CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəlzələlər vulkanları "oyada" bilər, ətrafdakı evlər təhlükədədir

© Official website of President of Azerbaijan RepublicQobustanda palçıq vulkanı
Qobustanda palçıq vulkanı - Sputnik Azərbaycan, 1920, 25.03.2023
Abunə olmaq
Qurban Yetirmişli bildirdi ki, zəlzələlərlə vulkanlar arasında əlaqənin olması vulkanların aktivliyini artıra bilər.
BAKI, 25 mart — Sputnik. Ötən gün Azərbaycanın iki rayonunda - Şəmkir və İsmayıllıda zəlzələ qeydə alınıb. Ümumilikdə isə son dövrlərdə Azərbaycanın müxtəlif ərazilərində qabarıq tektonik proseslər müşahidə edilir. Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra vulkanların da aktivləşməsi ilə bağlı məlumatlar dolaşır.
Bu günlərdə Bakı Dövlət Universitetində "Azərbaycanın müasir seysmogeodinamik vəziyyəti" mövzusunda keçirilən görüş zamanı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, vulkan ətrafında evlərin inşa olunmasının qarşısı alınmalıdır:
"Bu təhlükəlidir. Vulkanik yerlərdə yaşayış evləri, ictimai-iaşə obyektləri tikiblər. Bu, yolverilməzdir".
Q.Yetirmişlinin sözlərinə görə, həmin ərazilərdə vulkan püskürməsi olarsa, ciddi tələfat baş verə bilər.
Bəs görəsən son zamanlar tez-tez baş verən zəlzələlər vulkanları aktivləşdirə bilərmi?
Zəlzələlərlə vulkanlar arasında əlaqə var?
Qurban Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, zəlzələlərlə vulkanlar arasında sıx əlaqə var. Onun sözlərinə görə, bu elmi cəhətdən də sübuta yetirilib. Odur ki, vulkanların ətrafında evlərin tikilməsinə icazə verilməməlidir:
"Azərbaycanda vulkanlar çoxdur. Vulkanlar bir qoruq kimi qorunmalıdır. Zəlzələ baş verməsə belə, vulkanlar özləri də təhlükəlidir. Vulkanın nə vaxt püskürəcəyi bəlli deyil. Onu əvvəldən söyləmək olmaz. Amma zəlzələlərlə vulkanlar arasında əlaqənin olması vulkanların aktivliyini artıra bilər. Əgər vulkan püskürsə, onun ətrafında tikilən evlərin hamısı palçığın altında qalacaq".
Türkiyədə baş verən zəlzələ Azərbaycanda vulkanlara təsir etməyəcək!
Milli Elmlər Akademiyasının Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, zəlzələlərin baş verməsindən sonra vulkanların da aktivləşəcəyi barədə fikirlər doğru deyil. O, Türkiyədə baş verən zəlzələlər fonunda Azərbaycanda vulkanların aktivləşəcəyinin gözlənilmədiyini söyləyib.
Bununla belə, o da qeyd edib ki, zələzələr baş verməsə belə, vulkanların ətrafında ev, obyekt inşa etmək olmaz:
"Türkiyədə baş verən zəlzələ bizdə vulkanları aktivləşdirə bilməz. Amma vulkanları qorumaq lazımdır. Buna görə vulkanların yerləşdikləri ərazilər qoruq elan olunub. Vulkanların ətrafında ev tikmək düzgün deyil. Bunu dayandırmaq, belə halların qarşısını almaq lazımdır".
Vulkanlar ətrafında evlərin tikilməsi yolverilməzdir
Şöbə müdiri bildirib ki, Abşeron yarımadasında iki aktiv palçıq vulkanı var. Onlardan biri Qobustan, digəri isə Keyrəki palçıq vulkanıdır.
"Keyrəki palçıq vulkanı aktiv vulkanlardandır. Buna baxmayaraq, onun ətrafında insanlar yaşayış məskəni salıblar. Hazırda o ərazidə minlərlə insan yaşayır. Vulkan püskürəndə palçıq kütləsi ətrafa yayılır. Bu baxımdan, insanların, evlərin palçıq altında qalma riski böyükdür. Belə aktiv vulkanların ətrafında yaşayışa icazənin verilməsi, evlərin tikilməsi yolverilməzdir!", - şöbə müdiri əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 12322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilib.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycanda Salyan rayonu Daşlı adasında, palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Bundan əvvəl isə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində palçıq vulkanı püskürüb.
Azərbaycan palçıq vulkanlarının sayına görə, dünyada liderldir. Dünyada olan 2503 palçıq vulkanının 350-si Azərbaycanda, onlardan da 42-si Abşeron yarımadasındadır.
Xəbər lenti
0