Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bakı-rayon yollarında qalan müəllimlərin problemlərini necə həll etmək olar?

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 25.02.2023
Abunə olmaq
Millət vəkili deyir ki, Bakıdan bölgələrə axın edən müəllimlərin nəqliyyat məsələsi ilə bağlı mexanizmlər haqda düşünmək lazımdır.
BAKI, 25 fevral — Sputnik. Bir neçə gün öncə təhsil vermək üçün Bakıdan bölgələrə gedən iki müəllim avtomobil qəzası nəticəsində düyasını dəyişib.
Bakıı-rayon yolarında qalan, bir çoxhallarda həyatlarını riskə atan müəllimlərin problemlərini necə həll etmək olar?
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 4 min 400 orta ümumtəhsil məktəbində 151 min müəllim çalışır, hər tədris ilində 9 minə qədər yeni müəllim işə qəbul olunur:
"Doqquz min müəllimdən yalnız iki mini mərkəzdə çalışanlardır. Etiraf edək ki, son günlərdə baş verən qəzalarda ölənlər arasında bölgələrə təhsil vermək üçün gedən müəllimər də var. Hesab edirəm ki, müəllimlərin işə qəbulunda dəyişiklik etməliyik. Çünki kənardan müxtəlif bölgələrə gedən müəllimlər yaşayış yeri ilə bağlı müəyyən problemlər yaşayırlar".
Ekspert düşünür ki, bu səbəbdən də işə qəbulda ilk növbədə ərazi prinsipi nəzərə alınmalıdır:
"Elan olunan vakant yer üzrə həmin yaşayış ərazisində qeydiyyatda olanlar, daimi yaşayanlar işə qəbul edilməlidirlər. Çünki həyat və təhlükəsizlik çox önəmlidir. Yəni vakant yerlər ətrafda yaşayan şəxslər tərəfindən tutulmazsa, bu zaman digər bölgələrdən olanlar bu yerlərə müraciət etməlidirlər. Bundan başqa, iş üçün bölgələrə axın edən müəllimlərin daşınmasını həyata keçirən nəqliyyat olmalıdır".
Təhsil üzrə digər ekspert Elçin Əfəndiyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakıda rayonlar üzrə müvafiq vakant yerlərin elan olunmaması müəllimlərin Bakıdan bölgələrə üz tutmasına səbəb olur. Bunun qarşısını almaq üçün Bakıda vakant yerlər elan olunmalıdır, müəllimlərin yaşam şəraitinin yaxşılaşdırılmasına çalışılmalıdır. Bölgələrdə yaşayan müəllimlər evlə təmin olunmalıdır. Bundan əlavə, müəllimlər üçün yataqxanalar da inşa edilməli və onlar evlə təmin olunmalıdırlar".
"Rayondakı müəllimlərin yaşam səviyyəsini yaxşılaşdırmalıyıq, əmək haqlarını artırmalıyıq", - deyə ekspert əlavə edib.
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvi Ceyhun Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bölgələrdə kifayət qədər müəllim olmadığından ayrı-ayrı bölgələrə Bakıdan axın olub:
"Bəzən bizə də belə müraciətlər olur. Arzuolunmaz halların baş verməməsi üçün çalışmalıyıq ki, hər bir müəllim yaşadığı bölgədə dərs desin, ayrı-ayrı bölgələrə getməsin. Bundan başqa, böyük rayon və kəndlərdə dərs deyən müəllimlərin qalması üçün hansısa şəraitin yaradılması da nəzərdə tutulmalıdır ki, müəllimlər hər gün bu yolu gedib-gəlməsinlər. Öncə vəziyyət təhlil olunmalıdır, sonra buna uyğun qərar verilməlidir".
Deputat qeyd edib ki, məsələyə kompleks yanaşmalıyıq. Rahatlığı düşünsək, gərək o zaman hamı Bakıda olsun, bölgələrdəki məktəblərdə yerlər boş qalsın.
"Vəziyyəti bu cür əsaslandırsaq ki, rayonlarda şərait aşağıdır, müəllimin həyat yoldaşı nə etsin, bu zaman çıxış yolu da tapmalıyıq. Vəziyyətə uyğun addımlar atılmalıdır ki, şəhərlərarası, bölgələrarası intensivlik azalsın", - deyə o, əlavə edib.
Bundan başqa, milət vəkili deyir ki, müəllimlərə verilən kirayə haqqının artırılması da nəzərdən keçirilməli, qəzaların başvermə səbəbləri təhlil olunmalı, qaydaları pozanlara ciddi xəbərdarlıqlar edilməlidir:
"Çünki son hadisələrin əksəriyyəti sürət həddinin aşıması, yaxud da qayda-qanunlara ciddi əməl olunmaması ilə bağlıdır".
Millət vəkili bölgələrə axın edən müəllimlərin nəqliyyat probleminə də toxunaraq deyib ki, vəziyyətdən çıxış yolu kimi ayrıca nəqliyyat növünün olması da versiya kimi düşünülməlidir:
"Nəqliyat məsələsi ilə bağlı mexanizmləri düşünə bilərik. Bu əslində çox ciddi məsələdir. Bir müddət əvvəl şagirdlərimiz, daha sonra isə müəllimlərimiz qəzaya düşdü. Təbii ki, bu kompleks məsələdir. Lakin hər yerə, bütün bölgələr üzrə bunu tətbiq etmək çətindir".
Gündəlik olaraq bu yolu gedən müəllimlər bölgələrdə həyat yoldaşlarına aid işlərin olmamasından, yaşayış səviyyəsinin, infrastrukturun aşağı olmasından gileylənirlər. Onlar bu səbəbdən də hər cür çətinliyə dözərək uzaq yolları gündəlik gedib-gəlməli olurlar.
Xəbər lenti
0