Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ermənistan NATO-nu Qarabağa gətirmək istəyir: Rəsmi Bakı tələbindən geri çəkilmir

© Sputnik / Mediabanka keçidXankəndi
Xankəndi - Sputnik Azərbaycan, 1920, 07.03.2023
Abunə olmaq
Millət vəkili bildirib ki, 10 noyabr bəyannaməsi nə qədər ki tam icra olunmayıb, bu və bənzəri lokal toqquşmalar qaçılmaz olacaq.
BAKI, 7 mart — Sputnik. Martın 5-də Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi növbəti hərbi təxribatı nəticəsində Azərbaycan ordusunun iki hərbi qulluqçusu şəhid olub.
Bölgədə Azərbaycan-Ermənistan arasında nizamlanma prosesinin intensivləşdiyi bir dövrdə bu təxribatın törədilməsi gözardı edilə bilməz. Təxribat üçün seçilmiş vaxt təsadüfi deyildi. Xatırladaq ki, bu hadisədən bir neçə gün öncə Azərbaycan tərəfi Xocalıda Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə məskunlaşmış ermənilərin nümyəndələri ilə görüş keçirmişdi.
Diqqətdə saxlanılmalı məqamlardan biri də Cənubi Qafqazda vəziyyəti normallaşdırmaq istədiyini bəyan edən qüvvələrin də ardı-arası səngiməyən səfərləridir. Martın 5-də törədilən təxribatdan sonra Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfərə gəlib. Martın 6-da isə ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu gün Azərbaycana səfər edib.
Təxribatdan sonra Azərbaycan tərəfi bəyanat verərək üçtərəfli bəyanatdan irəli gələrək Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdən erməni silahlılarının çıxarılmasını tələb etdi. Görünən odur ki, Cənubi Qafqazda vəziyyət yenidən alovlanır.
Sputnik Azərbaycan mövzu ilə bağlı millət vəkili Zahid Orucun və politoloq Elşən Manafovun fikirlərini öyrənib.
Millət vəkili Zahid Oruc bildirib ki, son insident bir neçə mühim məsələni üzə çıxardı: "Birincisi ondan ibarətdir ki, 10 noyabr bəyannaməsi nə qədər ki tam icra olunmayıb, bu və bənzəri lokal toqquşmalar qaçılmaz olacaq.
Onun sözlərinə görə, söhbət ilk növbədə separatçı hərbi birləşmə ilə mülki insanları bir-birindən ayırmaqdan gedir:

"Bu insidentə qədərki dövrdə biz Avropa İttifaqının mandatsız, hər hansı bir beynəlxalq legitimliyi olmayan monitorinq qrupunun Azərbaycan-Ermənistan sərhədinə göndərilməsini gördük. Bəllidir ki, atılacaq hər bir gülləni ölkəmiz əleyhinə fiksasiya edərək onun üzərindən Azərbaycana qarşı Qərb məkanında qərar və qətnamələr qəbul etmək, daha sonra onu BMT müstəvisinə çıxarmaq və qəbul olunmuş qətnamələr vasitəsilə NATO-nu Azərbaycanın üzərinə yönəltmək məqsədi güdülür. Strateji plan bundan ibarətdir.

Biz deyirdik ki, onlar gərginlik arealını genişləndirməklə Xankəndi ətrafına da gəlməyə çalışacaqlar. Dünənki insidentdən sonra erməni mediasında biz buna vurğu edildiyini görürük. Azərbaycan tərəfinin cavabı isə bəllidir. Elə məhz martın 1-də erməni icması ilə aparılan danışıqlar post-münaqişə dövründə reinteqrasiya və birgə yaşayış üçün ən mühim addımlardan biridir".
Millət vəkili onu da deyib ki, bu danışıqlar görüntü xarakter daşımırdı: "Azərbaycan dövlətinin əsas məqsədi Ruben Vardanyan proyektinin sıradan çıxarılmasından sonra qanunlarımıza və konstitusiyamıza itaət göstərən, cinayət törətməmiş şəxslərlə birgə yaşayışın yollarını tapmaqdır. Sərsəng su hövzə ilə bağlı dəfələrlə belə görüşlər keçirilib. Bu onun göstəricisi idi ki, Azərbaycan əsla və qətiyyən "ermənisiz Azərbaycan modeli" üzərində dövlət siyasəti aparmır. Azərbaycanın çoxmillətli ölkə olması bunun ən böyük sübutudur. Ermənistan tərəfi insident nəticəsində zərərsizləşdirilənlərin polis nəfərləri olduğunu iddia edir. Xankəndində ictimai təhlükəsizliyi təmin etdiyi iddia edilən zərərsizləşdirilmiş şəxslərin "Kalaşnikov" markalı odlu silahla kimə qarşı silahlandıqları özü sual doğurur".
"Azərbaycan bəyan etmişdi ki, Laçın-Xankəndi yolunda nəzarət buraxılış məntəqələri qoyulmalıdır, çünki əks-halda prosesə bu cür yanaşma təxribatları davam etməsinə gətirib çıxaracaq. Faktiki olaraq 10 noyabr bəyanatında Xankəndi və Ermənistan arasında əlaqənin Laçın yolu ilə qurulacağı göstərilib. Erməni tərəfinin müharibədən öncəki leksikondan istifadə etməsi isə yolverilməzdir.

