DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və Çin maliyyə sahəsində əməkdaşlığın vacibliyini başa düşürlər

© AP Photo / Mark SchiefelbeinRusiya və Çin bayraqları
Rusiya və Çin bayraqları - Sputnik Azərbaycan, 1920, 27.03.2023
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Tszinpin arasında Moskvada keçirilən danışıqlardan sonra iki birgə bəyanat qəbul edilib.
BAKI, 27 mart — Sputnik. Rusiya və Çin Qərbin bu sahədə müstəqilliyini məhdudlaşdırmaq istəyi fonunda maliyyə sahəsində əməkdaşlığın aktuallığını başa düşürlər. Bu istiqamətdə işlərin intensivləşdirilməsi vəzifələri artıq qarşıya qoyulub.
Bu barədə "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski məlumat verib.
"Müstəqil dövlətlər üçün maliyyə suverenliyi tam iqtisadi inkişafın qarantıdır. Həm Rusiya, həm də Çin yaxşı bilirlər ki, bu sahədə əməkdaşlıq hər iki ölkə üçün çox vacibdir. Xüsusilə müasir reallıqlarda, bir sıra Qərb dövlətləri öz hegemonluqlarını qorumaq məqsədilə maliyyə müstəqilliyimizi məhdudlaşdırmağa, beynəlxalq ticarətin normal fəaliyyət göstərməsinə maneələr yaratmağa çalışırlar", - deyə o, agentliyə müsahibəsində bildirib.
Biriçevski xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Tszinpin arasında Moskvada keçirilən danışıqlardan sonra iki birgə bəyanat: yeni dövrə qədəm qoyan hərtərəfli və strateji əməkdaşlığın dərinləşdirilməsi, həmçinin Rusiya-Çin iqtisadi əməkdaşlığının əsas istiqamətlərinin 2030-cu ilə qədər inkişaf planı haqqında bəyanatlar qəbul edilib.
"Hər iki sənəddə maliyyə sahəsində kooperasiyanın daha da fəallaşdırılması vəzifələri qoyulub. Xüsusilə, mövcud qanunvericilik çərçivəsində iki ölkənin reytinq agentlikləri və sığorta təşkilatlarının qarşılıqlı əlaqələrinin inkişafına, hesablaşmaların fasiləsiz olmasının təmin edilməsinə, ikitərəfli ticarətdə, investisiyalarda, kreditləşmədə və digər ticarət-iqtisadi əməliyyatlarda milli valyutalardan istifadənin genişləndirilməsinə dəstək xüsusi olaraq vurğulanıb", - deyə o, qeyd edib.
Xatırladaq ki, ÇXR sədri Si Cinpin 20-22 mart tarixlərində dövlət səfəri ilə Rusiyada olub. Bu, onun üçüncü müddətə dövlət başçısı vəzifəsinə yenidən seçildikdən sonra xaricə ilk səfəri olub. Bazar ertəsi Çin Xalq Respublikasının sədrinin Rusiya Prezidenti Vladimir Putinlə qeyri-rəsmi görüşü olub, çərşənbə axşamı isə nümayəndə heyətlərinin iştirakı ilə Rusiya-Çin danışıqları keçirilib. Çin liderinin nümayəndə heyətinə digərləri ilə yanaşı, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü Tsay Tsi, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Van İ və Çinin xarici işlər naziri Tsin Qan da daxildir.
Xəbər lenti
0