CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sovet dövründə Novruz bayramı niyə qadağan edilib?

© Photo : AZERTAGBakıda Novruz karvanı
Bakıda Novruz karvanı - Sputnik Azərbaycan, 1920, 21.03.2023
Abunə olmaq
Etnoqraf bildirir ki, Sovet dönəmində Novruz bayramının qeyd olunmasına qarşı çıxsalar da, insanlar bu bayramı gizli qeyd edir, ənənələri yaşatmaq üçün mücadilə aparırdılar.
BAKI, 21 mart — Sputnik. Sovet dövründə Azərbaycanın bir sıra dini və milli bayramları qeyd etməsi, adət-ənənələrini yerinə yetirməsi qadağan olunub. Lakin, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Sovet dövrünün bütün qadağaları ləğv edilib. Azərbaycan xalqı 70 illik sovet rejimindən sonra öz dini və milli bayramlarını sərbəst, rahat və azad şəkildə keçirməyə başlayıb.
Ömrü cəmi 17 ay olmuş Azərbaycan Xalq Cümhuriyyətində Novruz bayramı iki dəfə - 1919-1920-ci illərdə rəsmən təntənə ilə qeyd olunub. 1920-ci illərə qədər Novruz bayramı xalq tərəfindən təntənəli qeyd olunurdu. Çar hökuməti bu bayrama diqqət yetirməsə də, Tağıyev, Nağıyev, Əsədullayev kimi milyonçular Bakı əhalisinin Novruzu təmtəraqla qeyd etməsinə yardım göstərirdilər.
Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində də Novruz bayramı əvvəlki kimi qeyd olunurdu. Novruzda tətillər başlanır, şagirdlərin bayram nümayişləri, tamaşa və konsertlər təşkil edilir, imkansız əhaliyə ərzaq paylanırdı.
1929-cu ildə Novruz dövlət bayramlarının siyahısından çıxarılıb. Bundan sonra "Mübariz allahsızlar ittifaqı" deyilən təşkilat bayram günlərində küçə-küçə, ev-ev gəzir, bayramı qeyd edən, evində səməni yetişdirən, tonqal üstündən atılan kommunist və komsomolçuları cəzalandırırdılar. Nəhayət 1937-ci ildə, SSRİ Konstitusiyasının qəbulu ilə bütün dini və milli bayramlar qadağan edilib. Amma hətta o ağır repressiya illərində də adamlar Novruzu əziz bayram kimi qeyd etməkdə davam edirdilər. Bu rəsmi qadağan 20 il qüvvədə olub.
Lakin 1953-cü ildə Stalinin ölümündən sonra bütün milli bayramlara "qeyri-rəsmi" icazə verilib. Daha doğrusu, həmin vaxtdan bəri adamlar Novruzu ailə çevrəsində keçirə bilərdilər. SSRİ-də Nikita Xruşşovun hakimiyyətə gəlməsi ilə Stalin repressiyaları pislənib və bu müddətdə sovet xalqlarının bir növ milli dirçəlişi başlanıb. Başqa xalqlarla yanaşı, rus xalqı da milli oyanış yaşayırdı və rus xalqı özünün ənənələrini dirçəltmək üçün "qardaş xalqlara" da öz bayramlarını qeyd etmək icazəsi verirdi. 1966-cı ilin 6 martında Rusiya çarının devrilməsindən bəri xristianların Maslennitsa - Qışın yola salınması bayramı ilk dəfə olaraq qeyd olunub.
Elə həmin ilin martında Moskva Novruzun da qeyd olunmasına adının çəkilməməsi şərti ilə icazə verib. Bu bayram Sovet mətbuatında "Bahar bayramı" kimi rəsmiləşdirilib. Adı Novruz olmasa da, Bahar bayramında Novruzun bütün ayinləri yer alıb.1985-ci ildən sonra hətta kommunist və sovet qəzetləri də martın 21-də rəngli çıxır, ən başlıcası daha "bahar bayramından" yox, Novruzdan söz açılırdı.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Faziloğlu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Novruzun yaranma tarixindən, Sovet dönəmində bu bayramın qeyd olunmasına qoyulan qadağanın səbəblərindən danışıb.
