CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mobil telefonların qeydiyyatı ilə bağlı dəyişiklik nədən ibarətdir?

© Sputnik / Наталья Селиверстова / Mediabanka keçidSmartfonlar, arxiv şəkli
Smartfonlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.02.2023
Abunə olmaq
Yeni dəyişikliklər bəyannamə ilə bağlıdır. Vətəndaş öncə xaricdən gətirdiyi telefon üçün bəyannamə verməli, daha sonra isə müvafiq portal vasitəsilə rahatlıqla, bir neçə dəqiqə ərzində telefonunu qeydiyyatdan keçirə bilir.
BAKI, 25 fevral — Sputnik. Artıq bir neçə gündür ki, xaricdən gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonlarla bağlı müəyyən dəyişikliklər qüvvədədir.
Bu dəyişikliklər bəzi vətəndaşlar tərəfindən narazılıqla qarşılanır. Müxtəlif sosial şəbəkə hesablarında yeni dəyişikliklərlə bağlı vətəndaşın daha çox vaxt itkisinə məruz qaldığı qeyd edilir. Onlar bu problemin Dövlət Gömrük Komitəsindən qaynaqlandığını bildirirlər.
Bəs, problemin kökündə nə dayanır?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qaynar xəttindən Sputnik Azərbaycan-a cavab olaraq bildirildi ki, yeni dəyişiklikərə əsasən öncə məhsula görə bəyannamə verilməli və daha sonra onun qeydiyyatı aparılmalıdır. Vətəndaş qeydiyyat üçün poçta yaxınlaşa bilər, yaxud da bunu daha operativ icra etmək üçün elə nazirliyin “portal.rinn.az” saytından birbaşa müraciət edərək heç bir növbə gözləmədən mobil cihazını qeydiyyatdan keçirə bilər.
Lakin poçtda canlı növbə zamanı vətəndaş bir qədər vaxt itirə bilər deyə, əməliyyatı birbaşa olaraq “portal.rinn.az” saytından icra etmək tövsiyə edilir.
Məsələnin bəyannamə ilə bağlı hissəsinə gəlincə isə, Dövlət Gömmrük Komitəsinin qaynar xəttindən bildirilib ki, şəxs məhsulu üzərində gətirirsə, dəyəri 800 dolları aşan məhsula görə bu zaman sərhəd-keçid məntəqəsində gömrük ödənişinə cəlb olunur. Məhsulun dəyəri 800 dolları aşmazsa, bu zaman mobil cihaz əlavə gömrük ödənişinə cəlb olunmur.
DGK-nin qaynar xəttindən bildirilir ki, məhsul poçt vasitəsilə göndərilərsə, bu zaman mobil cihazın dəyəri 300 dolları aşarsa, o gömrük ödənişinə cəlb olunacaq. Bundan başqa, alınan məhsula görə sərhəddən keçərkən bəyannamə yazılmalıdır. Yəni, məhsulun qiyməti 300 dolları keçərsə, bu zaman ümumi məbləğin 36 faizi ödənilməlidir. Bundan əlavə sadələşdirilmiş bəyannaməyə görə 10 manat rüsum ödənilməlidir. Məhsulun dəyəri 1000 manata yaxın olarsa, bu zaman gömrük yığımı üçün əlavə olaraq 15 manat, 1000 manatdan yuxarı olarsa, gömrük yığımı üçün əlavə olaraq 60 manat ödəniləcək.
Yəni, poçt tərəfində göndərilən məhsulun dəyəri 300 dollar limitini aşarsa, bu zaman o gömrük ödənişinə cəlb olunacaq. Məhsulun dəyərindən asılı olmayaraq, gömrük bəyannaməsinin verilməsi mütləqdir.
Ekspert rəyi
İKT üzrə ekspert Fərid Kazımov da Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, əslində bu istiqamətdə olan dəyişiklik vətəndaş üçün hansısa çətinlik yaratmır, vaxt itkisinə səbəb olmur: "Yəni, bunun üçün poçt şöbəsinə getməyə də ehtiyac yoxdur. Müvafiq tətbiqlər vasitəsilə də telefonu qeydiyyatdan keçirmək olar. Görünür ki, müəyyən problemlərlə qarşılaşan vətəndaşlar ənənəvi qaydadan istifadə edib və bir qədər texnologiyalardan kənardırlar".
Xatırladaq ki, fevralın 15-dən etibarən xaricdən gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonlar qeydiyyata alınmayacaq.
Belə ki, qeyd olunan tarixdən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların IMEI nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.
Bununla bağlı artıq ötən aydan Dövlət Gömrük Komitəsinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytlarında müvafiq bildirişlər göstərilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən, xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Bəyannamə yazılı, yaxud elektron köşklər, eləcə də “e.customs.gov.az” portalı və ya “Smart Customs” mobil tətbiqi vasitəsilə elektron qaydada gömrük orqanına təqdim edilə bilər.
Belə ki, fevralın 15-dən etibarən mobil telefonların “portal.rinn.az” saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. 15 fevraldan etibarən bəyan edilməyən və rüsumu ödənilməyən mobil cihazların ölkə daxilində IMEI qeydiyyatı həyata keçirilməyəcək. Yəni, öncə şəxs məhsulu bəyan etməlidir.
Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliyə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə onun IMEI nömrəsini dəyişdirənlər 12 min manatadək cərimələnəcək. Gömrük sərhədindən keçirilən mobil telefonun bəyan edilməməsi isə öz növbəsində inzibati məsuliyyət yaradır.
Bir sözlə, bu dəyişikliklər bəyannamə ilə bağlıdır. Vətəndaş öncə xaricdən gətirdiyi telefon üçün bəyannamə verməli, daha sonra isə müvafiq portal vasitəsilə rahatlıqla, bir neçə dəqiqə ərzində telefonunu qeydiyyatdan keçirə bilir.
Xəbər lenti
0