CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şuşa 31 ildən sonra turistləri yenidən qəbul edəcək - hotellər indidən dolub-daşır

© Sputnik / Murad OrujovŞuşaya mənzərə
Şuşaya mənzərə - Sputnik Azərbaycan, 1920, 12.03.2023
Abunə olmaq
Agentlikdən bildiriblər ki, turların maya dəyəri və satış dəyəri arasında cüzi fərqlər mövcud olduğundan, hər hansı kateqoriya vətəndaşlara xüsusi güzəştlər nəzərdə tutulmayıb.
BAKI, 12 mart — Sputnik. Yaxın günlərdə Şuşa ilk turistlərini qarşılayacaq. Artıq Şuşaya turist səfərlərinin qiymətləri də açıqlanıb. Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şuşaya avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub.
Sputnik Azərbaycan Şuşaya tur tur paketlərin qiymətinin necə müəyyənləşdirildiyini, eləcə də bunun hansı tur agentliklər tərəfindən həyata keçirildiyini araşdırıb.
Şuşaya turist axını
"Utopya" Turizm şirkətinin əməkdaşı Ləman Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Şuşaya tur paketləri dövlət tərəfindən müəyyənləşdirilmiş turizm şirkətindən alırlar. Qiymətlər dövlət tərəfindən müəyyən edildiyindən, hər hansısa qiymət fərqi axtarmaq lüzumsuzdur. O, Şuşaya ilk turizm səfərlərinə böyük maraq olduğunu bildirib. Onun sözlərinə görə, artıq Şuşada yerləşən "Qarabağ" hoteli tam dolub.
"İlk turist səfəri Novruz bayramı öncəsi - mart ayının 18-dən etibarən həftədə bir dəfə olmaqla icra ediləcək", - deyə turizm şirkətinin əməkdaşı bildirib.
Hotellər 5 ulduzlu olduğundan bahadır
L.Əliyeva bildirib ki, Şuşada bir gecə gecələmək üçün nisbətən ucuz tur paket də var: "Bir gecə iki gün Şuşaya tur paketin qiyməti 181 manatdır. Şuşadakı hotellər 5 ulduzlu olduğundan, qiymətlər bir qədər bahadır. Yəqin ki, Şuşada gələcəkdə az ulduzlu hotellər inşa olunduqca qiymətlər də aşağı düşər".
Həmsöhbətimizin sözlərinə görə, 2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, "Vaqif" məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, "Yuxarı Gövhər Ağa" məscidi, "Güllələnmiş Heykəllər" meydançası, Şuşa qalası, Şuşanın "Gəncə" qapıları və "Xarı Bülbül" simvolu, "Qazançı" Kilsəsi, Şuşa "Realnıy" Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.
O, qeyd edib ki, qiymətə yalnız səhər yeməyi daxildir. Tur gəzintili olduğundan, turistlər günorta və axşam yeməyini hoteldə öz hesabına yeməlidir:
"Biz deyə bilmərik ki, turistin tur paket üçün ödəyəcəyi məbləğdən əlavə nə qədər pulu çıxacaq. Hoteldə menyular var. Həmin menyulara əsasən turist istədiyi yeməyi seçib yeyə bilər. Biz yalnız turistdən tur paketin qiymətini tələb edirik. Bir turist üçün bu səfərin neçəyə başa gələcəyi orada onun xərcləyəcəyi vəsaitdən asılıdır".
Şuşaya tur paketlərin qiyməti necə hesablanıb?
Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Gülnar Əliyeva Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib ki, Şuşaya təşkil olunan turların qiymətlərinə ƏDV daxil olmaqla avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi, bələdçi müşayiəti xidməti üzrə xərclər, həmçinin əməliyyat xərcləri daxil edilmiş və bütün bəndlər üzrə xərclər mümkün minimum qiymətlərlə hesablanıb. O ki, qaldı 44 günlük müharibədə iştirak edən qazi və şəhid ailələrinə hər hansı güzəştlərin olub-olmayacağına G. Əliyeva bu sualımıza belə cavab verib: "Turların maya dəyəri və satış dəyəri arasında cüzi fərqlər mövcud olduğundan, hər hansı kateqoriya vətəndaşlara xüsusi güzəştlər nəzərdə tutulmayıb".
Onun sözlərinə görə, turlar dövlət tərəfindən deyil, müsabiqə nəticəsində seçilmiş şirkət tərəfindən icra edilir.
"Turlar 2022-ci ilin noyabrın 2-də Dövlət Turizm Agentliyi tərəfindən Şuşa şəhərinə turist səfərlərinin təşkilində əməkdaşlıq üçün turoperatorlar arasında elan edilən müsabiqənin qalibi "Summer Tour Azerbaijan" şirkəti tərəfindən təşkil olunacaq. Turagentlər qeyd olunan turoperatorla müqavilə bağlayaraq turist səfərlərinin satışını həyata keçirə biləcəklər. "Summer Tour Azerbaijan" birbaşa vətəndaşlara satış xidmətini həyata keçirməyəcək".
