Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəbdə şagirdlərə qadağalar qoyulacaq - Dar geyim, mobil telefon... - Eksklüziv siyahı

Şagird - Sputnik Azərbaycan, 1920, 25.02.2023
Abunə olmaq
Qaydalara görə, şagirdlər tədris binasının koridorlarında qaçmamalı, dəhliz və pilləkənlərin sağ tərəfi ilə hərəkət etməlidirlər.
BAKI, 25 fevral — Sputnik. "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın pilot tətbiqinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bəs görəsən yeni qaydalarda şagirdlərlə bağlı hansı qadağalar öz əksini tapıb?
Sənədə dəyişiliklik edilib
Elm və Təhsil Nazirliyinin Təhsil İslahatlarının Koordinasiyası sektorunun müdiri Leyla Xəlilova bildirib ki, qaydalarda bir sıra dəyişikliklər edilib. Onun sözlərinə görə, bu qaydalarda təkcə cəza nəzərdə tutulmur. Həmçinin intizam və rəğbətləndirmə tədbirləri də öz əksini tapıb.
"Burada məqsəd həm də yaxşı nümunələri şagirdlərə göstərmək, eyni zamanda bu nümunələri cəmiyyətə təqdim etməkdir".
Onun sözlərinə görə, qaydalar hazırlanarkən şagirdlərin davranış qaydalarına əməl etməsi ilə yanaşı, şagirdlərin hüquqlarının pozulmaması əsas götürülüb.
"Onları dinləmək imkanı da yaradılır", - deyə Xəlilova vurğulayıb.
L.Xəlilova onu da bildirib ki, "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nd öz əksini tapan intizam tənbeh tədbirlərinin bir neçə mərhələsi var.
"Burada sözlü və qeyri-verbal ünsiyyətdən başlayaraq psixoloqla görüşlər nəzərdə tutulur. Bu təlimatın formalaşmasında ictimaiyyətin böyük rolu oldu. İctimaiyyətdən rəylər toplandı, ictimai müzakirələr təşkil olundu. Elm və Təhsil Nazirliyi tərəfindən sözügedən təlimata bir sıra dəyişikliklər edildi. Bu sənəddə bir sıra cəzalar nəzərdə tutulmuşdu ki, buraya məktəbdən uzaqlaşdırma tədbirləri daxil idi. Bu cəzalandırma ictimaiyyətin rəyi əsasında intizam tənbeh-tədbirləri siyahısından çıxardıldı. İctimaiyyət tərəfindən çox da müsbət qəbul olunmayan sarı, narıncı və qırmızı kartlar məsələsi də təlimatdan çıxardılaraq əvəzinə bildiriş məktubları siyahıya daxil edildi".
Sektor müdiri deyir ki, əgər şagirdin davranış qaydalarını və nizam intizam qaydalarını pozması təkrarlanarsa, onun valideyninə bildiriş məktubu göndərilir. Buna əsasən şagirdin nizam-intizam tədbirləri ilə başlanılır.
O, həmçinin qaydalarda anlaşılmayan ifadələrin də təlimatdan çıxardılaraq daha aydın olan ifadələrlə əvəzləndiyini söyləyib. Bildirib ki, təlimatın son versiyası yaxın vaxtlarda nazirliyin elektron saytına daxil ediləcək.
L. Xəlilova bildirib ki, artıq 2023-2024-cü tədris ilin ikinci yarısından başlayaraq bu təlimatların tətbiqinə başlanılıb. Onun fikrincə, bu, məktəblərdə sağlam təhsil mühitinin formalaşmasına təsir göstərərək təkcə təhsil ictimaiyyəti üçün yox, bütün cəmiyyət üçün faydalı olacaq.
Hansı qadağalar olacaq?
Sputnik Azərbaycan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nı əldə edib.
Belə ki, məktəblərdə pilot tətbiqi üçün nəzərdə tutulmuş qaydalara görə, şagirdlər hər bir fənn üzrə dərslərin 96 faizdən çoxunda iştirak etməlidirlər. Buraxılmış dərs saatları üçün valideyn tərəfindən məktəbə yazılı izahat və tibbi arayış təqdim olunmalıdır. Şagirdlər dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal ilə dərsə gələ bilməzlər. Həmçinin şagirdlər məktəbə ağıllı saat, digər elektron cihazlar, mobil telefon gətirə, dərs zamanı istifadə edə bilməzlər. Qaydalarda birmənalı qarşılanmayan məqamlar da yer alıb. Belə ki, şagirdlər tədris binasının koridorlarında qaçmamalı, dəhliz və pilləkənlərin sağ tərəfi ilə hərəkət etməlidirlər. Məktəb daxilində yüksək səslə danışmamalıdırlar.
Məktəblərdə xüsusi komissiya yaradılır
Layihənin pilot tətbiq olunduğu məktəbin direktoru Tünzalə Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, şagird davranış qaydaları Respublikanln 300 məktəbi Bakının 62 məktəbi qoşulub. 53 nömrəli tam orta məktəb də bu siyahıdadır. Onun sözlərinə görə, ötən həftədə BŞTİ tərəfindən layihəyə daxil olan məktəb rəhbərləri ilə görüş keçirilərək müvafiq təlimatlar verilib.
"Pedaqoji şura iclası keçirib kollektivi qaydalarla tanış etdik. Məktəbin giriş hissəsində və 4 korpusda qaydaların ümumi müddüaları yerləşdirilib. Qəbul edilmiş qaydalar əmrləşdirilib. Qaydaların icrasına nəzarət məqsədi ilə xüsusi komissiya yaradılır. Buraya məktəbin səlahiyyətli şəxsləri ilə yanaşı nüfuzlu müəllimləri ,psixoloqları və valideynlər daxildir. Həmçinin bu qaydalarla təhsilin bütün iştirakçıları məlumatlandırıldı. Eyni zamanda xüsusi qeyd olunmalıdır ki burada yalnız nəzarət yox, həmçinin şagirdlərin özünüdəyərləndirmə tədbirləri nəzərdə tutulub ki, bununla şagirdlərin məsuliyyətinin müsbət istiqamətə dəyişəcəyi gözlənilir. Qaydaların tətbiqində məqsəd heç bir halda cəza deyil, tam əksinə, rəğbətləndirmə və müsbət motivasiyanın yaradılmasıdır", - deyə direktor bildirib.
Qeyd edək ki, qaydalar ilkin olaraq seçilmiş 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilir. Ümumilikdə 322 min nəfərdən çox şagirdi əhatə edən həmin müəssisələrdə davranış qaydalarının pilot tətbiqi cari tədris ilinin sonunadək davam edəcək.
Məlumat üçün onu da əlavə edək ki, ötən ilin oktyabr ayından başlayaraq "Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları" layihəsinin ictimaiyyət nümayəndələri ilə geniş müzakirəsi təşkil edilib. Layihə sənədi Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, Daxili İşlər Nazirliyi, UNICEF, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatları və təhsil ictimaiyyəti nümayəndələrinin, o cümlədən ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar, həmçinin valideynlərlə görüşlərdə keçirilən müzakirələr nəticəsində daha da təkmilləşdirilib.
Xəbər lenti
0