CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya bitir - Bəs qadağalar nə vaxt ləğv olunacaq?

© Sputnik / Murad OrujovBakıda maskalı şəxslər, arxiv şəkli
Bakıda maskalı şəxslər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.03.2023
Abunə olmaq
Rəsmi məlumatlara görə, artıq Azərbaycanda koronavirusa yoluxma yox həddindədir.
BAKI, 14 mart — Sputnik. Sabah Azərbaycanda koronavirusa görə məhdudiyyətlərin tətbiq olunmasının üç ili tamam olur.
Azərbaycanda koronavirusdan ilk ölüm
Martın 12-də isə ölkəmizdə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınmışdı. 2020-ci ilin mart ayının 12-də İran İslam Respublikasında müalicə olunduqdan sonra ölkəyə qayıdan Azərbaycan Respublikasının vətəndaşı olan 1969-cu il təvəllüdlü qadının səhhətindəki xroniki problemlər davam etdiyindən xəstəxanaya müraciət edib. Müayinələr zamanı həmin qadının koronavirus infeksiyasına yoluxduğu müəyyən olunub. Onun həyatını xilas etmək mümkün olmayıb.
Operativ Qərargahın qadağaları
Nazirlər Kabineti yanında Operativ Qərargah bu hadisədən iki gün sonra, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində koronavirusa görə, izolyasiya tədbirləri tətbiq etdi. Həmin izolyasiya tədbirləri ilə ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salındı, təyin olunmuş tədbirlərin tarixi dəyişdirildi.
Ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırıldı. Bütün toy məclislərinin keçirilməsi qadağan edildi. Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olundu.
Restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edildi və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün qaydalara riayət olunması tələb olundu. Restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edildi. Saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırıldı.
Ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi tələbi qoyuldu. Tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edildi.
Dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri ancaq Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında mümkün oldu. Koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirlərinin tətbiq olunacağı barədə qərar verildi. Bundan sonra digər izolyasiya tədbirləri davam etdi.
Artıq həmin məhdudiyyətlərin tətbiqinin üzərindən üç il vaxt keçsə də, hələ də bəziləri qüvvədədir. Buraya quru sərhədlərin bağlı olması, hava limanında, iri ticarət mərkəzlərində, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklər, ali təhsil müəssisələri və kolleclərə COVID pasportunun tələb olunması daxildir.
Dövlət orqanlarının əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin, iş və xidmət sahələri işçilərinin COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmaları və ya iki COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması ləğv olunmayan izolyasiya tədbirləri sırasındadır.
ÜST pandemiyanın bitməsinin anonsunu versə də...
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiyanın başa çatmağa az qaldığı elan olunsa da, ölkəmizdə pandemiya dövründə qoyulmuş bir sıra qadağaların hələ də ləğv olunmaması sual doğurur. Baxmayaraq ki, Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünə videoformatda qoşulan Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus pandemiyanın bitmək ərəfəsində olduğunu elan edib.
© AFP 2023 / Fabrice CoffriniTedros Adhanom Qebreyesus
Генеральный директор Всемирной организации здравоохранения Тедрос Аданом Гебреисус, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Tedros Adhanom Qebreyesus
Azərbaycanda COVID-19-dan nə qədər insan ölüb?
Kronavirusa yoluxma barədə rəsmi statistika da ölkəmizdə COVID19 virusuna yoluxmaların sayı azalıb. https://koronavirusinfo.az/az saytının verdiyi məlumata görə, Azərbaycanda koronavirusa az yoluxma halı daha qeydə alınmır. Martın 13-nə olan məlumata görə, Azərbaycanda koronavirusdan 10144 adam dünyasını dəyişib. Bu virusa 828 946 adam yoluxub. 818 590 nəfər xəstəlikdən sağalıb. Hazırda aktiv koronavirus xəstəsi sayı 212-dir. Vurulan vaksinlərin ümumi sayı 13 951 443-dür. Artıq Azərbaycanda xəstələr olmadığı üçün modul tipli xəstəxanalar bağlanıb.
Mövcud vəziyyət qiymətləndirilməlidir
Azərbaycan Həkimlər Birliyinin sədri Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ÜST pandemiyanın başa çatdığını elan edib. Buna görə də Azərbaycan pandemiya ilə bağlı qadağaları ləğv etməlidir:

"ÜST-ün baş direktoru Azərbaycanda keçirilən tədbirdən dünyaya mesaj verdi ki, pandemiya bitib. Artıq dünyanın əksər ölkələri pandemiya dövründə qoyulmuş izolyasiya tədbirlərini aradan qaldırıb. Azərbaycanda da daha COVID-19 virusuna yoluxma qeydə alınmır. Aktiv xəstə sayı da azdır. Ona görə də aidiyyatı qurumlar mövcud vəziyyəti qiymətləndirərək karantin qadağaları ilə bağlı qərar qəbul etməlidir".

Ə.Rüstəm bildirib ki, ölkəmizdə bəzi pandemiya dövründə qoyulmuş qadağaların hələ də qüvvədə qalması koronavirusla bağlı deyil. O, buna misal kimi quru sərhədlərin bağlı olmasını qeyd etdi.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan isə Sputnik Azərbaycan-a bildirdilər ki, pandemiya dövründə qoyulmuş qadağaların bəziləri hələ də qüvvədədir. Bura quru sərhədlərin qapalı qalması, bəzi yerlərdə vaksinasiya sertifikatının tələb olunması daxildir.
Qapalı yerlərdə maska isə tövsiyə xarakteri daşıyır. Qərargahdan hələ ki, pandemiya dövründə qoyulmuş qadağaların tam ləğv olunmadığını bildiriblər. Qeyd edilib ki, bu məsələyə hər ölkə müstəqil şəkildə, təhlükənin olmadığına tam əmin olduqdan sonra qərar verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0