azərbaycan, 1920, 27.03.2023
Abunə olmaq
Şahin Məmmədov bildirib ki, qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir.
BAKI, 27 mart — Sputnik. Artıq üç ildən çoxdur ki, ölkədə istehlakçılara aldıqları əksər məhsullara görə ƏDV geri qaytarılır. Bu günlərdə sosial platformada istehlakçılar bəzi ticarət mərkəzlərində, apteklərdə aldıqları mallara görə onlara ƏDV-nin geri qaytarılmadığından şikayətlənirlər. Alıcı Elvin Əhmədov "Sədərək" Ticarət Mərkəzindən 180 manata aldığı blenderə görə ƏDV ödənilmədiyindən şikayətlənib. Onun sözlərinə görə, məhsulu alarkən mağazada kassa qəbzini yoxlasa da, ƏDV-ni geri ala bilməyib. Müştəri bununla bağlı narazılığını ifadə etdikdə, satıcı bildirib ki, o, ƏDV ödəyicisi deyil.
Elvin Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, satıcı ona sadələşdirilmiş vergi ödəyicisi olduğunu, bu səbəbdən də ƏDV ödəmədiyini bildirib.
Qeyd edək ki, sosial platformada bu kimi şikayətlərə tez-tez rast gəlinir. Nuranə Qurbanova adlı alıcı atasına aptekdən 470 manatlıq dərman preparatı alsa da, ƏDV ödənilmədiyini söyləyib. Bu hallara özəl klinikalarda da rast gəlinir.
Sputnik Azərbaycan məsələni araşdırmaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əlaqə saxlayıb. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Şahin Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ƏDV-nin ödənilməsi üçün üç şərt var:
"Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-in bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür".
Ş. Məmmədov həmçinin bildirib ki, satılan mal da ƏDV-ə cəlb olunan mallar siyahısında olmalıdır. Onun sözlərinə görə, "Sədərək" Ticarət Mərkəzindən müştərinin mal aldığı satıcı ƏDV ödəyicisi olmayıb. O, bu kimi məsələlərin apteklərə də aid olduğunu söyləyib. Bildirib ki, sadələşdirilmiş vergi ödəyiciləri ƏDV ödəyicisi olmadıqları üçün satdıqları məhsula görə ƏDV ödənilmir.
Məlumat üçün bildirək ki, ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalı fəaliyyət göstərir. "ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732.105.401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə ötən ilin yanvar-avqust ayları ərzində isə 303.851.384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Xatırladaq ki, bu ildən "ƏDV geri al" layihəsi üzrə faizlər dəyişdirilib. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 20 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizi müştəriyə geri qaytarılır. Beləcə , malları nağdsız alan alıcıya daha çox ƏDV qaytarılır. Malları nağd ödəniş edərək alanlara isə daha az ƏDV geri qaytarılır. Hazırda nağdsız qaydada 100 manatlıq alış-verişə görə, alıcıya 3 manat 5 qəpik qaytarılır. Bu, 77 qəpik artım deməkdir. Bu qərar qüvvəyə minənə qədərisə ƏDV-li 100 manatlıq nağdsız qaydada mallara görə 2 manat 28 qəpik geri qaytarılırdı.
Onu da qeyd edək ki, istehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir. İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır.
Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləği müvəkkil bank tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı"na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.
Xəbər lenti
0