CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qurumlarına edilən vətəndaş müraciətləri niyə cavabsız qalıb

© Justin Sullivan/Getty Images/AFPMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 25.02.2023
Abunə olmaq
Dövlət qurumlarına edilən vətəndaş müraciətlərinin cavabsız qalmasıın səbəblərindən biri də qurumların bu cür davranışa görə hansısa məsuliyyətə cəlb olunmamasıdır
BAKI, 25 fevral — Sputnik. Sosial Tədqiatalar Mərkəzi tərəfindən dövlət orqanlarının (qurumlarının) stasionar və qaynar xətlərinə vətəndaş zənglərinin cavablandırılması üzrə qiymətləndirmənin nəticələri açıqlanıb.
Belə ki, STM tərəfindən 2022-ci il 17 oktyabr - 18 noyabr tarixlərində dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinin və qaynar xətlərinin fəaliyyəti və vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyətin qiymətləndirilməsini nəzərdə tutan monitorinq aparılıb.
Monitorinq zamanı vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti, vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyəti öyrənilib.
Dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinin və qaynar xətlərinin fəaliyyəti və vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyətin qiymətləndirilməsini nəzərdə tutan monitorinq çərçivəsində 41 dövlət orqanının (qurumunun) stasionar nömrələrinə və qaynar xətlərinə edilən 1518 zəngin ümumi olaraq 62,1%-nə cavab verilib, 37,9%-nə cavab verilməyib. Başqa sözlə, monitorinq nəticəsində qeydə alınan 1518 zəngdən 943-nə cavab verilib, 575 zəngə cavab verilməyib.
Media üzrə ekspert Ələsgər Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, açıqlanan rəqəmlər çox ciddidir və bunun üçün məsuliyyət də var: "İnzibati Xətalar" Məcəlləsi hər bir dövlət qurumunun informasiyanı təşkil etməklə bağlı vəzifələrini göstərir. Bunlardan biri də şifahi və yazılı sorğuları qəbul etməkdir. Sorğuları qəbul etməkdən imtina məsuliyyət yaradır. Bununla bağlı qanunvericiliyə nəzarətetmə funksiyası İnsan Hüquqları üzrə Müvəkkildədir".
"Müvəkkil qanunun ona verdiyi səlahiyyətlər çərçivəsində həmin qurumları müəyyən etməlidir. Bundan sonra inzbati sanksiyalar tətbiq edərək həmin qurumların əlçatan şəkildə informasiyalarını cəmiyyətə ötürməsini təşkil və təmin etməlidir", - deyə o əlavə edib.
Bu qurumların məsuliyyətə cəlb olunması ilə bağlı Ə.Məmmədli deyir: "Hüquq vətəndaşa aid olduqda, bu zaman işləyir. Yəni, vətəndaşdan bu hüquqlar tələb olunur. Lakin vəziyyət dəyişdikdə, hüquq dövlət qurumuna aid olduqda, demək olar ki, işləmir. "İnformasiya Əldə etmək" haqqında qanunun qəbulundan 18 il ötüb, amma bu illərdə biz bir dəfə də olsa hansısa dövlət qurumunun işini icra etmədiyinə görə məhkəmə qərarı ilə cərimələndiyini görməmişik. Qanun işləməyəndən sonra heç nə etmək olmaz".
Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, belə bir mötəbər qurum tərəfindən aparılan sorğuların nəticələri də obyektiv olur. Millət vəkili qeyd edir ki STM sorğusunun nəticələri ciddi araşdırılmalıdır: "Süründürməçiliyin qarşısı da alınmalıdır. STM-in bu araşdırmaları dövlətin müəyyən mexanizmlərinin daha dəqiq işləməsinə köməklik etmək məqsədi güdür və təqdirediləcək bir davranışdır. Düşünürəm ki, bu istiqamətdə müəyyən addımların atılmassı vacibdir. Müraciətlərin 37.9 faizinə heç cavab verilməyibsə, digər 50 faizinə isə formal, vətəndaş üçün həlledici olmayan cavab verilib. Çalışmalıyıq ki, vətəndaş məmnunluğu üçün başdansovdu, formal cavablar verilməsin".
Millət vəkili deyir ki, normal, bilikli kadrlar işə təyin olunarsa, bu zaman problemlər də aradan qalxmış olar: "Qanun, vətəndaş müraciətlərini cavablandırmaq qaydası var. Bütün bunlar olandan sonra vətəndaş niyə inciməlidir?!".
