Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Retro musiqilərimizlə dünya musiqisi bir arada - onlara yeni nəfəs verilir - Video

© SputnikMəhəmməd Mirzəzadə (Maho)
Məhəmməd Mirzəzadə (Maho)  - Sputnik Azərbaycan, 1920, 26.03.2023
Abunə olmaq
Həmsöhbətimiz 7 ildir ki, dünya musiqisi ilə Azərbaycan ın retro musiqilərini miks edir.
BAKI, 26 mart — Sputnik. Məhəmməd Mirzəzadə uzun illərdir ki, musiqi sənəti ilə məşğuldur. “Maho” ləqəbi ilə tanınan Məhəmməd xarici və yerli müğənnilərimizin mahnılarını miks edir. Digər həmkarlarından fərqli olaraq Məhəmməd daha çox klassik mahnılarımıza üstünlük verir. 2016-cı ildən bu işlə məşğul olan Məhəmmədlə elə öz studiyasında həmsöhbət olduq.
Dediyinə görə, atası Məhəmməddə musiqiyə olan marağı gördüyünə görə onu Lənkəran şəhərində musiqi məktəbinə qoyub:
“İbtidai sinifdə oxuyan vaxtlarda dayımdan diskləri alırdım, oturub ancaq klassik musiqi əsərlərini dinləyirdim. Yaşım az olsa da, klassik musiqiyə heyran idim. Atam məni musiqi məktəbinə qoydu, amma 6-cı sinifdə tərk etdim. Çünki, Lənkəran rayon Humanitar kollecinin musiqi şöbəsinin müdiri məni gördü, dedi ki, bu uşaq təcili bizə gəlməlidir. 6-cı sinifdən kollecə daxil oldum. Orada da işim ancaq piano idi. Məni məcburən başqa dərslərə salmaq istəsələr də, hər dəfə pianonun yanında tapırdılar. Kolleci bitirdikdən sonra universitetə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin piano fakültəsinə qəbul olundum. Müəllimim Oqtay Kazıminin oğlu Rəşad Kazımov idi".
Məhəmməd vaxtilə ANS telekanalında yayımlanan “Bizimkilər” layihəsindən bəhrələndiyini deyir: “O vaxt ANS-də “Bizimkilər” layihəsində Ənvər Sadıqovu izləmişdim. Musiqi sintezinə valeh olmuşdum. Qarşıma məqsəd qoydum ki, nə vaxtsa mən də mikslər edəcəyəm. Hər şeyi öz-özümə öyrəndim. 2016-cı ildən bəri bir vaxt xəyal etdiyimi reallaşdırıram. İndi insanlar mənə yazırlar ki, nəhayət ki, babamla ortaq dinlədiyimiz musiqi var. Çünki, yaşlı insanlar klassik musiqi sevir, gənclər müasir musiqi. İkisini bir araya gətirəndə daha maraqlı olur”.
Maho vurğulayır ki, Azərbaycan musiqisi ilə dünya musiqisini miks etmək o qədər də asan deyil: "Çünki, xarici musiqilər 4 akkordun üzərində qurulur. Azərbaycan musiqisi isə 10-12 akkordun üzərində yazılır. Bu baxımdan musiqimiz olduqca zəngindir. Təəssüf ki, bu gün hər yerindən duran DJ-lik edir. 3-4 mahnını bir-birinə calayırlar, bu da olur "remix". Miks etmək üçün gərək uyğunluğu tapasan. Ona görə də həmkarlarıma tövsiyyə edirəm ki, öncə musiqini dərindən öyrənsinlər, sonra bu işlə məşğul olsunlar".
Məhəmmədi işinə görə tərifləyənlər də olur, tənqid edənlər də. Amma əsasən xoş sözlər eşitdiyini bildirir. Onun sözlərinə görə, xarici izləyiciləri də az deyil. Xaricilər həmin mikslər vasitəsi ilə Azərbaycan mahnıları ilə tanış olurlar:
"Məni xaricdən də dinləyirlər. Məsələn, Şövkət Ələkbərovanın bütün mahnılarını "remix" etmişəm. Xarici dinləyicilər Şövkət xanımın mahnısının əslini istəyirlər. Bu mikslər retro musiqilərlə müasir musiqilərin vəhdəti olur. Amma qəbul etməyənlər də olur. Bir bəstəkarın mahnısını miks etmişdim, dinləyənlərin də xoşuna gəlmişdi. Adını çəkmək istəmədiyim həmin bəstəkarın işlədiyi şirkət zəng edib dedi ki, o mahnını sil. Mən də sildim. Bu bizim ən böyük problemimizdir. Sovet dönəmində təhsil alan insanlarda qəribə bir qəddarlıq var. Onlar qorxurlar ki, onlardan sonra gələnlər onları keçər".
Azərbaycan musiqisinin bugünki vəziyyətinin acınacaqlı olduğunu dilə gətirən Məhəmməd bildirir ki, son illər keyfiyyətli musiqi bəstələrinə çox az rast gəlinir: “Bu gün musiqimizin səviyyəsi çox aşağı enib. Ona görə də müğənnilərimiz məcburdurlar ki, köhnə mahnılarına qayıtsınlar. Axı neyləsinlər? İndi kimi dindirirsən, özünü musiqiçi adlandırır. Olmaz belə, Qara Qarayev, Fikrət Əmirov, Üzeyir Hacıbəyov illərini bu sənətə həsr ediblər. Bir-iki kompüter proqramını bilməklə özünü bəstəkar hesab etmək olmaz. Mən müğənnilərimizi qınamıram. Onlar neyləsinlər, axı keyfiyyətli mahnılar artıq yaranmır”
Xəbər lenti
0