Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Manat niyə bahalaşıb - SƏBƏBLƏR

© Sputnik / Murad OrujovManat və dollar, arxiv şəkli
Manat və dollar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.02.2023
Abunə olmaq
Keçən il manatın məzənnəsi avroya, Türkiyə lirəsinə, İngiltərə funt-sterlinqinə, Qazaxıstan tengəsinə, Yaponiya yeninə, İsveçrə frankına, Ukrayna qrivnasına qarşı bahalaşıb. İqtisadçılar bahalaşmanın səbəblərindən danışıblar.
BAKI, 24 fevral — Sputnik. Azərbaycan manatının məzənnəsi keçən il ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı əsasən möhkəmlənmə istiqamətində dəyişib. Manatın məzənnəsi avroya, Türkiyə lirəsinə, İngiltərə funt-sterlinqinə, Qazaxıstan tengəsinə, Yaponiya yeninə, İsveçrə frankına, Ukrayna qrivnasına qarşı bahalaşıb, Rusiya rubluna və Gürcüstan larisinə qarşı ucuzlaşıb. İl ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının "Pul siyasəti icmalı"nda bildirilib.
Dollar digər valyutalar qarşısında bahalaşdıqca, manat da bahalaşır
Manatın bahalaşması ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, manat ABŞ dollarına fiksə edilib, yəni manatın dollara bağlılığı var:

"Dollar digər valyutalar qarşısında bahalaşdıqca, manat da bahalaşır. Əgər ABŞ dolları İngiltərə funt-sterlinqinə qarşı bahalaşırsa, manat da funt-sterlinqə qarşı bahalaşır. Keçən il dollar indeksi sürətlə yüksəlib. ABŞ Mərkəzi Bankının israrla və tez-tez faiz artırması dünyada dolları gücləndirib. Ona görə də Azərbaycan manatı digər valyutalar qarşısında güclənib. Manat hətta bir neçə ay bundan öncə avroya qarşı həddindən artıq güclənmişdi. Başqa sözlə, dollar hansı yönə dəyişirsə, manat da həmin yönə doğru hərəkət edir".

© SputnikNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 23.02.2023
Natiq Cəfərli
Rubl və lari keçən il dollar qarşısında möhkəmlənib
Manatın Rusiya rubluna və Gürcüstan larisinə qarşı ucuzlaşmasına gəlincə, ekspert bildirib ki, rubl və lari keçən il dollar qarşısında möhkəmlənib. Həmin milli valyutalar dollar qarşısında bahalaşdığı üçün manat da rubl və lari qarşısında zəifləyib.
Onun fikrincə, manatın növbəti aylarda da digər valyutalar qarşısında bahalaşması mümkündür. Manatın dollar qarşısında isə sabit qalacağı gözlənilir. Çünki hökumətin bütün makroiqtisadi göstəricilərində 1 dollar 1.7 manat olaraq qeyd olunub. Amma digər valyutalar qarşısında dollar hansı yöndə dəyişəcəksə, manat da eyni istiqamətdə dəyişəcək.
Ölkə daxilində manatın məzənnəsinin qorunması vacibdir
Deputat Vüqar Bayramov da Sputnik Azərbaycan-a bildirib ki, manatın bahalaşması ticarət tərəfdaşı olan ölkələrdə milli valyutaların dəyər itirməsi ilə bağlıdır:
"Lakin bəzi ölkələrdə, o cümlədən Rusiyada milli valyutanın dollara nisbətən möhkəmlənməsini müşahidə etdik. Ümumilikdə isə manatın digər valyutalara nisbətən möhkəmlənməsi baş verib. Mərkəzi Bank tərəfindən ölkə daxilində manatın məzənnəsinin qorunub saxlanılması prioritetdir, vacibdir. Azərbaycan Mərkəzi Bankı milli valyutanın məzənnəsinin qorunub saxlanılmasına çalışır".
© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 23.02.2023
Vüqar Bayramov
"Manatın bahalaşması neftdən kənar sektorun ixrac imkanları baxımından məqbul deyil"
Deputat qeyd edib ki, manatın məzənnəsinin ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı bahalaşması neftdən kənar sektorun ixrac imkanları baxımından məqbul deyil:

"Çünki bu, neftdən kənar sektorda istehsal edilən məhsulların dollar ifadəsində bahalaşmasına gətirib çıxardır. Nəticədə biz dollar ifadəsində məhsullarımızın bahalaşmasını müşahidə edirik. Bu da ixrac imkanlarına təsir göstərir. Amma ölkə daxilində də manatın məzənnəsinin qorunub saxlanılması vacibdir. Ona görə də ölkə daxilində milli valyutanın məzənnəsinin sabit qalması ticarət tərəfdaşı olan ölkələrdə valyutaların dəyər itirməsi fonunda manatın ixrac kursunun bahalaşmasına gətirib çıxardır".

Strateji valyuta ehtiyatları artır
Qeyd edək ki, "Pul siyasəti icmalı"na əsasən, 2022-ci ildə Mərkəzi Bankın fəaliyyət mühiti qlobal iqtisadi proseslərin ölkə iqtisadiyyatına çoxtərəfli təsirləri ilə xarakterizə olunur. Dünya əmtəə qiymətlərinin, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın və təchizat-logistika xərclərinin kəskin dəyişkənliyi ölkə daxilində inflyasiyaya əhəmiyyətli təsir edib.
Tədiyə balansı və daxili iqtisadi aktivliyin dəstəklənməsi baxımından isə xarici mühit Azərbaycan üçün əsasən əlverişli olub. Profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlıq qorunub və ölkənin strateji valyuta ehtiyatlarının artımı davam edib. Manatın nominal effektiv məzənnəsinin dinamikası xaricdən inflyasiya idxalını əhəmiyyətli dərəcədə neytrallaşdırıb.
2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat götürülüb
Xatırladaq ki, ötən ilin sonlarında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, Mərkəzi Bank sabit məzənnə rejimini növbəti il üçün də qorumağa çalışacaq və bu sabitliyin təmin edilməsi üçün əlindən gələni edəcək.
Əlavə edək ki, ötən ilin sentyabrında Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib ki, 2023-cü ildə də makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcək.
Sənəddə deyilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0