Qeyd edək ki, STM tərəfindən aparılan monitorinqdə 25 mərkəzi icra hakimiyyəti, 10 publik hüquqi şəxs və bir çox dövlət qurumlarının (orqanlarının) kommunikasiya xətlərinin fəaliyyəti və vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyəti araşdırıb.
Ümumilikdə 41 dövlət orqanının (qurumunun) kommunikasiya xətlərinə 21 iş günü ərzində günün birinci və ikinci yarısı üzrə ümumilikdə 1518 zəng edilib. Müvafiq iş günləri ərzində günün birinci və ikinci yarısında müxtəlif saatlarda 29 qurumdan 25-nin (bəzi qurumların qaynar xətti eynidir) həm stasionar nömrələrinə, həm də qaynar xətlərinə, 11 qurumun yalnız stasionar nömrələrinə (qaynar xətləri yoxdur), 5 qurumun isə yalnız qaynar xətlərinə (stasionar nömrələri yoxdur) zənglər edilib.
Ölkə üzrə ümumilikdə 41 dövlət orqanına (qurumuna) məxsus olan stasionar nömrələrin və qaynar xətlərin fəaliyyəti və bu kommunikasiya xətlərinə edilən vətəndaş zənglərinin cavablandırılması üzrə günün birinci və ikinci yarısında olmaqla ikimərhələli şəkildə monitorinq həyata keçirilib. Dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyətini və vətəndaşların zənglərinə cavab vermənin qiymətləndirilməsini nəzərdə tutan monitorinqin əhatə dairəsinə daxil edilən dövlət orqanlarına (qurumlarına) məxsus olan stasionar nömrələr və qaynar xətlərin siyahısının tərtibində qurumların rəsmi səhifələrindəki əlaqə bölməsinə istinad edilib.
Monitorinq çərçivəsində edilən bütün zənglərin planşet vasitəsilə videoqeydiyyatı aparılıb.
Dövlət orqanlarının (qurumlarının) stasionar nömrələri və qaynar xətlərinin fəaliyyəti və zənglərə cavab vermə üzrə monitorinqin nəticələrini ayrılıqda xarakterizə etsək, fərqli tendensiyanı müşahidə edə bilərik. Belə ki, əhatə olunan qurumların stasionar nömrələrinə edilən ümumi zənglərin 47,6%-nə cavab verilib, 52,4%-nə cavab verilməyib. Daha detallı qeyd etsək, günün birinci yarısında ümumilikdə stasionar nömrələrə edilən zənglərin 46,5%-nə cavab verilib, 53,5%-nə cavab verilməyib. Günün ikinci yarısında stasionar nömrələr üzrə cavab verilmiş zənglər 48,8%, cavab verilməmiş zənglər 51,2% təşkil edib.
Dövlər qurumlarının (orqanlarının) qaynar xətlər üzrə ümumi monitorinq nəticələrinə əsasən, zənglərin əksəriyyətinə (78,9%) cavab verilib, 21,1%-nə cavab verilməyib. Qaynar xətlər üzrə ümumi nəticələrin təhlilinə əsasən, günün birinci yarısında zənglərin 78,6%-nə cavab verilib, 21,4%-nə cavab verilməyib. Günün ikinci yarısında da demək olar ki təqribən eyni tendensiya müşahidə edilib. Belə ki, qaynar xətlərə edilən zənglərin 79,3%-nə cavab verilib, 20,7%-nə cavab verilməyib.
Cavab verilən 943 zəngin 79.9%-nin gözləmə müddəti 10 saniyəyə qədər təşkil edib. Cavab verilən zənglərin 3,6%-nin gözləmə müddəti 5 dəqiqədən çox olub. Ümumilikdə, monitorinq çərçivəsində qaynar xətlər üzrə cavablandırılmayan zənglərə görə maksimum gözləmə müddəti 20 dəqiqədən çox qeydə alınıb.
Nəzərə çatdıraq ki, aparılan monitorinqin dövlət qurumları (orqanları) üzrə ayrı-ayrılıqda ümumi nəticələri qarşıdakı dövrdə geniş ictimaiyyətə təqdim ediləcək.
Xəbər lenti
0