CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan alkoqolizmə görə riskli ölkələr sırasındadır - RƏQƏMLƏR

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidKişi araq süzür
Kişi araq süzür - Sputnik Azərbaycan, 1920, 12.03.2023
Abunə olmaq
Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti Araz Manuçəri qeyd edir ki, müsbət irəliləyişlər üçün özəl müəssisələrin yaradılmasına imkan verilməlidir
BAKI, 12 mart — Sputnik. "Worldexpectancy"nin məlumatına görə, alkoqolizmdən qeydə alınan ölümlərə görə Azərbaycan 183 ölkə sırasında 53-cüdür. Bununla da Azərbaycan həmin siyahıda ən riskli ölkələrdən biri kimi dəyərləndirilib.
Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti Araz Manuçəri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, psixotrop maddələrdən asılı olanlar arasında alkoqolizmdən əziyyət çəkənlər 10-15 faizdir: "Yəni, bu sadəcə qeyddiyyatda olan şəxslərin sayıdır. Lakin məişət səviyyəsində də artımın olduğunu qeyd edə bilərik".
"Bizdə əsas problemlərdən biri daha güclü - faizi 40 və daha artıq olan alkoqollu içkilərə üstünlük verilməsindədir", - deyə o əlavə edib.
Nə etmək olar?
Həmsöhbətimiz bildirir ki, spirtli içkilərin istifadəsini qadağan edə bilmərik, lakin başqa üsullara əl ata bilərik: "Təbliğat, qiymətləri artırmaqdan başqa mübarizə üsulları da var. Onsuz da içən alkoqollu içkini içir. Sadəcə olaraq içkinin keyfiyyəti artırılmalıdır. Bundan başqa, baxmaq lazımdır ki, bu mallar qaçaqmal yolu ilə gətirilən olmasın. İndiki mərhələdə ziyanı azaltmağa çalışmalıyıq. Çünki belə halda daha çox arzu olunan nəticələr əldə etmiş olarıq. Təbii ki, ümumiyyətlə spirtli içki içməmək, tövbə etmək ən yaxşı mübarizə üsuludur".
"Bundan başqa, müalicəyə düzgün yanaşma olmalıdır. Sistem, dərmanla müalicəni yekunlaşdırmaq olmaz. Bunun üçün reabilitasiya proqramları lazımdır. Reabilitasiya proqramları varmı? Yox. Bununla kim necə gəldi məşğul olur. Təəssüf ki, bu işə mütəxəssislər cəlb olunmur", - deyə həmsöhbətimiz bildirib.
A.Manuçəri qeyd edir ki, müsbət irəliləyişlər üçün özəl narkoloji müəssisələrin yaradılmasına imkan verilməlidir: "Müqayisə üçün deyim, baxın, pnevmoniya olan özü xəstəxanaya gedəcək, amma alkoqolizmdən əziyyət çəkən utanacaq, istəyəcək ki, onun haqqında məlumatlar anonim olsun, kimsə ona rişxənd etməsin, adı heç yerdə olmasın. Alkoqolizmdən əziyyət çəkənlər üçün şərait yaratsaq əlbəttə ki, həmin şəxslər müalicəyə gələcək. Əks halda belə şəxslər müalicədən başı çıxmayan şəxslərin əlinə düşəcək. Təbii ki, belə bir vəziyyətin axırı kimi bir də görəcəyik ki, sən demə Azərbaycan bu alkoqlizmlə bağlı siyahıda ön yerlərdə imiş".
Belə şəxslər üçün ayrıca bir müəssisənin yaradılması məsələsinə gəldikdə, həmsöhbətimiz qeyd edir ki, hələ SSRİ dövründə bu mövzu qaldırılmışdı: "Alkoqol istifadəçiləri narkotik istifadəçilərindən fərqlənirlər. Lakin düşünürəm ki, hazırda belə bir ayrıca müəssisənin yaradılması qeyri-mümkündür. Çünki belə şəxslər arasında xəstəxanaya düşənlərin sayı digərləri ilə müqayisədə daha azdır".
Respublika Narkoloji Mərkəzindən Sputnik Azərbaycan-ınn sorğusuna cavab olaraq bildirilib ki, respublika üzrə ümumilikdə alkoqolizmə görə qeydiyyata düşənlərin sayı 9793 nəfərdir. Təkcə ötən ildə 2022-ci il ərzində 682 nəfər qeydiyyata alınıb.
2019-cu ildə isə 515 nəfərə alkoqolizm və alkoqol psixozu diaqnozu ilk dəfə qoyulub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2001-ci ildə ev təsərrüfatında alkoqollu içkilərə görrə adambaşına düşən xərc 0.8, 2021-ci ildə isə 1.8 manat olub. Lakin digər məhsullarla müqayisədə alkoqollu içkilərə görə adambaşına düşən xərclər az olub.
Qeyd edək ki, siyahıda birinci yerdə Belarus dayanıb. Bu siyahıda Rusiya 3-cü, Ukrayna 7-ci, Estoniya 10-cu, Qazaxıstan 12-ci yerdə qərarlaşıb.
Xəbər lenti
0