CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dədə-baba üsulu ilə suvarmadan çəkinməliyik" - Su problemi qapımızın kandarında

© Sputnik / Rahim MammadovMingəçevir
Mingəçevir - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Abunə olmaq
Mütəxəssis bildirib ki, suvarma metodları dəyişdirilməsə, suvarma kanalları yenilənməsə su qıtlığı probleminin qarşısını almaq mümkün olmayacaq.
BAKI, 17 mart — Sputnik. Artıq iki həftədir ki, su problemi ölkə gündəmindən düşmür. Hətta prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə də Azərbaycanda su probleminə toxunub. Prezident deyib ki, suyun paylanması ilə bağlı görülməli çox iş olacaq.
Onun sözlərinə görə, hazırda Azərbaycanda su təchizatı və sanitariya şəraitinin yaxşılaşdırılmasına ehtiyac duydulan bir çox şəhərdə layihələr həyata keçirilir. Dövlət başçısı bildirib ki, hədəfimiz bütün ölkə ərazisində içməli su təchizatının 100 faiz təmin edilməsidir:

"Sözsüz ki, bunu etmək çətin olacaq, çünki görülməli işin həcmi böyükdür. Lakin bizim, həmçinin su ehtiyatlarının idarə olunması sahəsində bəzi struktur islahatlarının həyata keçirilməsi ilə bağlı planlarımız var. Bunun vaxtı gəlib çatıb. Hazırda hökumət müxtəlif variantları və xüsusilə indi suyun ildən-ilə azaldığını gördüyümüz bir vaxtda, suyun paylaşdırılması ilə bağlı müasir texnologiyaların tətbiqini dəyərləndirir. Qeyd etdiyim kimi, Xəzər dənizi dayazlaşır, həmçinin çaylarımızda, transsərhəd çaylarında və mənbəyini Azərbaycandan götürən çaylarda sululuq azalıb. Əfsuslar olsun ki, biz bunu görürük. Beləliklə, su ehtiyatlarının idarə olunması, su ehtiyatlarından səmərəli istifadə sözsüz ki, qarşıdakı illər üçün prioritetlərdən biri olacaq".

Prezidentin bu açıqlamasından sonra Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev Azərbaycanda sudan inteqrasiyalı idarəetməni mərhələlər üzrə həyata keçirmək üçün Milli su strategiyasının layihəsinin hazırlandığını bildirib. Onun sözlərinə görə, sənəd üzərində işin yaxın zamanlarda sona çatdırılaraq dövlət başçısına təqdim edilməsi nəzərdə tutulur.
"Qısa, orta və uzun illik planlaşma dövründə müasir, mütərəqqi idarəetmə prinsipinə əsaslanan su idarəsini təmin etmək hədəf götürülüb. Bununla da sudan qənaətlə istifadə edə biləcəyik", -deyə R.Əliyev bildirib.
Bəs görəsən yeni hazırlanan mili su startegiyasında nələr öz əksini tapıb? Su ehtiyatlarının idarəolunmasında hansı dəyişikliklər tətbiq oluna bilər? Təəssüf ki, bu suallarımıza rəsmi qurumlardan cavab verilmədi.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Fərzəli Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda su qıtlığının əsas səbəblərindən biri suya olan təlabatın kəskin artmasıdır.
F.Həsənovun dediyinə görə, Azərbaycanda ildə 10-12 milyard kub metr su istifadə olunur:

"Bu suyun əksər hissəsi - 80 faizi suvarmada, 20 faizi isə sənayedə, əhali qrupu tərəfindən istifadə edilir. Bir insanın gündəlik su istehlak norması 300-400 litr arasında dəyişir. İstifadə olunan suya qənaətə gəlincə, biz qənaət rejiminin hansı sahədə daha səmərə verəcəyini müəyyənləşdirməliyik. Mənim fikrimcə, suya qənaət ən çox suvarmada tətbiq olunmalıdır".

