CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənədsiz ev və obyektlər nə vaxt sənədləşdiriləcək? Qanunlara dəyişikliklər gözlənilir

© Official website of President of Azerbaijan RepublicYaşayış kompleksinin tikinitisi, arxiv şəkli
Yaşayış kompleksinin tikinitisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.03.2023
Abunə olmaq
Elnur Fərzəliyev bildirib ki, torpaqların təyinatı normativlərə uyğun tikilmiş tikilələrə də çıxarış almağa mane olur.
BAKI, 19 mart — Sputnik. Sənədsiz evlərin sənədləşdirilməsi bu gün Milli Məclisdə yenidən gündəmə gətirilib. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib ki, qanunsuz inşa olunan fərdi yaşayış evlərinin sənədləşdirilməsi məsələsi "daşa" dirənib. Onun sözlərinə görə, belə evlərin sayı 500 mindən artıqdır. Deputat bildirib ki, neçə illərdir bu məsələ Milli Məclisdə qaldırılır, hökumət qərarları verilib, amma problem ölü nöqtədən tərpənmir.
Deputat sənədsiz evlər üçün baş nazirə səsləndi
"Problemin vaxtında və əsaslı həll edilməməsi yeni problemlər yaratmaqdadır. Sənədsiz evlər sənədsiz məhəllələrə, sənədsiz məhəllələr sənədsiz qəsəbələrə çevrilməkdədir. Bu ərazilərdə yaşayan on minlərlə insanın qazlaşdırma, su-kanalizasiya, uşaq bağçası, məktəb, xəstəxana, aptek, ictimai nəqliyyat və s. ehtiyacları qarşılana bilmir. Qeydiyyatda olmadıqlarına görə bu vətəndaşlar seçki hüquqlarından istifadə edə bilmirlər. Çox hörmətli cənab baş nazir! Sizdən xahiş edirəm, bu məsələnin qısa zamanda həlli üçün tapşırıq verəsiniz və prosesi nəzarətinizə götürəsiniz" deyə deputat bildirib.
40 mindən çox obyektin sahibinə müjdə
Qeyd edək ki, bu günlərdə Milli Məclisdə "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nə dəyişikliklərin müzakirəsi də sənədsiz qeyri-yaşayış obyektlərinin sənədləşdiriləcəyinə yenidən ümid yaradıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib ki, dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələrinin çıxarış (kupça) ilə təmin ediləcək.
"Bu o deməkdir ki, hətta əvvəllər hansı ildə inşa ediıməsindən asılı olmayaraq tikintisi sözügedən Məcəllənin tələblərinə uyğun aparılmayan amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək. İlkin qiymətləndirmələrə görə bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək" deyə deputat bildirib.
Onun sözlərinə görə, digər dəyişikliklər ilə istismar proseduralarının daha da sadələşdirilməsi və elektronlaşması nəzərdə tutulur: "Bu baxımdan, dəyişikliklər daşınmaz əmlak sektorunda şəffaflığın daha da artmasına və sənədləşmənin sürətlənməsinə xidmət edəcək. Müzakirələrdə dəyişikliklərin mütərəqqi olması qeyd olunmaqla yanaşı növbəti mərhələdə 500 mindən çox sənədsiz fərdi evlərin də qeydiyyatı ilə bağlı işlərin daha da sürətləndirilməsinin vacbliyi qeyd olundu. İnanırıq ki, növbəti mərhələdə çıxarışların verilməsinin sadələşdirilməsi bu evləri də əhatə edəcək".
Sənədsiz ev və obyektlərlə bağlı məsələnin Milli Məclis tribunasından səslənməsi indiyədək sənədsiz ev və obyekti olanlarda əmlaklarına sənəd alacaqlarına ümid yaradıb.
Ekspert rəyi
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda 40 min qeyri-yaşayış obyekti digər təyinatlı torpaqlarda tikildiyindən onlara çıxarış verilməsi mümkün deyil. Həmsöhbətimiz bildirib ki, bunun üçün həmin obyektlərin yerləşdikləri ərazilərdə torpaqların təyinatı dəyişdirilməlidir.
E. Fərzəliyev eyni problemin yaşayış evlərində də olduğunu söyləyib. Onun sözlərinə görə, hazırda kənd təsərrüfatlı təyinatlı torpaqlarda inşa edilmiş evlərə də "kupça" almaq mümkün deyil. Çünki, həmin torpağın təyinatı onun üzərində yaşayış məqsədilə fərdi ev tikməyə imkan vermir.
Ekspert bildirib ki, bunun üçün icra mexanizmi qurulmalı, normativlərə uyğun inşa edilmiş qeyri-yaşayış və fərdi evlərə çıxarış verilməlidir: "Bakıda və Bakı ətrafında inşa edilmiş obyektlər illərdir ki, fəaliyyət göstərir. Onların mütləq əksəriyyəti vergi ödəyicisi kimi qeydiyyata da düşüb. Onlar qeyri-yaşayış obyekti kimi kommunal xərclərə daha çox rüsum ödəyirlər. Amma hələ də obyektlərinə çıxarış ala bilməyiblər. Bu problem aradan qaldırılmalıdır".
E. Fərəzliyevin sözlərinə görə, kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunmuş qanunusuz tikililərdən başqa normativlərə uyğun inşa edilmiş fərdi evlər də sənədləşdirilməlidir.
Həmsöhbətimiz bildirir ki, Bələdiyyə qanunvericiliyinə görə, vətəndaş bələdiyyə torpağında 5 ildən artıq yaşayırsa, onun icarə müaqviləsinin rəsmiləşməsinə, yaxud özəlləşməsinə şərait yaradılmalıdır. Ekspert hazırda bələdiyyə torpaqları üzərində inşa olunmuş evlərə görə büdcənin küllü məbləğdə vəsait itirdiyini söyləyir.
Bu il sənədsiz evlərlə bağlı bir sıra işlər görüləcək
2023-cü il sənədsiz ev və obyektlərin sənədləşdirilməsi üçün düşərli ola bilər. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov mətbuata açıqlamasında bildirib kİ, Azərbaycanda qanunsuz tikilmiş 450 min sənədsiz evlə bağlı qanun layihəsinin və digər normativ sənədlərin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulub.
"İndiyə qədər qeydiyyatdan keçməmiş daşınmaz əmlakların "bir pəncərə" prinsipi ilə tam elektron şəkildə qeydiyyata alınması üçün lazımi sistemin yaradılmasını , prosesin elektron portal vasitəsilə reallaşdırılmasını nəzərdə tuturuq", - deyə E.Məmmədov qeyd edib.
O, bildirib kİ, ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq 100 minlərlə mənzilin inventarlaşdırılması yekunlaşıb.
Elşad Məmmədov vurğulayıb ki, sənədiz evlərin inventarlaşdırması ilə yanaşı, planlama işləri də həyata keçirilir.
Qurum səlahiyyətlisi deyib ki, inventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Bu sahə üzrə qanunvericilikdə dəyişiklərlə bağlı aidiyyəti qurumlara təqdim olunması üçün təkliflər hazırlanacaq. Onun sözlərinə görə, sənədsiz fərdi yaşayış evlərinin uçota alınması prosesinn yaxın zamanlarda yekunlaşdırılması nəzərdə tutulur.
Xəbər lenti
0