CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Novruz bayramında necə qidalanmalı? Mütəxəssislər xəbərdarlıq edir!

© Sputnik / Ilham MustafayevPaxlava
Paxlava - Sputnik Azərbaycan, 1920, 21.03.2023
Abunə olmaq
Mütəxəssis bildirir ki, kalorili qidaların qəbul edilməsi təkcə həzmdə, mədə-bağırsaq sistemində problemlərin yaranmasına yox, həm də təzyiqin yüksəlməsinə, şəkərin qalxmasına, hətta qaraciyər xəstəliklərinə də gətirib çıxarır.
BAKI, 21 mart — Sputnik. Səhiyyə Nazirliyi bayram günlərində düzgün qidalanma ilə bağlı əhaliyə müraciət edib. Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, qastroenteroloq Emin Məmmədov sağlam qidalanmanın insanların həyat tərzinə çevrilməsinin vacib olduğunu söyləyib.
Paxlava və şəkərburanı nə qədər saxlamaq olar?
Onun sözlərinə görə, insanlar bayram günlərində özlərinə nəzarət edə bilmir və qida rejimi pozulur. Qidalanmanın düzgünlüyü hər kəs üçün individualdır. Hamı üçün eyni sxem yoxdur.
"Novruz bayramı ərəfəsində hazırlanan şirniyyatlar şəkərlə zəngindir. Şəkərlə zəngin olan qidaların saxlanma müddəti uzun ola bilər, amma düzgün şəraitdə saxlanmalıdır. Qidalar düzgün istifadə olunmalıdır. Bayram süfrəsindəki balıq məhsulları həmin gün istifadə olunmalıdır. Tez xarab olan məhsulların 4-6 saat ərzində qəbulu tövsiyə olunur. Əgər insanlar zəhərlənmədən şübhələnərsə, evdə müalicədən qaçmalı, mütləq həkimə müraciət etməlidir", - ekspert deyib.
Kalorili qidaları eyni vaxtda yeməyin!
Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bayram günlərində mədədə ağır yüklənmə baş verməsin deyə, yüksək kalorili qidaları eyni vaxtda qəbul etmək məsləhət görülmür. Onun sözlərinə görə, kalorili qidaların qəbul edilməsi təkcə həzmdə, mədə-bağırsaq sistemində problemlərin yaranmasına yox, həm də təzyiqin yüksəlməsinə, şəkərin qalxmasına, hətta qaraciyər xəstəliklərinə də gətirib çıxarır. Mütəxəssis bildirir ki, ona görə də hər kəs özünün həkimi olmalı, yağlı-zülallı yeməklərin qəbulunda ehtiyatlı olmalı və nisbətən yüngül yeməklərə üstünlük verməlidir. Əks halda qısa müddət kəsiyində orqanizmində çox böyük şəkər yüklənməsi baş verir.
"İnsanlar bəzən düşünür ki, bayram günlərində bir-iki kiloqram artıq çəki alsalar da, sonradan əvvəlki çəkilərini bərpa edə biləcəklər. Lakin məsələ bunda deyil, artıq çəkidən hansısa şəkildə azad olmaq olur. Amma yüksək miqdarda şəkərin birdən-birə orqanizmə daxil olması yaxşı hal deyil. Ona görə də süfrənin üzərindəkilərə mütləq diqqət yetirməliyik. Ən kalorili yeməkləri eyni gündə orqanizmimizə daxil etməməliyik".
Həkimin sözlərinə görə, məsələn, eyni vaxtda həm plov, həm də şirniyyatları qəbul etmək olmaz. Çünki mədədə ağır yüklənmə yaranır.
"Yaxşı olar ki, şirniyyatlardan istifadə edəcəyimiz gün, qızardılmış deyil, suda qaynadılmış ət məhsullarına üstünlük verək. Və ya kabablardan, yağ əlavə edilmədən bişirilən ətlərdən qəbul edə bilərik", - deyə İ.Əhmədov əlavə edib.
AQTA-dan isə bildiriblər ki, bayram ərəfəsində qidalanmaya xüsusi diqqət edilməlidir. Bayram günlərində qidalanmada yol verdiyimiz bəzi səhvlər ciddi fəsadlara səbəb ola bilər.
Az-az, tez-tez qidalanmalıyıq
"Bayram günlərində ilk növbədə qidalanmanın optimal rejiminə əməl etmək lazımdır. Belə ki, gün ərzində 2-3 saatdan bir müəyyən miqdarda qida qəbul etmək məsləhətdir. Bu, toxluğa səbəb olaraq normadan artıq qida qəbulunun da qarşısını alacaq", - AQTA-nın press-relizində deyilir.
Orada qeyd olunur ki, yeməklərin və digər qidaların istifadəsi balanslaşdırılmalıdır. Qidaları qarışdırmamaq və müəyyən həddin gözlənməsi vacib şərtdir.
"Həddindən artıq yemək mədə-bağırsaq sistemi üçün problemlər yaradır. Düzgün qidalanmanın vacib şərtlərindən biri asta-asta yeməkdir. Çünki doyma siqnalı beyinə 20 dəqiqə ərzində çatır. Asta-asta qidalanma qısa müddətdə doyma hissinin yaranmasına səbəb olur ki, bu da həddindən artıq yeməyin qarşısını almış olur", - qurum bildirib.
Xəbər lenti
0