Azərbaycanda bir ordu var və ona qarşı addım atmaq istəyənlər Azərbaycan üçün legitim hədəfə çevriləcək.

Bu eyni zamanda Ruben Vardanyanın ətrafındakı qüvvələrlə yerli rəhbər şəxslərin bir-biri ilə hesab çəkmə hadisədir. Xankəndindəki rəhbər şəxslərlə Ermənistandakı bəzi müxtəlif siyasi qüvvələr bir-birinə bağlıdır və onlar Xocalı görüşünü həzm edə bilmirlər. Ermənilər özlərini qurban kimi göstərməkdənsə, danışıqlar yoluna gəlməlidirlər ki, bu cür toqquşmalar ortadan qalxsın".
Politoloq Elşən Manafov isə bildirib ki, Azərbaycanın separatizmə cavab vermək haqqı beynəlxalq hüquqla təsbit olunmuş məsələdir: "Düşünmürəm ki, bu insident Azərbaycan və Ermənistan arasında geniş miqyaslı əməliyyatların başlanmasına gətirib çıxaracaq. Çünki Ermənistan artıq bu hadisələrə görə, məsuliyyət daşımadığını bəyan edib. Azərbaycanın Ruben Vardanyanı Qarabağdan uzaqlaşdırmağa nail olması bu insidentə səbəb olacaq amillərdən biridir".
Politoloq qeyd edib ki, Vardanyan separatçı rejimin idarəetməsindən uzaqlaşdırılsa da, Qarabağda özünə məxsus fondlar vasitəsilə humanitar aksiyalar adı altında fəaliyyətlər icra edir:

"Bu göstərir ki, bəlli dairələr Vardanyanla bağlı kartdan hələ tam imtina etməyiblər. Vardanyan həm də Ermənistanda Paşinyanı əvəzləmək üçün düşünülmüş bir oyunçudur. O baxımdan baş vermiş insidentin Vardanyanın təşəbbüsü ilə baş verməsi ehtimalı da az deyil. Digər tərəfdən bu insident Ermənistanda hakimiyyət uğrunda mübarizənin doğurduğu reallıqların bir hissəsisir".

Politoloq ABŞ və Aİ təmsilçilərinin regiona səfərlərinə də münasibət bildirib və vurğulayıb ki, səfərlərin intensivləşməsi geosiyasi rəqabətin doğurduğu reallıqlardan qaynaqlanır:
"Azərbaycanın separatçılara cavabı danışıqların intensivləşdirilməsi ola bilər. Hərçənd ki, ölkəmizin anti-terror əməliyyatları keçirmək hüququ var və bunun baş verəcəyi istisna edilmir. Rəsmi Bakı 10 noyabr bəyannaməsindən irəli gələn məsələlərin həll edilmıəsində israr edir. Düşünürəm ki, bu baxımdan Rusiya ilə təmasların sıxlaşdırılmasına ehtiyac var. Eyni zamanda hesab edirəm ki, Azərbaycan tərəfinin Xocalıda erməni icması ilə görüşməsi Qərbin irəli sürdüyü təkliflərdən irəli gələn məsələdir. Amma məncə bu yaxşı heç nə vəd etmir".
Xəbər lenti
0