CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu şəxslərdən notariusda nəqliyyat xərci alınmayacaq - Yenilik

© Joe Raedle / Getty Images / AFPİmza
İmza - Sputnik Azərbaycan, 1920, 28.02.2023
Abunə olmaq
Notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulan etibarnamələrdən biri ləğv olunur.
BAKI, 28 fevral — Sputnik. Sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslərə etibarnamə vermək üçün dəvət olunan notarius onlardan nəqliyyat xərcini tələb edə bilməz.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Notariat haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Eyni zamanda notarius nəqliyyat xərclərinin ödənilməməsinə görə sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin təsdiq edilməsinə dair notariat hərəkətlərini aparmaqdan imtina edə bilməz.
Hazırda notarius iş yerindən kənarda notariat hərəkətlərini aparmaq üçün getdikdə faktiki nəqliyyat xərcləri maraqlı şəxslər tərəfindən ödənilir. Mülki Məcəlləyə təklif olunan dəyişikliyə görə sosial xidmət müəssisələrinin müdiriyyətinin etibarnamə vermə səlahiyyəti məhdudlaşdırıldığından və notarius xidmətinə ehtiyacın yarana biləcəyindən qanuna müvafiq dəyişiklik edilməsi zərurəti yaranır.
Həmçinin notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulan etibarnamələrin sayı azalır. Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Əhalinin sosial müdafiəsi müəssisələrində olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərin həmin müəssisənin müdiriyyəti və ya müvafiq sosial xidmət orqanının rəhbəri (onun müavini) tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulan etibarnamələrin siyahısından çıxarılır.
Qeyd edək ki, Mülki Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Etibarnaməni notariat qaydasında təsdiqləmək hüququ notariuslarla yanaşı bir sıra vəzifəli şəxslərə də həvalə edilib. Belə ki, məcəllənin 362.3-cü maddəsində notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulan etibarnamələrin dairəsi müəyyən edilib. Bu hüquq aidiyyəti qurumlara verilərkən bir sıra meyarlar (həmin ərazidə notariat ofisinin olmaması və ya notariusu dəvət etmək imkanının məhdud olması, habelə şəxsin sağlamlıq vəziyyəti ilə bağlı operativliyin təmin olunması zərurəti və sair) nəzərə alınıb. Mövcud qanuna əsasən əhalinin sosial müdafiəsi müəssisənin müdiriyyəti və ya müvafiq sosial xidmət orqanının rəhbəri (onun müavini) tərəfindən təsdiqlənmiş etibarnamələr də notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur və onlar həmin müəssisələrdə olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərə istənilən etibarnamələri verə bilirlər.
Təklif olunan dəyişikliyə əsasən sosial xidmət müəssisəsinin müdiriyyəti (onun müavini) tərəfindən həmin sosial xidmət müəssisəsinə yerləşdirilən şəxslərə verilə biləcək etibarnamələrin dairəsi məhdudlaşdırılır (bu məqsədlə 362.3.4-cü maddə ləğv edilir) və bu müəssisələrin müdiriyyəti tərəfindən yalnız əmək haqqının və əmək münasibətləri ilə bağlı digər haqların, müəlliflərin və ixtiraçıların haqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin, fiziki şəxslərin banklardakı əmanətlərinin və poçt göndərmələrinin, o cümlədən pul və bağlamaların alınması üçün etibarnamə verilə bilməsi təsbit edilir.
Xəbər lenti
0