SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası cəhdlərinin heç bir nəticəsi olmayacaq - XİN

© Photo : MFA AzerbaijanXarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə, arxiv şəkli
Xarici İşlər Nazirliyinin mətbuat katibi  Ayxan Hacızadə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.03.2023
Abunə olmaq
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Misirin “AlQahera” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirləri şərh edib.
BAKI, 25 mart - Sputnik. Ararat Mirzoyanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların mahiyyətini təhrif etməsi və beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq cəhdi tamamilə qəbuledilməzdir. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Misirin “AlQahera” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirlərnə münasibət vbildirərkən deyib.

"Ermənistan nazirinin bu açıqlamaları növbəti dəfə Ermənistanın sülh sazişi üzrə danışıqlarda nə dərəcədə manipulyasiyalara yol verdiyinin və prosesə qeyri-ciddi yanaşmasının bariz nümunəsidir", - deyə diplomat bildirib.

Onun sözlərinə görə, sülh sazişi üzrə danışıqların tərəflər arasında razılaşdırılmış formatına və bu danışıqlarda müəyyən qaydalara əməl etməyə dair razılıqlara baxmayaraq, Ermənistan tərəfi dekabr ayında danışıqların növbəti raundunu boykot edib və danışıqları pozub.
"Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb. Digər tərəfdən, Ermənistan tərəfi sülh sazişi layihəsinə təklif etdikləri bəzi elementləri kontekstdən çıxarmaqla şərh edir və ictimaiyyət arasında yanlış rəy formalaşdırır. Bu yanaşma prosesə heç bir müsbət töhfə vermir, əksinə sülh sazişi üzrə danışıqlara maneçilik törətmək məqsədi daşıyır".
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin “hüquq və təhlükəsizliyi üçün beynəlxalq mexanizm” ilə bağlı Ermənistan xarici işlər nazirinin iddialarına gəldikdə, A.Hacızadə vurğulayıb ki, bu məsələdə Azərbaycanın mövqeyi Ermənistana məlumdur.

"Bu barədə müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq".

Diplomat bildirib ki, Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, bölgədə yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək.

"Azərbaycan tərəfi bu istiqamətdə erməni sakinlərlə dialoq aparılmasında qərarlıdır və bu məsələdə kənar müdaxilələrin qarşısı alınacaq. Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətdə növbəti görüşün Bakıda keçirilməsi barədə təklif irəli sürüb və Ermənistan bu istiqamətdə Azərbaycanın fəaliyyətinə mane olmamalıdır".

Sonda diplomat bir daha, Ermənistan tərəfini sülh sazişi üzrə danışıqlar masasına qayıtmağa və bu istiqamətdə ciddi iş aparmağa çağırıb.

"Azərbaycan sülh sazişi üzrə danışıqlarda dərhal iştirak etməyə hazırdır", - deyə XİN rəsmisi fikrini tamamlayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0