G. Əliyeva bildirib ki, hələki işğaldan azad edilmiş ərazilərə turist səfərləri yalnız Şuşada keçiriləcək. Gələcəkdə işğaldan azad edilmiş ərazilər minadan təmizlənərək turistlər üçün infrastruktur qurulduqca belə turist səfərlərinin arealı genişlənəcək. Onun sözlərinə görə, növbəti mərhələdə Şuşaya turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur.
Agentlik rəsmisi onu da qeyd edib ki, hər hansı turist tur paket almadan Şuşada gedib qala bilməz. Şuşada gecələmək, Şuşada tarixi abidələrlə tanışlıq üçün turist tur paket almaldıır.
Minalar turizmin inkişafına mane olur
Turizm eksperti Ceyhun Aşurov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərə turist səfərlərinin təşkili olduqca vacib amildir. Ekspertin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə geniş turizm səfərlərinin təşkilinə həmin ərazilərin düşmən tərəfindən minalanması mane olur.
" İşğaldan azad edilmiş ərazilərimiz minalardan tam təmizlənməmiş həmin torpaqlara turizm səfərləri təhlükəsizlik baxımından yolverilməzdir" deyə ekspert bildirib.
C.Aşurov gələcəkdə işğaldan azad edilmiş ərazilərə tur paketlərin qiymətlərinin ucuzlaşacağını da söylədi. Bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə turistlər üçün infrastruktur qurmaq elə asan deyil: " Bütün tikinti materialları Bakıdan daşındığından bu hotellərin inşasına çəkilən vəsaiti artırır. Bu da nəticədə tur paketlərin qiymətinə təsir edir. Həmin ərazilər minalardan təmizləndikcə daha çox ərazilərə turist səfərləri təşkil olunacaq. Təhlükəsizlik məsələsini, yol amilini nəzərə aldıqda qiymətlərin bir qədər baha olacağı gözlənilən idi".
Onun sözlərinə görə, hazırda Şuşada gecələmək imkanının ancaq tur paket alan turistlərə şamil olunması təhlükəsizlik baxımından tətbiq edilmiş qaydadır. Ekspert bildirib ki, işğaldan azad edilmiş ərazilərdə turistlərin təhlükəsizliyini təmin etmək olduqca mühüm amildir.
Tur paket ala bilməyənlər "Yolumuz Qarabağa" layihəsindən faydalana bilər
Qeyd edək ki, hazırda vətəndaşlar "Yolumuz Qarabağa" layihəsi çərçivəsində avtobusla işğaldan azad olunmuş Şuşa və Ağdama birgünlük səfər edə bilirlər. Amma fərdi şəkildə, şəxsi avtomobillərlə Şuşaya giriş-çıxışa icazə verilmir. Bunun üçün vətəndaşlar "ASAN login" sistemi vasitəsilə login olduqdan sonra, bilet alışı üçün istiqamət seçimi edir, səfər tarixini seçir və səfərdə neçə nəfərin iştirak edəcəyini qeyd edir. Daha sonra, vətəndaşlar mövcud reyslərdən hər-hansı birini seçərək, növbəti səhifəyə yönləndirilir. Növbəti səhifədə, vətəndaş imeyl ünvanını, şəxsiyyət vəsiqəsinin seriyasını, fərdi identifikasiya nömrəsini və mobil nömrəsini daxil edir. Bu zaman, şəxsin məlumatları müvafiq informasiya sistemlərindən yoxlanılır, şəxsin şəhid ailəsi olub olmaması, eyni zamanda, COVİD 19 vaksin və ya immunitet məlumatları yoxlanılır.
Avtobus reyslərində şəhid ailələrinə güzəşt var
Sistem, şəhid ailəsinin üzvlərinə bir dəfə səfərdən ödənişsiz olaraq istifadə imkanını təmin edir. Növbəti səhifədə, vətəndaş nəqliyyat vasitəsinin məlumatları və hazırda aktiv və alınmış yerlərlə tanış olur. Aktiv yerlərdən birinin üzərinə klikləyərək, səfər edəcək şəxsləri seçir. Növbəti səhifədə, seçilmiş məlumatlarla tanış olduqdan sonra, ödəniş mərhələsinə keçid edilir.
Ödənişlər "ASAN ödəniş" sistemi vasitəsilə həyata keçirilir. Ödəniş uğurlu olduqdan sonra, vətəndaş portala yönləndirilir və bilet məlumatları ilə tanış olur. Bilet məlumatları həm endirilə, həm də çap edilə bilər. Belə ki, vətəndaşlar hazırda Şuşaya getmək, illərdir həsrətində olduğumuz torpaqların havasını udmaq üçün ya bilet almalı, yaxud da tur paket əldə edərək turist kimi ora səfər etməlidirlər.
Xəbər lenti
0