Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Böyrək xəstəliyi olan şəxslərə mühüm tövsiyələr

© Sputnik / Kirill Braga / Mediabanka keçidXəstəxana
Xəstəxana - Sputnik Azərbaycan, 1920, 09.03.2023
Abunə olmaq
Bu gün Ümumdünya Böyrək Günüdür. Hazırda Azərbaycanda fəaliyyət göstərən hemodializ mərkəzlərində xəstələr dövlət vəsaiti hesabına proqram üzrə hemodializ müalicəsi qəbul edir.
BAKI, 9 mart — Sputnik. Bütün dünyada 2006-cı ildən etibarən hər il martın ikinci cümə axşamı rəsmi şəkildə Ümumdünya Böyrək Günü qeyd edilir.
Ümumdünya Böyrək Günü çərçivəsində elmi-praktik konfranslar təşkil olunur, xəstəliyin profilaktikası, ictimaiyyətin maarifləndirilməsi istiqamətində müzakirələr aparılır. Keçirilən tədbirlərin məqsədi ictimai səhiyyə sahəsində çalışan mütəxəssislərin və ictimaiyyətin diqqətini geniş yayılmış xroniki böyrək çatışmazlığı, böyrək xəstəliyinin aşkarı və müalicə üsullarına yönəltməkdir.
Böyrəklər insanın ən vacib orqanları olub, orqanizmdə qanı təmizləyir və onun kimyəvi balansını saxlamağa yardım edir. Böyrək çatışmazlığı kəskin və xroniki olur. Kəskin böyrək çatışmazlığı xroniki böyrək çatışmazlığı ilə nəticələnə bilər. Xroniki böyrək çatışmazlığı hər il dünyada 4 milyon insanın ölümünə səbəb olur. Bu xəstəliyin dünyada artımına əsas səbəb hipertoniya və şəkərli diabet xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, müxtəlif ölkələrdə bir milyon əhalinin 800-1200 nəfərində xroniki böyrək çatışmazlığı müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır.
Azərbaycanda xroniki böyrək çatışmazlığının profilaktikası istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı"nın həyata keçirilməsi nəticəsində bu xəstələrin aşkar olunması və aktiv müalicəyə cəlb olunması, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı mümkün olub. Tədbirlər Proqramının məqsəd və vəzifələri tibbi yardımın daha da təkmilləşdirilməsi, xroniki böyrək çatışmazlığı xəstəliyinə düçar olmuş şəxslərin həyat tərzinin yaxşılaşdırılması, ömürlərinin uzadılması, ölüm hallarının azaldılması, hemodializ mərkəzləri şəbəkəsinin genişləndirilməsi, respublikada böyrəkköçürmə əməliyyatlarının təşkilidir.
Respublikada böyrək və digər orqanların transplantasiyası olunmuş xəstələrin mütəmadi müayinəsi və kifayət qədər maliyyə vəsaiti tələb edən müalicəsi də dövlət büdcəsi hesabına ödənilir. Hazırda Azərbaycanda fəaliyyət göstərən hemodializ mərkəzlərində xəstələr dövlət vəsaiti hesabına proqram üzrə hemodializ müalicəsi qəbul edir. Müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması ilə yanaşı, dializ alan xəstələrin sayı hər il 21-25 faiz artır.
Vaxtaşırı həkim müayinəsindən keçərək yaranan bir problemi vaxtında aşkar etməklə böyrəklərimizi qoruya bilərik. İl ərzində bir dəfə uroloji ultrasəs müayinəsi, qanda kreatin və sidiyin ümumi analizini verməklə əksər hallarda ilkin mərhələdə böyrək xəstəliyini aşkar etmək mümkündür.
TƏBİB-in tabeliyindəki Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının həkim-uroloqu Nehmət Beyqiyevin sözlərinə görə, böyrək problemi olan xəstələr ən çox böyrək və bel nahiyələrində ağrılar, sidikdə yanma, göynəmə, bəzən sidikdə qan, qızdırma, üşütmə-titrətmə şikayətləri ilə müraciət edirlər: "Xəstəliyin növündən və ağırlaşma dərəcəsindən asılı olaraq müalicələrə başlanılır. İlkin mərhələdə olan və ağırlaşma olmadan aşkar edilən böyrək xəstəliyini müalicə etmək daha uğurlu nəticə verir. Ona görə də bütün səylərimizi xəstəliyin ilkin mərhələdə aşkar edilməsinə səfərbər etməliyik".
N.Beyqiyev böyrək xəstəliyi olan şəxslərə tövsiyələrini də bildirib: "Gün ərzində bol maye (1.5-2 litr) qəbulu, aktiv həyat, artıq bədən çəkisinə nəzarət, sağlam qidalanmaq, meyvə və tərəvəzlərə üstünlük vermək, siqaretdən uzaq durmaq, göstərişsiz dərman qəbuluna və arterial təzyiqə nəzarət etmək olduqca vacibdir. Eyni zamanda vaxtaşırı profilaktik müayinələrdən keçmək də mütləqdir".
Xəbər lenti
0