CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ruhu kitablarla qidalanan qadın - Bir ildə 671 kitab oxuyub - FOTO+VİDEO

© Sputnik / Nigar IskanderovaƏminə İbrahimli
Əminə İbrahimli - Sputnik Azərbaycan, 1920, 27.03.2023
Abunə olmaq
Əminə İbrahimli birinci sinfə gedəndə ilk dərs günündə qəzet oxumaqla hər kəsin təəccübünə səbəb olub.
BAKI, 27 mart — Sputnik. 2019-cu ildən tanınmış kitab mağazalarının birində nəşrlər üzrə yeganə məsləhətçi kimi işə başlayan və hazırda da bu işi təkbaşına görən Ə.İbrahimli sadə fəhlə ailəsində, Göyçay rayonunun Bığır kəndində anadan olub. Hələ uşaq vaxtı kənddə "5 yaşında qəzet oxuyan qız" kimi tanınıb. O vaxtı evlərində işləyən usta balaca qızın fərasətini bütün kəndə yayır. Əminə İbrahimli birinci sinfə gedəndə də müəllimini təəccübləndirməyi bacarıb, ilk dərs günündə qəzet oxumaqla hər kəsin təəccübünə səbəb olub.
Əminə İbrahimlini digərlərindən fərqləndirən əsas üstünlüklərindən biri də sürətli oxu qabiliyyətidir. Ötən bir il ərzində 671 kitab oxuyan həmsöhbətimiz bütün kitabların məzmununu bilir, istənilən bir kitabdan sitat gətirə, sujet xəttini danıışa bilər.
56 yaşlı qadının il ərzində 671 kitabı necə oxuması hər kəs tərəfindən təəccüb və maraqla qarşılanır.
© Sputnik / Nigar IskanderovaƏminə İbrahimli
Əminə İbrahimli - Sputnik Azərbaycan, 1920, 12.03.2023
Əminə İbrahimli
Çörəyi oxumaqdan çıxan, işinin əsas məğzi ən azı gün ərzində səkkiz saat kitab oxumaq olan Əminə İbrahimlinin əsas məsuliyyətlərindən biri kitabların məzmunu ilə tanış olmaq, onları əvvəldən axıradək oxumaq və sonradan buna görə qərar çıxararaq kitabın satışına icazə, yaxud da imtina cavabını verməkdir:
"Bizim bir sənədimiz var, orada kitabın müəllifi, hansı nəşriyyatdan gəlməsi, annotasiyası haqda məlumatlar yer alır. Bu siyahıda oxuduğum kitabların siyahısı da yer alır. Buna əsasən mağazanın PR meneceri ilə ötən il ərzində oxuduğum kitabların sayının 671 olduğunu müəyyənləşdirdik. Amma nə olsun, altı aya bir kitab oxuyan şəxs də özündə güc tapır, sürətli oxumağıma inanmadığını bildirərək məni ittiham edir. Yalan deməyə nə ehtiyac var?!".
Elə kitablar var, Əminə xanım onları birnəfəsə oxuyur: "200 səhifəlik bir kitab çox axıcıdırsa, onu 30-40 dəqiqəyə də oxuya bilirəm. Elə kitablar var ki, sadəcə oxumağa məcburam. Həmişə iş yoldaşlarım da bilir ki, bir kitabı oxuyarkən daha çox yerimdən durub çay götürürəmsə, deməli, bir qədər sıxılıram".
Ə.İbrahimli sürətli oxu ilə bağlı kursa getməyib: "Uşaqlıqdan çox sürətlə oxumuşam, camaat bir kitabı bir həftəyə oxuyanda mən onu bir günə oxuyub bitirmişəm".
Gündəlik oxunan kitab sayına gəldikdə isə, həmsöhbətimiz deyir ki, bu səhifələrdən daha çox asılıdır. Elə kitab var 30, eləsi də var 200 səhifədən ibarət olur. Bəzən günə 7 kitab da oxuya bilir. Həmsöhbətimizin işi çox gərgindir:
"Hər gün evə başağrı ilə gedirəm. Elə olur ki, bəzi kitabları oxumaq üçün evə də aparıram. Ruhumu kitablarla qidalandırıram, bundan zövq alıram".
İşinin məsuliyyəti çox böyük olduğundan, bütün cümlələrə, məzmuna fikir verir, bəzən lazım olan müəyyən faktları, rəqəmləri araşdırır.
