CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Suyun qiymətini qaldırmaq üçün bəhanə axtarılır: Sayğacı olan suyu israf eləməz

© Sputnik / Elvin AhmadSu
Su - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Abunə olmaq
İqtisadçı Natiq Cəfərli bildirib ki, sayğac olduğu halda əhalinin suyu israf etdiyi barədə deyilənlərin heç bir əsası yoxdur.
BAKI, 16 mart — Sputnik. Artıq bir neçə gündür ki, suyun qiymətinin artırılması ilə bağlı əhali arasında narahatlıqlar var. Buna səbəb ötən həftə "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədovun "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" adlı mətbuat konfransında səsləndirdiyi fikirdir.
E.Məmmədov bildirib ki, Azərbaycanda içməli suyun tariflərinə yenidən baxılması təklif edilir. Onun sözlərinə görə, ölkədə içməli su maya dəyərindən aşağı qiymətə satılır:
"Qiymətin aşağı olması qurumun rentabelli işləməsinə mane olur və yenilənmə dövlət büdcəsi hesabına həyata keçirilir. Tariflər dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan tariflərə uyğun olarsa, qurumun rentabelli işləməsi və işlərin həyata keçirilməsi mümkün olar".
Sədr müavini qeyd edib ki, "Azərsu" tərəfindən tariflərə gələcəkdə yenidən baxılması üçün proqram hazırlanır, lakin qərar Tarif Şurası tərəfindən qəbul edilir.
Bəs görəsən suyun qiymətinin artırılmasının su qıtlığının qarşısını almağa təsiri ola bilərmi?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə fəaliyyət göstərən dövlət inhisarçı kommunal xidmətləri maya dəyəri haqqında danışarkən bunun həlli yolunu tariflərin artırılmasında görürlər. İqtisadçı iddia edir ki, bu kökündən yalnış yanaşmadır. Çünki hər bir abonent istifadə etdiyi kommunal xərcə görə pul ödəyir. Buna görə də, abonentlərin ehtiyaclarından artıq su, işıq, qaz işlədib israfa yol verməsi mümkün deyil.
N.Cəfərli onu da əlavə edib ki, hətta içməli sudan kommersiya məqsədilə istifadə edənlər də tarifə uyğun pul ödəyirlər:
"İçməli suyun qiyməti onsuz da yüksəkdir. Qeyri-əhali abonentləri üçün suyun tarifində fərq var. İçməli su sənayedə istifadə olunduğu üçün, bunu əhali abonentlərinə yükləmək doğru deyil. Əgər maya dəyərinin yüksək olduğunu deyirlərsə, maya dəyərinin aşağı salınmasının yolları tapılmalıdır. Xərclər azaldılmalıdır. Çox təəssüf ki, kommunal xidmət göstərən heç bir qurum maya dəyərinin hesablanması ilə bağlı ictimaiyyətə detallı bilgi vermir. Amma iddia edirlər ki, maya dəyəri yüksəkdir. Amma maya dəyərinin yüksək olması üçün xərclərin şişirdilib-şişirdilmədiyini bilmirik. Qurumlar xərclərin şişiridilməsinin qarşısını almaq üçün hansı addım atdıqlarını bildirmirlər. Bütün bu suallar açıq qaldığı halda maya dəyərinin yüksək olmasını bəhanə edib kommunal haqları artırmaq cəhdi əhalinin çiyninə əlavə yük qoymaqdır. Suyun qiymətinin bahalaşmasının üstündən çox müddət keçməyib. "Azərsu" araşdırma edibmi bu tarif artımı suyun israfının qarşısını nə qədər ala bilib?".
İqtisadçı deyir ki, əhali sayğac olduğu halda suyu israfla istifadə edə bilməz. Onun sözlərinə görə, "Azərsu" özü su itkisinin qarşısını almaq üçün addımlar atmalıdır. Qiymət artımı heç vaxt su israfının qarşısını almaq üçün çıxış yolu deyil.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən isə bildirdilər ki, qurum tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur. "Azərsu" ASC-dən verilən məlumata görə, hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir.
Qeyd edək ki, hazırda ölkənin 25 milyard kubmetr su ehtiyatı var. Bunun 16,5 milyard kubu yeraltı, 8,5 milyard kubu isə yerüstü sulardır. Son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50 % azalıb. Son 7-8 il ərzində ölkə ərazisində quraqlıq müşahidə edilir. Bu, yağıntıların miqdarının az olması, həmçinin, ölkəyə daxil olan transsərhəd çaylarından suların az axması ilə bağlıdır. Azərbaycanın su ehtiyatlarının 2050-ci ilə kimi 15-20 % azalacağı gözlənilir. Ölkəmiz ambaşına düşən su ehtiyatlarına görə ölkəmiz 90-cı yerdədir. Cəmi su ehtiyatları üzrə hətta 140-cı yerdəyik.
Xatırladaq ki, ötən il yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. İclasda "Azərsu" ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub. Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minib.
Xəbər lenti
0