CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Oğlum olmasaydı, necə yaşayacaqdım" - Bir daha qadınların pensiya yaşı barədə

© Sputnik / Elvin AhmadYaşlı qadın
Yaşlı qadın - Sputnik Azərbaycan, 1920, 08.03.2023
Abunə olmaq
İqtisadçı bildirib ki, Azərbaycan kimi orta ömür müddəti aşağı olan ölkələr üçün 65 yaş pensiya yaşı yuxarı həddir.
BAKI, 8 mart — Sputnik. İnsan Hüquqları üzrə Müvəkkil (Ombusmanın) qadınların pensiya yaşının azaldılmasını təklif edib. Bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi"ndə öz əksini tapıb. Sənəddə bildirilib ki, Azərbaycan cəmiyyətində və ailədə qadının rolu, ailə qayğılarından irəli gələrək onun üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq 2027-ci il 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyil. Bu baxımdan, qadınların pensiya yaşının azaldılmasına ehtiyac vardır.
Bəs görəsən, qadınların pensiya yaşının azaldılması nə qədər realdır?
Azərbaycanda orta ömür müddəti az, pensiya yaşı yüksəkdir
İqtisadçı Rövşən Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pensiya yaşı ilə demoqrafik situasiya arasında bir əlaqə olmalıdır. Əgər ölkədə orta ömür müddəti aşağıdırsa pensiya yaşı elə tənzimlənməlidir ki, pensiyaya çıxan şəxs ən azı 12 il pensiya ala bilsin: "Pensiyanın hesablanmasında 144 ay düsturu da bununla bağlıdır. 144 ay 12 il deməkdir. Pensiyanı hesablayanda 144-ə bölürlər. Bu o deməkdir ki, orta hesabla pensiyaya çıxan şəxsin həmin müddətdən sonra 12 il yaşaması mümkün olsun. Azərbaycanda orta ömür müddətində rəsmi statistika ilə BMT-nin indeksi fərqlidir. BMT 70 yaş kişiləri, qadınları bir qədər yüksək göstərir".
R. Ağayev deyir ki, pensiya yaşını 65 yaş müəyyən edən ölkələrdə orta ömür müddəti 80-82 ildir. Onun sözlərinə görə, bu Norveç kimi ölkələrdədir. Azərbaycanda isə orta ömür müddəti aşağı olsa da, pensiya yaşı Norvec kimi ölkələrin həddindədir.
Kişilərin də pensiya yaşı azaldılmalıdır
Həmsöhbətimiz bildirir ki, Ombudsman qadın hüquqları baxımından qadınların pensiya yaşının azaldılmasını təklif etsə də, təkcə qadınların yox, ölkəmizdə kişilərin də pensiya yaşının azaldılmasına ehtiyac var.
"Azərbaycan kimi orta ömür müddəti aşağı olan ölkələr üçün 65 yaş pensiya yaşı yuxarı həddir. Orta ömür müddəti dəyişənədək kişiləri 63 yaşda saxlayaraq, qadınları 60 yaş həddində pensiyaya çıxartmaq daha yaxşı olardı" deyə iqtisadçı bildirdi.
R. Ağayev onu da vurğulayıb ki, Azərbaycanda qadınların orta ömür müddəti kişilərdən çoxdur. Onun qənaətinə görə, əgər qadınlar kişilərdən çox yaşayırsa qadınların pensiya yaşını azaltmaq məntiqi baxımından düzgün deyil: "Rusiyada pensiya yaşı Azərbaycandan aşağıdır. Fransa kimi orta ömür mnüddəti yüksək olan ölkədə belə pensiya yaşı bizdən aşağıdır. Orada da qadınlarla kişilər arasında pensiya yaşında fərqlər var".
İqtisadçı bildirib ki, Azərbaycanda cinslərə görə pensiya yaşında fərq qoymaqdansa peşələrə görə pensiya yaşının fərqləndirilməsi daha doğru olardı.
"Məsələn, Azərbaycanda müəllimlərə erkən pensiya hüququ verilməlidir", - deyə iqtisadçı bildirib.
Qeyd edək ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxışında bildirib ki, Azərbaycanda 2035-ci ildə orta ömür uzunluğunun 78 yaşa çatacağını proqnozlaşdırılır. Hazırda isə Azərbaycanda orta ömür uzunluğu 75 yaşa qədərdir.