Tarixçi bildirib ki, Novruz bayramı islahatlardan keçib. Onun sözlərinə görə, cəmiyyətdə belə bir fikir var ki, bu bayram sistemsizdir. Hərə öz istədiyi kimi qeyd edir. Amma bu, belə deyil:
"Novruz dövlətçiliklə sıx bağlı olan bayramdır. Böyük Səlcuqlu Dövlətinin sultanı I Məlikşahın dövründə (1072–1092) rəsədxana yaradılıb. Rəsədxananın da rəhbəri Nizamülmülk olub. Həmin rəsədxanaya dövrün ən məşhur münəccimləri cəlb olunurdu. Onların apardıqları araşdırmalar nəticəsində bir qərara gəlirdilər. Ona qədər Novruz bayramının adı da fərqli idi. Ona qədər gecə və gündüzün bərabərləşməsi hut (balıq) bürcündə qeyd olunurdu. Rəsədxanada aparılan hesablamalardan sonra gecə-gündüzün bərabərləşməsi qoç bürcündə qeyd olnumağa başladı. Novruz adı da həmin dövrdə yaranıb".
Etnoqraf vurğulayır ki, bəzən Novruz sözünü farsların adı ilə bağlayırlar. Ancaq Novruz türk hökmdarı Məlikşahın dövründə aparılmış islahatların nəticəsi idi:
"Həmin tarix "Cəlali-təqvimiyyə" adı ilə tarixdə qalıb. Bütün vergi sənədləri Novruzda təzələnirdi. Müharibə-barış qərarları Novruzda verilirdi. Yəni, Novruz bayramı dövlətçiliklə bağlı bayram idi. Məhz buna görə də Sovet dövründə Novruz bayramını sıradan çıxarmağa başladılar. Ona görə yox ki o bizim milli bayramımız idi. Çünki, Novruz Orta əsr dövlətçiliyi ilə bağlı olan bayramdır. Novruz bayramını qadağan etməklə qədim dövlətçilik ənənəsini sıradan çıxarmağa çalışırdılar. Yəni, Novruz bayramı adi təqvim dəyişilməsi deyildi. Məhz ona görə də Sovet dönəmində sıradan çıxarılmağa başladı".
B.Faziloğlu vurğulayıb ki, bütün məhdudiyyətlərə baxmayaraq, insanlar bu bayramı qeyd edirdilər:
"Baxmayaraq ki qadağalar var idi, insanlar onu qeyd etmək üçün mücadilə aparırdı. O dönəmlərdə insanlar Novruz ənənlərini daha yaxşı qorumağa çalışırdılar. Həm filmlərdə, həm bədii ədəbiyyatda Novruz bayramı daha çox təsvir olunur. Bu gün müstəqil olsaq da zaman keçdikcə, bayram ənənələri unudulur, yaddan çıxır".
Qeyd edək ki, 1967-ci ildə Azərbaycan KP MK katibi Şıxəli Qurbanovun təşəbbüsü ilə respublikada Novruz bayramının "Bahar bayramı" adı ilə Bakıda rəsmi qeyd olunmasına icazə verilir. Qız qalasının ətrafı Novruz bayramının qeydolunma mərkəzinə çevrilir. Aktyorlar Fərəc Nağıyev və Əlimran Şirvanski Kosa və Keçəl, Safurə İbrahimova isə Bahar qızı obrazlarını yaradır. Bu, 1928-ci ildən sonra Bakıda keçirilən ilk böyük Novruz şənliyi idi.
1970-ci illərdə SSRİ hökuməti Novruzda kütləvi tədbirlərin keçirilməsinə icazə verməsə də, hər il martın 21-də qəzetlər bayram təbrikləri ilə nəşr olunur, televiziyada bayrama uyğun proqram qurulurdu. 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə edən Azərbaycan Novruzu rəsmi bayram elan etdi. Müstəqillik illərində Novruz əvvəlki kimi geniş qeyd olunmağa başladı. 2000-ci illərin əvvəllərindən isə Novruz bayramında tam 10 gün iş günü sayılmır. 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.
Xəbər lenti
0