CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatlardan Baş nazirə suallar? Niyə bizdə qiymətlər aşağı düşmür və inhisarçılıq var?

Kassa - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Abunə olmaq
Milli Məclisdə deputatlar qiymətlərin bahalığından narazılıq edib, antiinflyasiya tədbirlərinin daha da genişləndirilməsinin vacibliyindən danışıblar. Deputat Vahid Əhmədov bildirib ki, bazarda inhisarçılıq mövcuddur.
BAKI, 17 mart — Sputnik. "Qlobal miqyasda qiymətlər aşağı düşməyə başlayıb. Əgər doğrudan da bizdəki artımlar bütövlükdə idxal inflyasiyası ilə bağlıdırsa, onda belə bir sual ortaya çıxır ki, niyə bizdə qiymətlər aşağı düşmür? Deməli başqa amillər var".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bildirib.
Deputat bildirib ki, burada monopoliya əsas rol oynayır: "Buna görə də antimonopoliya addımları atılmalıdır. Süni qiymət artımın hər faizinə görə Azərbaycan vətəndaşları ildə 500 milyondan çox vəsait itirməli olurlar. Azərbaycan iqtisadiyyatının 75-80 faizi Bakı şəhəri və Abşeronda yerləşir. Belə bir şəraitdə regionların canlanması istiqamətində addımlar atılmalıdır”.
"Bazarda inhisarçılıq mövcuddur"
Digər deputat Vahid Əhmədov da bildirib ki, bazarda inhisarçılıq mövcuddur. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq Rəqabət Məcəlləsi Milli Məclisə daxil olmayıb. Baş nazirdən xahiş edirik ki, bu məsələyə diqqət etsin.
"Həm ərzaq, həm gündəlik tələbat malları, həm də dərmanların qiymət artımı kifayət qədər yüksəkdir. Hiss olunur ki, qiymətlərin artması hələ müşahidə ediləcək. Qiymət artımını nə qədər idxal inflyasiyası ilə əlaqələndirsək də, burada əsas süni qiymət artımının qarşısının alınmasından söhbət gedir. Hesab edirəm ki, bu sahədə antiinflyasiya tədbirləri daha da genişləndirilməlidir, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyəti gücləndirilməlidir. Son günlər unun, çörəyin qiymətində müəyyən enmələr hiss olunmaqdadır", - deyə Vahid Əhmədov bildirib.
"Azərbaycanda inflyasiya idxal edilən inflyasiya olub"
Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib ki, son illərdə inflyasiya bütün dünyada ciddi problemə çevrilib. Dünyada orta illik inflyasiya 20.4 faiz təşkil edib. Azərbaycanda ötən il inflyasiya 13.9 faiz təşkil edib. İdxal olunan məhsulların illik indeks artımı 20 faizdən çox olub.
"Azərbaycanda inflyasiya idxal edilən inflyasiya olub. Buna baxmayarq neftin yüksək qiyməti, ölkə daxilində görülən tədbirlər inflyasiyanın təsirlərini azaldıb. Nazirlər Kabineti antiinflyasiya planını təsdiq edib və dövlət qurumları tərəfindən görülən tədbirlər inflyasiyanın təsirini azaldıb", - deyə Ə.Əsədov əlavə edib.
İstehlak qiymətləri bahalaşıb
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında istehlak qiymətləri 2022-ci ilin yanvar-fevral aylarına nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 12,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,6 faiz bahalaşıb.
2023-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, əvvəlki ilin fevral ayına nisbətən 114,1 faiz təşkil edib.
2023-cü ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin fevral ayına nisbətən 117,1 faiz təşkil edib.
Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yulaf yarmasının, düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, balıq konservlərinin, sterilizə olunmuş üzlü südün, yoqurtun, pendirin, zeytun yağının, naringinin, narın, almanın, bananın, soğanın, kartofun, kələmin, xiyarın, pomidorun, şəkərin, konfetlərin, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, mərcinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Un və çörək ucuzlaşıb
Dünya bazarlarında, xüsusilə Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma çörəyin qiymətinin enməsinə səbəb olub.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində əhalinin istehlak səbətində xüsusi yer tutan ərzaq məhsulları, o cümlədən un və çörək bazarında mütəmadi monitorinqlər aparır. Monitorinq nəticələrinə əsasən, martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiymətinin 70 qəpikdən 65 qəpiyə düşdüyü müşahidə olunub. Un bazarında isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35.5 manat – 37.2 manat olub. Qeyd etmək lazımdır ki, 2022-ci ilin avqust ayında bu göstərici 40.7 manat – 41.5 manat təşkil edirdi.
Dövlət Xidmətinin məlumatına görə, beləliklə, son dövrlərdə dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma ölkəmizdə bazar prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşan unun qiymətlərinə təsirsiz ötüşməyib. Daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi çörəyin qiymətinə də birbaşa təsir edib.
Qeyd etmək lazımdır ki, cari ilin fevral ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307.4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı (354.4 ABŞ dolları) ilə müqayisədə 13% aşağıdır.
Bundan əlavə, Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində müvafiq sahədə bazar iştirakçıları ilə mütəmadi görüşlər keçirir. Bu görüşlərdə buğda, un və çörək qiymətlərinin mütənasibliyinə, çörəyin etiketində göstərilən çəkisi ilə faktiki çəkisinin uyğunluğuna dair müzakirələr aparılır. Bu çərçivədə ictimaiyyətin məlumatlandırılması məqsədilə un istehsalçılarının təklif etdiyi unun topdansatış qiymətlərinə dair məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib və mütəmadi yenilənir.
Xəbər lenti
0