CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda “Avro-5” standartlarına uyğun dizel və benzin istehsal ediləcək

© AP Photo / Rogelio V. SolisYDM
YDM - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Abunə olmaq
Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsinin məqsədi yüksək keyfiyyətli məhsul istehsalı ilə bərabər ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsidir.
BAKI, 17 mart - Sputnik. Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində nəzərdə tutulan yeni qurğuların tikintisi 93%, modernləşdiriləcək qurğuların tikintisi isə 99% yerinə yetirilib.
Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
“Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsinin məqsədi yüksək keyfiyyətli məhsul istehsalı ilə bərabər ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsidir. 2022-ci ilin sonuna yeni qurğuların tikintisi 93%, modernləşdiriləcək qurğuların tikintisi isə 99% yerinə yetirilib. Layihə çərçivəsində “Avro-5” standartlarına uyğun dizel və benzin yanacaqlarının 2023-cü ildə istehsalı nəzərdə tutulub”, - hesabatda qeyd olunur.
Hesabata əsasən, ötən il NEZ-də 6 240,3 min ton neft emal olunaraq 1 282,7 avtomobil benzini, 563,7 min ton reaktiv mühərrik yanacağı, 2040,1 min ton dizel yanacağı, 244,8 min ton maye qaz, 342,6 min ton bitum, 12,5 min ton sürtkü yağları, 209,6 min ton koks və digər məhsullar istehsal olunub.
Məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində neft emalının dərinliyi 96,3% təşkil edib, əmtəəlik neft məhsullarının 90%-i daxili bazara, qalan 10%-i ixraca yönəlib.
“Neft məhsullarının ixracından daxilolmalar 726,4 mln. ABŞ dolları, daxili satışından isə 4463,2 mln. manat təşkil edib”, - hesabatda vurğulanıb.
Xatırladaq ki, ölkəmizdə neft Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Onu da əlavə edək ki, Aİ-92 markalı benzinin qiymətini Tarif Şurası müəyyən edir. Ötən ilin yanvarın 4-də Tarif Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.
Tarif Şurası bu qərarı istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə neft emalı sənayesində yenidənqurma, modernləşdirmə işlərinin davam etdirilməsi, tənzimlənən qiymətlərin sayının azaldılması, bazar münasibətlərinin formalaşdırılması istiqamətində dövlət siyasətini nəzərə alaraq verib.
Xəbər lenti
0