CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədəki zəlzələ Azərbaycanda dərman və geyim qıtlığı yaradacaqmı?

© Sputnik / Олег ЛасточкинDərmanlar
Dərmanlar - Sputnik Azərbaycan, 1920, 07.03.2023
Abunə olmaq
İqtisadçı bildirib ki, bu ilin ilk yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsində 10-15 faiz azalma ola bilər.
BAKI, 7 mart — Sputnik. Türkiyədə baş verən zəlzələ dünyada iqtisadiyyatın müxtəlif sahələrinə öz təsirini göstərir. Türkiyə Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olduğundan, baş vermiş zəlzələnin Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcəyi bildirilir. Dövlət Gömrük Komitəsindən aldığımız məlumata görə, 2022-ci ildə Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 15,8 faizi Türkiyə ilə aparılmış idxal əməliyyatlarının payına düşüb. Ötən il idxal üzrə Türkiyə ikinci yerdə qərarlaşıb.
Bəs görəsən Türkiyədə baş vermiş zəlzələ Azərbaycan bazarında hansı sahələrə öz təsirini göstərə bilər?
Zəlzələ Türkiyədə dərmana və tekstil məhsullarına təlabatı artırıb
Mütəxəssislərin qənaətinə görə, Türkiyədə baş vermiş zəlzələ bu ölkədə əsasən tekstil məhsullarına və dərman ləvazimatlarına təlabatı artırıb. Azərbaycan isə bu iki məhsula olan təlabatının əksər hissəsini Türkiyədən idxalın hesabına ödəyir.
Dövlət Gömrük Komitəsindən əldə etdiyimiz məlumata görə, Türkiyədən Azərbaycana ötən il 80,9 ton, 553,97 min ABŞ dolları məbləğində geyim və geyim ləvazimatları idxal edilib. Türkiyədən ölkəmizə pərakəndə satış üçün formalarda və ya bağlamalarda qablaşdırılan digər dərman vasitələrinin həcmi isə 4578,82 ton, 92 milyon 389,28 min ABŞ dolları təşkil edib.
İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, 2020-ci il fevral ayının 25-də iki ölkə arasında preferensial ticarət sazişi imzalanıb. Bu sazişlə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin 5 il ərzində 3 dəfə artması gözlənilirdi. 2020-ci ildə pandemiyanın olması, ardınca iqtisadi böhran sözügedən hədəfə çatmaqda ciddi problemlər yaratdı. Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 5 milyard həcmində qiymətləndirilir.
Onun sözlərinə görə, Azərbaycanın ticarət dövriyyəsində Türkiyənin payı 13 faizdən artıqdır.
İqtisadçı deyir ki, Türkiyədəki zəlzələ Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək. O, bildirib ki, bu ilin ilk yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsində 10-15 faiz azalma ola bilər.
Türkiyədən ən çox geyim ixrac edən Rusiya və Azərbaycanda vəziyyət necə olacaq?
Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Türkiyədə baş verən zəlzələ Azərbaycanda tekstil məhsulları bazarına müəyyən qədər təsir edəcək. Bununla belə Səkinə Babayeva alternativ bazarların olduğunu bildirib. Onun sözlərinə görə, artıq Azərbaycanda "Made in Azerbaijan" brendinin tanıdılması istiqamətində böyük işlər görülüb.
Həmsöhbətimiz bildirib ki, Türkiyədə zəlzələ bölgəsində müəssisələr də dağıntılar altında qalıb: "Türkiyədə bu məsələdə bir birlik var. Uçqun altında qalmayan müəssisələr zəlzələdən zərər görmüş müəssisələrə dəstək göstərir. Onlar verilən sifarişlərin vaxtında çatdırılmasına yardım edirlər. Ona görə də, Türkiyədəki müəssisələrə verilən sifarişlərin hazırlanmasında, göndərilməsində ciddi problem yaranmayacaq. Çünki, Türkiyədə sənaye müəssisələri təkcə zəlzələ baş verdiyi ərazilərdə deyil, onların alternativləri bütün bölgələrində var".
S.Babayeva onu da qeyd edib ki, Türkiyədən ən çox geyim ixrac edən ölkə Rusiya və Azərbaycandır.
"Hələki böyük ixrac ölkələrinə geyim və digər tekstil mallarında qıtlıq olacağını gözləmirəm. Çünki, anbarlarda kifayət qədər mal var" deyə S. Babayeva bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycanda 10 tekstil müəssisəsi var ki, Türkiyəyə dəstək olmağa hazırdır: "Biz artıq bu təklifi Türkiyə tərəfə göndərmişik. Ehtiyac olarsa həmin tekstil müəssisələri Türkiyəyə sifarişləri vaxtında çatdırmağa dəstək olacaq".
Türkiyə istehsalı olan dərmanlarda qıtlıq yaranacaq?
Aptek müdiri, əczaçı-mütəxəssis, provizor Elman Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələki Türkiyədən idxal olunan dərman preparatlarında qıtlıq müşahidə olunmur: " Türkiyədən idxal olunan dərmanlarda hələki bir sıxıntı yoxdur. Qiymətlər isə Tarif Şurası tərəfindən müəyyən olunduğu üçün artım da baş verməyib".
Həmsöhbətimiz qeyd edib ki, Türkiyənin Azərbaycana geniş çeşidli dərmanlar idxal olunur. Buraya təyziq dərmanları, pediatrik siroplar, antibipootiklər, alergiya əleyhinə dərmanlar və sair daxildir.
E. Hüseynov bildirdi ki, Ukraynada müharibə ilə bağlı bəzi dərmanlar gəlmədiyindən onlar Türkiyədən gətirilir.
"Ukraynadan gətirilən dərmanlarda azalma var. Ukraynadn gələn "Natri xlor" da defisit yarandığından, indi biz onu Türkiyədən idxal edirik. Türkiyə üzərindən Avropa istehalı olan dərmanlar da gətirilir. Hələki problemlər yoxdur. Ola bilər ki, bu bir müddət sonra yaransın".
Xəbər lenti
0