CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda taksi qiymətləri bahalaşa bilər?

© Sputnik / Anar MustafayevTaksi
Taksi - Sputnik Azərbaycan, 1920, 02.03.2023
Abunə olmaq
AYNA-dan bildirilib ki, taksi minik avtomobilləri ilə daşımalarda tariflər dövlət tərəfindən tənzimlənmir və daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur.
BAKI, 2 mart — Sputnik. Azərbaycanda bəzi taksi operatorları fərqli tarif siyasətinə keçiblər. Bu barədə sosial platformalarda məlumat yayılıb. Belə ki, Azərbaycanda bəzi taksi operatorlarının dəqiqə hesabı tarifə keçəcəyi gözlənilir.
"Bolt" taksi xidmətindən istifadə edən sərnişinlər yaxın günlərdə gediş haqqının məsafəyə görə deyil, sərnişinin gedəcəyi yola sərf edilən vaxta uyğun ödənəcəyi barədə məlumat yayılıb. Bunun isə taksilərdə gediş haqqının artıracağına dair iddialar var.
Sputnik Azərbaycan taksi operatorlarının gediş haqqında fərqli tarif siyasəti tətbiq etməsinin nə dərəcədə qanunauyğun olduğunu araşdırıb.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksi operatorlarına lazımi nəzarət olmadığından onlar istədikləri kimi davranırlar.
© Sputnik / Murad OrujovElməddin Muradlı
Транспортный эксперт Эльмаддин Мурадлы - Sputnik Azərbaycan, 1920, 01.03.2023
Elməddin Muradlı
E.Muradlının sözlərinə görə, ölkəmizdə taksi xidmətində vahid tarif tətbiq edilmədiyindən taksilərdə gediş haqqı məsafəyə uyğun tənzimlənir. Ekspert bildirib ki, gediş haqqının dəqiqə hesabı ödənilməsinin sərnişinlərə sərfəli olub-olmayacağını bu xidmət istifadəyə verildikdən sonra müəyyən etmək mümkün olacaq.

"Vahid qiymət sistemini müəyyənləşdirmək bu baxımdan önəmlidir ki, belə özbaşınalıqlar olmasın. Ayrı-ayrı şirkətlər öz davranışlarını nümayiş etdirirlər. Əslində qiymətlərin müəyyənləşdirilməsində belə özbaşınalıq olmamalıdır. Dünyada gecə-gündüz, pik saatlar, bayram günləri ilə bağlı fərqli tariflər var. Taksi şirkətləri gecə bir, gündüz isə fərqli tarif siyasəti yürüdə bilər. Dünyada da bu cür təcrübə mövcuddur. Amma dəqiqəyə görə gediş haqqının ödənilməsi tıxac olduqda sərnişinə sərf etməyəcək", - deyə E. Muradlı bildirib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a bildirdi ki, Agentlik minik avtomobillərinə fərqlənmə nişanı verilməsini təmin edir. Tariflərin tənzimlənməsi BNA-nın səlahiyyətlərinə aid məsələ deyil.
© Sputnik / Murad OrujovBakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev - Sputnik Azərbaycan, 1920, 01.03.2023
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə sorğumuza cavabda bildirildi ki, taksi kimi fəaliyyət göstərən minik avtomobilləri ilə daşımalarda tariflər dövlət tərəfindən tənzimlənmir və daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiyməti fəaliyyət göstərən taksi operatorları rəqabət şəraitində formalaşdırır.

"Avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımaların liberallaşdırılması, daşıyıcılara daha əlverişli şərait yaradılması məqsədilə 2015-ci ildən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına lisenziya tələbi ləğv edilib. Sahibkarlar üçün belə əlverişli şərait yaradılması müvafiq sahədə təklif bolluğu yaradıb, əhalinin məşğulluğuna müsbət təsir edir", - deyə qurumdan verilən rəsmi cavabda qeyd olunub.

"Bolt" taksi xidmətindən isə sorğumuza heç bir cavab verilməyib.
Məlumat üçün bildirək ki, Azərbaycan taksi xidmətləri tariflərinin bahalığına görə MDB ölkələri arasında ikinci yerdədir. Ölkə üzrə taksidə orta gediş haqqı bir kilometr üçün 1 manat təşkil edir.
Qlobal istehlak qiymətləri bazası olan Numbeo-nun məlumatına görə, MDB ölkələrində ən bahalı taksi xidməti Türkmənistandadır. Burada gediş haqqı bir kilometr üçün 1,46 manat (Azərbaycan valyutası ilə) təşkil edir.
Ən ucuz taksi xidməti Belarusdadır - gediş haqqı bir kilometr üçün 0,25 manat. Bu xidmət bir kilometr üçün Qırğızıstanda 0,32 manat Özbəkistanda isə bir qədər baha, yəni 0,34 manatdır.
Bir kilometr üçün gediş haqqına görə Moldova 0,36 manatErmənistan 0,39 manatla reytinqdə sonrakı yerləri tuturlar.
Tacikistanda taksidən istifadənin qiyməti bir kilometr üçün orta hesabla 0,44 manat, Rusiyada - 0,57 manat, Qazaxıstanda - 0,59 manat təşkil edir.
Qeyd edək ki, taksi xidmətlərinin qiymətinin bahalığına görə dünyada birinci yeri İsveçrə tutur. Bu ölkədə sərnişin gediş haqqına görə bir kilometr üçün 6,6 manat ödəməlidir. Seyşel adalarında isə bir kilometr üçün orta gediş haqqı 5,86 manat, Yaponiyada isə 5,21 manat təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0