"Bütün kiitabları tam oxuyuram. Bəzən kitablarda müəyyən radikal məzmunlar da olur. Bəzən dövlətçilik əleyhinə, bəzən də ermənipərəst mövqe aşkarlayıram. Konseptimizə uyğun olmayan kitabların satışına razılıq vermirəm. Məsələn, uşaqlar üçün Şuşa haqqında bir nağıl yazılmışdı və burada çox böyük səhvlərə yol verilmişdi. Ağabəyim ağa Xurşudbanu Natəvanın bibisi olduğu halda nağılda xalası kimi təqdim edilmişdi. Məzmundan belə başa düşülürdü ki, bizdə xanlıq ana xətti ilə gedir. Nəticədə tarixi məlumatlar təhrif edilir. Xurşudbanu Natəvan çox xeyirxah insan olub, insanlara əl tutub, su çəkib. Lakin nağılda yazılır ki, guya onlar çox miskin vəziyyətə düşüblər, onun oğlu su satıb, anasının sandığından oğurluq edib, ermənidən tarix kitabı alıb. Bütün bunlarla bağlı əsaslandırılmış şəkildə iradları bildirdikdə müəllifə xoş gəlmədi, bir qədər acığa düşdü. Həmin kitab təzədən işlənildi, səhvlər düzəldikdən sonra biz artıq satışa razılıq verdik. Nələrisə əlaqələndirib kitab, nağıl yazanda milli-mənəvi dəyərləri unutmaq olmaz", - deyə həmsöhbətimiz bildirir.
Ə.İbrahimli deyir ki, bəzən kitabların məzmununda qadınlar haqqında qəribə ifadələrlə rastlaşır. Yaxud, elə kitablar olur ki, 3 il əvvəl çap olunub, amma oradakı səhvi kimsə görməyib:
"Məsələn, Qarabağdan köç edib gələn insanların sayı ilə bağlı bir kitabda rəqəmlər səhv qeyd olunmuşdu. Amma hansısa kitaba imtina cavabı verəndə yuxum qaçır, elə olur ki, bir həftə kitabın mənfi tərəfləri ilə yanaşı müsbət tərəflərini də düşünürəm".
Həmsöhbətimiz bəzən dini ayrı-seeçkiliyi yayan kitablara rast gəldiyini, onların satışından imtina edildiyini bildirib.
Əminə xanım özü üçün kəşf etdiyi yerli yazarlar haqda da danışıb. Onların sırasında psixoloji-dedektiv əsər olan “Dr.Səid -İkinci ruhun kölgəsi”nin müəllifi Vüsal Aydın, Sabiq polkovnik-leytenant, hazırda dedektiv əsərlər yazan Elbrus Kəlbiyev də var:
"Əsərlərini bəyəndiyim müəlliflərdən biri sabiq xüsusi təyinatlı gizir, qazi, görmə məhdudiyyətli yazıçı Zaur Bayramoğludur. O, dünyanın ən ağır kəllə-beyin travmalı qazi-yazarı hesab edilir. Bir çox döyüş və kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirən gizir Zaur Muradov 2001-ci ildə vəzifə borcunu yerinə yetirərkən minaya düşərək gözlərini itirib və altı barmağı üç hissədən amputasiya olunub. Ağır kəllə-beyin kontuziyalı, beyni qəlpələrlə dolu, sol əlinin iki barmağı ilə yazan Zaur Bayramoğlu “Döyüşlə kəşfiyyat” (2020), “Öz üzərində qələbə” (2020), “Adını sən qoy” (Bakı, 2021, mart) kitablarının müəllifidir".
O, “Döyüşlə kəşfiyyat” və “Öz üzərində qələbə” kitablarını bir neçə tanınmış kitab mağazalarına apardıqda, onların satışından imtina edilib:
"Bizə müraciət edəndə iki nəşriyyatdan rədd cavabı almışdı. Sonradan mənə dedi ki, bizdən də yox cavabı alsaydı, kitablarını yandıracaqdı. O hadisələrin içində olduğundan əsərləri çox təsirli idi. Müəllif əsərlərində çox maraqlı araşdırmalara da yer vermişdi. Hazırda da İkinci Vətən Müharibəsi haqda trilogiya yazır".
Xəbər lenti
0