Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Zərərverici həşərat ilə bağlı əhaliyə yenidən müraciət edilib - FOTO

© Photo : AQTAQəhvəyi mərmər zərərverici
Qəhvəyi mərmər zərərverici  - Sputnik Azərbaycan, 1920, 02.03.2023
Abunə olmaq
Zərərvericinin qışlama yerlərini maksimum azaltmaq məqsədilə ev, çardaq və bağlara yaxın tikililərdə təmizləmə işləri aparılmalı, həmin tikililərdə pəncərələr xırdagözlü torla bağlanılmalıdır.
BAKI, 2 mart — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən (AQTA) qəhvəyi mərmər bağacığı ilə bağlı əhaliyə növbəti dəfə müraciət olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, müraciətdə hər bir vətəndaşın yayılma təhlükəsi aradan qalxmayan həmin zərərverici barədə məlumatlı olmasının və ona qarşı müvafiq tədbirlər həyata keçirməsinin vacibliyi önə çəkilib.
Müraciətdə bildirilir ki, qəhvəyi mərmər bağacığının bəzi taxtabiti növləri ilə yaxın morfoloji oxşarlığı olsa da, bədənin azacıq yastı, armudvari forması, qəhvəyi rəngi, baş, döş və qanad üstlüklərində mərməri xatırladan açıq rəngli ləkələrin, bığcıqlarında və qarıncığının kənarlarında xarakterik ağ-qara naxışlarının olması onu digərlərindən fərqləndirir.
Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri (nimfaları) yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və s. vasitəsilə yayılır. Yetkin fərdlərin təbii yolla (uçaraq) yayılması da məlumdur.
Qəhvəyi mərmər bağacığı yetkin fərd mərhələsində qrup halında qışlayır və qışlama yeri kimi insanların yaşadığı binalara və digər tikililərdəki sığınacaqlara üstünlük verir. Əsasən tikililərin qaranlıq və yuxarı hissələrində toplaşırlar.
Havanın temperaturu və günün uzunluğu zərərvericinin qışlamadan çıxmasına təsir edən başlıca amillərdir. Belə ki, havanın temperaturu +15 dərəcə C-dən yuxarı olduqda yetkin fərdlərin qışlama yerlərindən çıxması, +17 dərəcə C-dən çox olduqda isə aktiv qidalanmağa başlaması məlumdur.
Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanır. Yüksək risk altında olan bitkilərə fındıq, alma, armud, şaftalı, nektarin, üzüm, qarğıdalı, pomidor, badımcan və bibər, orta risk altında olan bitkilərə isə ərik, qaragilə, gilas və xiyar daxildir. Zərərvericinin qidalanması yazda başlayır və payızın axırına qədər davam edir.
Zərərvericinin qışlama yerlərini maksimum azaltmaq məqsədilə ev, çardaq və bağlara yaxın tikililərdə təmizləmə işləri aparılmalı, yetkin fərdlərin qışlama üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün həmin tikililərdə pəncərələr xırdagözlü torla bağlanılmalıdır.
Qeyd edək ki, "Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında" Nazirlər Kabinetinin Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə yaradılmış Regional Əlaqələndirmə Mərkəzlərində "Qaynar xətt" fəaliyyət göstərir.
Vətəndaşlar +994 99 708 85 88 (Qərb rayonları üzrə) və +994 99 308 85 88 (Şimal qərb rayonları üzrə) telefon nömrələrinə zəng vuraraq qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumatları ala bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0