Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İllərdir həll olmayan problem: Dublyaj aktyorlarının qonorarı nə zaman artacaq?

© AP Photo / Victor R. CaivanoDublyaj studiyasında səsin yazılması
Dublyaj studiyasında səsin yazılması - Sputnik Azərbaycan, 1920, 28.02.2023
Abunə olmaq
Dublyaj aktyorları bildirir ki, 2000-ci illərin əvvəllərində televiziyalar dublyaja görə yüksək qonorar ödəyirdi, amma indi bu məbləğ çox cüzidir.
BAKI, 28 fevral — Sputnik. Milli Teleradio Şurası 2007-ci ildən etibarən telekanallarda əcnəbi dildə film və verilişlərin yayımlanmasını qadağan etdi. Texniki baxımdan irəliləyiş olsa da dublyaj aktyorlarına ayrılan məvacib onları qane etmir.
İzlədiyimiz əksər əcnəbi serial və kinoları öz dilimizdə səsləndirən Hüsniyyə Mürvətova deyir ki, dublyaj sahəsindən qazandığı məbləğ olduqca azdır. Mürvətova bildirir ki, müstəqillikdən sonra ölkəmizdə filmlər dublyaj olunanda bir aktrisa və bir aktyor olurdu. İndi isə sinxron dublyaj olunur. Hər obraza uyğun aktrisa və aktyor seçilir:
"Biz həmin obrazın hisslərini özümüz də yaşayırıq və yansıdırıq. Dublyaj sənəti olduqca çətin işdir. Dublyajda işləyən aktyorların əksəriyyətinin xroniki xəstəliyi var. Dublyaj aktyorlarında nəfəs çatışmazlığı, oksigen çatışmazlığı olur. Çünki biz vaxtımızın böyük bir hissəsini qapalı, səs keçirməyən, havasız otaqlarda keçiririk. Bütün bu əziyyətlərin müqabilində aldığımız qonorar çox azdır. Qonorarımızı artırsalar, çox yaxşı olardı. Başa düşürük, pandemiyadır, çətin vaxtdır. Amma aktyorların da qazancı bundandır axı. Sizə deyim ki, heç çəkildiyimiz seriallarda da vəziyyət yaxşı deyil. Orada da qonorar çox azdır".
Uzun illər dublyaj sahəsində çalışan Nəcibə Hüseynova deyir ki, 2000-ci ilin əvvəllərində dublyaja çox böyük maraq vardı. Televiziyalar dublyaja görə yüksək qonorar ödəyirdi. İndi isə bu məbləğ çox cüzidir:
"Əvvəlki vaxtlar sinxron tərcümə etmirdik, indi isə sinxron tərcümə edirik. Bu da çox çətindir. Biz o obrazı ikinci dəfə oynayırıq. Çəkilən bu əziyyətin müqabilində verilən qonorar çox aşağıdır. Təxminən 1 filmə 25 manat verirlər".
Xəbər verdiyimiz kimi, dublyaj aktyor Kamal Yaşar bir neçə gün öncə Prezident İlham Əliyevə videomüraciət ünvanlamış, dublyaj sahəsində vahid mərkəzləşmənin olmadığı, bu sahədə fəaliyyət göstərənlərin ciddi maddi sıxıntılar yaşadığını bildirmişdi. O qeyd etmişdi ki, əlaqədar qurumlar illərlə bu sahəni başsız qoyublar:
"Buna görə mən məcbur qalıb ölkə başçısına müraciət etmişəm. Bu, mənim fərdi, şəxsi dərdim deyil, ümumən incəsənətin dərdidir. Bunun da başbilənləri var. Əgər düzəlməlidirsə, düzələcək. Düzəlməməlidirsə, mənim bu sahədəki adi oyunçu olaraq bunu düzəltməyə heç bir gücüm yoxdur. Bu, illərdir belə davam edirdi. Mən səssizliyi pozdum. Amma edə biləcəyim bundan artığı deyil".
