Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ali məktəblərdə dövlət imtahanın ləğvini vacib edən səbəb: Kimlər imtahan verməyəcək?

© AFP 2023 / FRED DUFOURСтуденты сдают экзамен, фото из архива
Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.03.2023
Abunə olmaq
İlqar Orucov bildirib ki, tələbələrin 4 illik bakalavr təhsili müddətində ümumi orta müvəffəqqiyyət göstəricisi elə yekun attestasiya hesab olunur.
BAKI, 18 mart — Sputnik. Ali təhsil müəssisələrində dövlət imtahanı ləğv edilib. Bunu Elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir deyib ki, dövlət imtahanının ləğvi ilə bağlı qanun 2020-ci ildə təsdiq olunub. Bu qanuna əsasən, 2023-2024-cü ilində ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanı verməyəcəklər.
"Hazırda bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Bu il dövlət imtahanı verənlər isə köhnə standartla təhsil alanlardır. Yəni 2020-ci ildə və sonra qəbul olunanlar dövlət imtahanı verməyəcəklər", - deyə nazir vurğulayıb.
Bəs görəsən, ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğvi nəyi dəyişəcək?

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, təhsil üzrə ekepert İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ali məktəblərdə dövlət imtahanlarının ləğvi xəbəri ictimaiyyətə yeni açıqlansa da, bu qərar xeyli müddətdir verilib. Onun sözlərinə görə, "Ali təhsil pilləsinin dövlət standartı və proqramı" Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq olunub. Daha sonra bu qərara dəyişikliklər edilib.

Baş nazir Əli Əsədovun 5 iyun 2021-ci ildə təsdiqlədiyi 158 nömrəli qərarla "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın təsdiq edilməsi haqqında" 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərara dəyişiklik edilib. Həmsöhbətimiz deyir ki, həmin qərarla bakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirən, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan müvəffəqiyyətlə keçən tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar.
Attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün dövlət attestasiyası təşkil edilir.

İ.Orucovun sözlərinə görə, bu qərarın verilməsi yeni standartlar və proqramların qəbul olunması ilə bağlıdır. O, bu il ali təhsil müəssisələrinin 1 və 2-ci kurslarında təhsil alanların ali məktəbi bitirəndə dövlət imtahanı verməyəcəyini bildirib: "Amma köhnə standartla, yəni 3 və 4-cü kursda təhsil alanların dövlət imtahanını verməsi məcburidir".

O, bildirib ki, əvvəlki standartlarla yekun qiymətləndirmə, məhz dövlət imtahanı ilə yekunlaşırdı. Hazırki yeni təhsil standartlarında isə tədris planının şərtlərini yerinə yetirmiş fənlər üzrə attestasiyalardan keçmiş tələbələr təhsil müəssisələrində əldə etdikləri ümumi orta müvəffəqiyyət göstəricisinə uyğun olaraq yekun attestasiyasdan keçmiş hesab olunurlar.
Təhsil eksperti qeyd edib ki, yekun attestasiya təhsil müddətində əldə olunmuş nəticələrlə müəyyənləşir:
"Əslində dövlət imtahanının ləğv olunması prosesinin kökündə də bu dayanır. Yeni standartlarda artıq dövlət imtahanı anlayışı yoxdur. Ona görə də tələblər dövlət imtahanına cəlb olunmurlar. Bu qərar çox doğru və mütərəqqi qərardır. Çünki, Azərbaycan respublikasında təhsil standartlarının və proqramlarının dövlətimizin qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn tələblər çərçivəsində qurulması olduqca vacibdir. Bu həm də ondan irəli gəlir ki, Azərbaycan ali təhsil mühiti beynəlxalq tələblərdən kənarda inkişaf edə bilməz. Bizim təhsil sistemimiz beynəlxalq ali təhsil sisteminin bir hissəsinə çevrilməldir. Bu baxımdan da doğru olaraq tələbənin təhsil müddətində əldə etdiyi nəticələrin yekunu nəzərə alınmaqla attestasiyadan təkrar keçirilməsinə heç bir ehtiyac qalmır. Onlar ümumi orta müvəffəqiyyət göstəricisi əsasında yekun atestasiyadan keçmiş hesab olunurlar. Köhnə standartlarda tələbənin dövlət imtahanından keçirilməsinə ehtiyac qalsa da, yeni standartlarla buna ehtiyac qalmır".

Təhsil üzrə digər ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a bildirib ki, dövlət imtahanlarının təşkil edilməsi ali təhsil müəssisələrinin öz keçirdikləri semestr imtahanlarına hörmətsizliyi idi:

"Tələbələr 4-cü kursu başa vurduqdan sonra bu illər ərzində keçirilən ixtisas fənlərindən imtahan verirdilər. Bu da tələbələrin əsassız yüklənməsinə gətirib çıxarırdı. Halbuki tələbələr həmin imtahanları əvvəlki kurslarda verirdilər. Dövlət imtahanları əsassız pul tələblərinə yol açırdı. Ona görə də dövlət imtahanlarının ləğvi rüşvətin qarşısını da almış oldu".
K.Əsədov onu da qeyd edib ki, Azərbaycan 2005-ci ildən Boloniya təhsil sisteminə qoşulduğundan ali təhsil müəssisələri işini Avropa standartlarına uyğun təşkil etməlidir. Avropa təhsil standartlarında "dövlət imtahanı" anlayışı yoxdur.
Qeyd edək ki, pandemiya dövründə də iki il ali təhsil müəssisələrinin sonuncu kurs tələbələrinə dövlət imtahanında güzəşt tətbiq edilib. Onlar dövlət imtahanı verməyiblər. Ali təhsil müəssisələrində əyani təhsil bərpa edildikdən sonra dövlət imtahanı yenidən bərpa olunub. Həmin ərəfədə sosial şəbəkələrdə artıq 30 mindən çox tələbə dövlət imtahanlarının ləğvi ilə bağlı çağırışa qoşulmuşdu.
Xəbər lenti
0