Qadınların pensiya yaşı 63-ə salına bilər
Millət vəkili Vüqar Bayramov isə bildirdi ki, qadınların pensiya yaşının azalması müzakirə edilən məsələlərdəndir.
"Biz də ötən il Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin iclasında xanımlar üçün pensiya yaşının 65 deyil, 63 müəyyənləşdirilməsinin maliyyə əsaslandırılmasının hazırlanması təklifini irəli sürmüşük. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu islahatın reallaşacağı halda maliyyə yükünün hesablanması həyata keçirilməsini və ona uyğun müzakirələrin davam etdirilməsini təklif etmişdik. Nəzərə almaq lazımdır ki, qadınlar sosial baxımdan dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızdır. Xüsusilə pensiya yaşında onların sosial təminatının gücləndirilməsi daha prioritetdir.
Qadınlar və kişilər arasında pensiya yaşında fərqlər bir sıra ölkələrdə də var. Məsələn Avstriyada kişilər üçün pensiya yaşı 65 olsa da, qadınlar üçün 60-dır. Uyğun olaraq Macarıstanda 64.5 və 62, İsveçrədə 65 və 64, Xorvatiyada 65 və 62.5 və s. Odur ki, Azərbaycanda da oxşar qaydanın tətbiqi məqsədəuyğun olardı. Bu baxımdan, maliyyə yükünə uyğun olaraq bu istiqamətdə islahatlar davam etdirilməlidir. Bu təklifin maliyyə əsaslandırılması hazırlandıqdan sonra konkret müzakirələrin davam etdirilməsi mümkündür".
"Əgər ömür vəfa etsə, mən də pensiya alacağam"
Bakı sakini Bahar Seyidova hazırda 61 yaşındadır. O, 15 ildir ki, heç bir yerdə çalışmadığını, oğlunun himayəsində yaşadığını söyləyir. Bildirir ki, həsrətlə pensiya yaşının çatacağı günü gözləyir: "Hər il pensiya yaşını 6 ay artırırlar. Buna görə də qadınlar pensiyaya çıxa bilmir. Əgər ömür vəfa etsə, mən də pensiya alacağam. Çox arzulayardım ki, pensiya yaşını heç olmasa 60 yaş etsinlər. Çünki, biz yaşda insanları heç yerdə işə götürmürlər. Əgər oğlum olmasaydı, necə yaşayacağımı təsəvvür belə etmək istəmirəm. Hökumət bizim kimi insanları nəzərə almalıdır. Yaşı 50-dən keçən qadınlar heç yerdə özlərinə iş tapa bilmirlər".
MDB-də "liderik"
Məlumat üşün bildirək ki, Azərbaycan MDB ölkələri üzrə pensiya yaşına görə "lider"dir. Məsələn, Türkmənistanda qadınlar üçün pensiya yaşı 57, kişilər üçün 62-dir. Azərbaycanda qadınlar hazırda 63, kişilər 65 yaşına çatdıqdan sonra pensiyaya çıxa bilərlər. Amma Azərbaycan əhalisinin cəmi 7 faizini 65 yaşdan yuxarı insanlar təşkil edir.
"Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bununla da Azərbaycanda 1 iyul 2020 – 30 iyun 2021 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il olacaq. 1 iyul 2021 – 30 iyun 2022-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il 6 aydır. 2023-cü ilin iyul ayının 1-dən isə qadınlar üçün pensiya yaşı 63 il 6 ay olacaq.
Dövlət Sosial Müdafiə Fondundan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirdilər ki, bu gün ölkəmizdə pensiya alanların sayı 1 milyon 114 min nəfərdən çoxdur. Onların 57,6 faizini qadınlar, 42,4 faizini kişilər təşkil edir. Erkən yaşda pensiyaya çıxan qadınların sayı isə 230 mindən çoxdur.
Güzəştli şərtlərlə pensiya hüququ kimlərə şamil edilir?
Məlumat üçün onu da bildirək ki, hazırda qadınlara güzəştli şərtlərlə pensiyaya çıxamaq imkanı verilir. 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş qadınların yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ təmin edilir.
Xəbər lenti
0