Kamal Yaşar qeyd edib ki, əgər dövlət səviyyəsində diqqət olsa, onun üçün bu sahənin proeblemlərini konseptual şəkildə yazıb, planlayıb sistemləşdirmək və həll etmək su içmək qədər asandır: "Mən və həmkarlarım durumu düzəltmək üçün dərhal səfərbər ola bilərik. Amma gərək məsələ yuxarıdan həll olunsun".
Tərcüməçilər də bu sahədə qan ağlayır
Filmlərin tərcüməsində də vəziyyət yaxşı deyil. Tərcüməçi Anar Mahmudovun sözlərinə görə, bu haqda çox danışılıb, amma söhbətlər bir qayda olaraq müəyyən nöqtədə dayanıb. Azərbaycanda dublyajın cari vəziyyətini görmək üçün xüsusi müşahidə qabiliyyəti lazım deyil. Ayrı-ayrı tərcümə nümunələrini ələ salmaqla hamı işini bitmiş hesab edib:
"Heç kim o vəziyyəti yaradan səbəbləri araşdırmaq istəmir. Bu şəraiti yaradan - telekanalların, yaxud onların həmin işi həvalə etdiyi yaradıcılıq studiyalarının (prodakşnların) rəhbərliyinin səriştəsizliyi və rüsvayçı acgözlüyüdür. Bütün səviyyələrdə qənaət yalnız yaradıcı işə ayrılan büdcənin hesabına gerçəkləşdirilir".
Tərcüməçinin sözlərinə görə, təkcə son 7-8 ildə qonorar 2-3 dəfə azaldılıb. Redaktor, rejissor postu demək olar, tam ləğv edilib. Qənaət naminə səsləndirməyə mümkün qədər az sayda aktyor cəlb edilir ki, bu da filmin keyfiyyətinə pis təsirini göstərir: " Bir filmi 30 manata, 50 manata, 60 manata tərcümə etdirirlər. Bəzən 30-40 səhifə tutan mətnə cəmi 30 manat qonorar verirlər. Beləcə, bir filmi 100-200 manata aparıb efirə çıxarırlar, halbuki telekanallar bir filmi efirə verməklə reklamdan on minlərlə manat qazanc əldə edirlər. Bu, acgözlüyün zirvəsidir, bundan o yana heç nə ola bilməz".
Qeyd edək ki, bu günlərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) dublyaj sahəsindəki problemlərlə bağlı müzakirə keçirilib. Müzakirədə dublyaj sahəsindəki vəziyyət analiz edilərək bildirilib ki, dublyaj sahəsində peşəkarlığın artması və keyfiyyət dəyişikliyi var, xüsusilə səs rejissorlarının işlərində irəliləyişlər əldə olunub. Ancaq bununla yanaşı, görüləcək işlər də çoxdur. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov qeyd edib ki, dublyaj sahəsinin problemləri İttifaqın maraq dairəsində olmalı, illik mükafatlarda dublyaj fəallarının da mükafatlandırılması, dövlət fəxri adlarına təqdim edilməsi və periodik olaraq bu sahənin problemlərinin qaldırılması diqqət mərkəzində saxlanılmalıdır:
"Tərcümə sahəsində çalışan peşəkarların, eyni zamanda aktyorların qonorarlarının 30-50 faiz artması, səslənən əsas təkliflərdən oldu. Bundan başqa, dublyaj aktyorlarının, rejissorlarının və prodüserlərinin fəxri adlar alması, sosial qayğılarının həllinə də toxunulub. Həmçinin, Azərbaycan Kinematoqrafçılar İttifaqında dublyaj seksiyasının yaradılması da nəzərdə tutulub. Bu sahə ilə məşğul olan insanların sosial rifahı yaxşı olmalıdır. Onlara yüksək məbləğdə qonorar verilməlıdir ki, aktyor həvəslə öz rolunu ifa edə bilsin".
AzTv-nin binası - Sputnik Azərbaycan, 1920, 15.02.2023
MƏDƏNİYYƏT
AzTv-nin addımı ibtidai icma psixologiyasına uyğundur - Karlson kimi yaşayan Xalq artisti
Xəbər lenti
0