© Sputnik / Irade JELILFərzəli Həsənov
Fərzəli Həsənov - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Fərzəli Həsənov
F.Həsənov bildirib ki, əkin sahələrinin suvarılmasında itki daha çoxdur. Mütəxəsisis deyir ki, meliorasiya su təsərrüfatında tikilən kanalların mütləq əksəriyyəti köhnədir. Su gedib əkin sahəsinə çıxana qədər kanallarda böyük həcmdə su itkiyə gedir.

"Rəsmi şəkildə suyun 30 faizinin itkiyə getdiyi bildirilsə də, mən deyərdim bu rəqəm 50 faiz həddindədir. Ona görə də suvarma üçün nəzərdə tutulan kanallar yenilənməlidir. Bu isə küllü məbləğdə maliyyə tələb edir. İndi vəziyyət elə həddə çatıb ki, biz imkan daxilində bu sahəyə maliyyə ayırmalıyıq ki, su itkisinin qarşısını alaq", - deyə F. Həsənov bildirib.

Həmsöhbətimiz təkcə bununla suya qənaətin mümkün olmayacağını da söyləyir. Onun sözlərinə görə, suvarma metodları dəyişdirilməlidir. O, bildirir ki, hazırda əkin sahəsinə suyu öz axını ilə veririk. Bu zaman suyun 70 faizini itiririk.
Mütəxəssis deyir ki, İsraildə su mənbəyi yoxdur:

"Amma onlarda suvarma texnikası ya yağış yağdırma, yaxud da damcı suvarma üsulu ilə olsa, əkin sahəsinə verilən su itkisinin qarşısını əhəmiyyətli dərəcədə azaltmaq olar. Ona görə də dədə-baba üsulu ilə suvarmadan çəkinməliyik".

F.Həsənov onu da bildirib ki, tədqiqatlara görə, Kürdə, Arazda son 20 ildə illik su həcmi 15-20 faiz azalıb. Mütəxəssis deyir ki, bu prosesin davamlı olması bizi indidən tədbirlər görməyə vadar edir.
Universitetin dosenti onu da əlavə edib ki, vaxtıilə əkin sahələrinin bölüşdürülməsində yol verilmiş ədalətsizliklər də bu gün su qıtlığına yol açan amillərdəndir:

"Pay torpaqları bölünərkən su mənbələrinə yaxın ərazilər məmurlara ayrıldı. Kəndli torpağını sulaya bilmədiyi üçün öz torpaqlarını həmin məmurlara satdı. Beləliklə, oliqarxlar kəndlidən aldıqları torpaqlarda həmin ərazinin iqlimi, suya meyilli olması nəzərə alınmadan öz istədikləri məhsulu əkməyə başladılar. Bu isə suya təlabatı artırdı. Onlar müxtəlif vasitələrlə su mənbələrinə çıxışlar taparaq öz sahələrini suvarmağa başladılar. Nəticədə kəndli öz torpağını sulamağa su tapmadı".

© Sputnik / Shahperi AbbasovaSSRİ dövründə qurulmuş suvarma sistemlərinin yararsız vəziyyətdə olması kəndlinin işini daha da çətinləşdirir
SSRİ dövründə qurulmuş suvarma sistemlərinin yararsız vəziyyətdə olması kəndlinin işini daha da çətinləşdirir - Sputnik Azərbaycan, 1920, 16.03.2023
SSRİ dövründə qurulmuş suvarma sistemlərinin yararsız vəziyyətdə olması kəndlinin işini daha da çətinləşdirir
F. Həsənovun sözlərinə görə, içməli suya qənaət rejiminin də tətbiqi mütləqdir. O, bildirir ki, Azərbaycanda şirin su ehtiyatı azdır. Ona görə də sudan qənaətlə işlətmək mədəniyyəti formalaşdırılmalıdır.
F. Həsənov deyir ki, Milli su strategiyası hazırlanarkən suvarma texnikasının dəyişdirilməsi priotet təşkil etməlidir. Əks halda nəticə əldə etmək mümkün olmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0