CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elektroenergetika sahəsində yeni qanun nəyi dəyişəcək? DETALLAR

© AP Photo / Michael ProbstYüksək gərginlik
Yüksək gərginlik - Sputnik Azərbaycan, 1920, 24.02.2023
Abunə olmaq
Deputatlar qanun layihəsinin aktuallığını qeyd edərək, Azərbaycanın energetika sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını təqdirlə qarşılayıblar.
BAKI, 24 fevral — Sputnik. Bu gün Milli Məclisdə "Elektroenergetika haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.
Yeni qanun qüvvəyə mindiyi gündən "Elektroenergetika haqqında" 1998-ci il 3 aprel tarixli qanun ləğv ediləcək.
Azərbaycanın dünyanın, xüsusən də Avropanın enerji təhlükəsizliyində yüksələn rolundan bəhs edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov eyni zamanda, ölkəmizdə energetikanın inkişafının və ixrac potensialının artmasının bu sahədə yaranan münasibətlərin müasir tələblərə uyğun yenidən tənzimlənməsi zərurəti yaratdığını vurğulayıb.
Deputatlar qanun layihəsinin aktuallığını qeyd edərək, Azərbaycanın energetika sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını təqdirlə qarşılayıblar.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, energetika nazirinin müavini Samir Vəliyevə bildirib ki, sənəd Azərbaycanın energetika sistemində islahatların həyata keçirilməsi istiqamətində mühüm addımların atılması üçün hüquqi zəmin yaradacaq. Müstəqilliyin ilk illərində formalaşdırılmış hazırkı elektroenergetika modelinin çatışmazlıqlarından danışan nazir müavini mövcud modelin resurslardan səmərəli istifadəni tam stimullaşdırmadığını, onun dayanıqlılığının dövlətin böyük maliyyə yükü hesabına təmin olunduğunu qeyd edib. Hazırkı sistemin özəl investisiyalar üçün də əlverişli olmadığını söyləyən nazir müavini, yeni qanun layihəsinin energetika sahəsində rəqabətli mühit yaradacağından, investisiyaları və yeni texnologiyaları cəlb edəcəyindən danışıb.
Energetika Nazirliyinin Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov qanun layihəsinin detalları barədə məlumat verərək sənədin qəbulundan sonra energetika sistemində rəqabətqabiliyyətli (istehsal və satış) və tənzimlənən fəaliyyətlərin (ötürmə və paylama) ayrılacağını bildirib, elektrik enerjisinin topdan və pərakəndə satış tariflərinin tənzimlənməsinə toxunub, bu sahədə səmərəliliyin artırılması işlərindən bəhs edib. O, qanun layihəsinin üç mərhələdə tətbiq olunacağını bildirərək, mərhələlər üzrə görüləcək işlərdən danışıb.
Azərbaycanda elektrik enerjisi bazarı elementləri 3 mərhələli tətbiq olunacaq
Qeyd edək ki, sənədə görə, elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarındakı dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət münasibətlərinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədilə elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesi üç mərhələdən ibarət olacaq.
Layihəyə əsasən, elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarındakı dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət münasibətlərinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədilə elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin üç mərhələdən ibarət olmaqla, aşağıdakı müddətlərdə həyata keçirilməsi nəzərdə tutulur:
- birinci mərhələ bu Qanunun qüvvəyə mindiyi gündən 2025-ci il iyunun 30-dək davam edəcək;
- ikinci mərhələ 2025-ci il iyulun 1-dən 2028-ci il iyunun 30-dək davam edəcək;
- üçüncü mərhələ 2028-ci il iyulun 1-dən başlayacaq.
Hər bir mərhələdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Birinci mərhələdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
- elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması;
- Qanunda göstərilən müddətlər nəzərə alınmaqla elektroenergetika subyektləri tərəfindən "Lisenziyalar və icazələr haqqında" qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) icazələrin alınması;
- ötürücü sistem operatorunun mərkəzi operativ-dispetçer xidmətinin İxtisaslaşmış bölməsi tərəfindən elektrik optimallaşdırılmasının tətbiqi; enerjisi istehsalının iqtisadi optimallaşmasının tətbiqi;
- elektrik enerjisinin paylanması və təchizatı fəaliyyətlərinin maliyyə və funksional nöqteyi-nəzərindən ayrılması;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektrik enerjisinin ötürülməsi, elektrik enerjisinin topdan və pərakəndə satış qiymətlərinin (tariflərinin) (ikitərəfli müqavilələrlə satılan elektrik enerjisinin qiyməti istisna olmaqla), habelə ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətlərinin tənzimlənməsi;
- ikinci mərhələyə hazırlıq, o cümlədən normativ hüquqi aktların qəbul edilməsi, eləcə də ikinci mərhələdə bağlanılması nəzərdə tutulan birtipli müqavilələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməsi.
- nəzərdə tutulmuş icazələr alınanadək elektroenergetika subyektlərinin fəaliyyəti onlar tərəfindən bu qanunun qüvvəyə mindiyi tarixədək verilmiş və qüvvədə olan icazələr əsasında həyata keçiriləcək.
İkinci mərhələdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi ikinci mərhələ üçün nəzərdə tutulan müvəqqəti topdansatış bazan qaydaları əsasında elektrik enerjisinin topdansatış bazarının fəaliyyətini təşkil etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ikinci mərhələdə ötürücü sistem operatorunun tabeliyində ayrıca hüquqi şəxs kimi, üçüncü mərhələdə isə müstəqil bazar operatorunun yaradılması;
- bazar operatoru tərəfindən bütün istehsalçılardan ("Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq, elektrik enerjisini zəmanətli alıcıya satan istehsalçılar istisna olmaqla) elektrik enerjisinin alınması;
-. bazar operatoru tərəfindən elektrik enerjisinin bütün təchizatçılara satılması;
- elektrik enerjisinin paylanması və təchizatı fəaliyyətlərinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması;
- elektrik şəbəkəsinə dair qaydalara və ikinci mərhələ üçün nəzərdə tutulan müvəqqəti topdansatış bazarı qaydalarına uyğun olaraq, ötürücü və paylayıcı sistem operatorları tərəfindən elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyətlərinin həyata keçirilməsi;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunda nəzərdə tutulan qiymət və tariflərin tənzimlənməsi (elektrik enerjisinin ötürülməsi, paylanması, tarifləri, bazar operatorunun xidmətlərinin tarifləri, ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri, sərbəst olmayan istehlakçılara, habelə sərbəst istehlakçılara səlahiyyətli təchizatçı tərəfindən elektrik enerjisinin təchizatı tarifləri);
- üçüncü mərhələyə hazırlıq, o cümlədən normativ hüquqi aktların qəbulu, eləcə də üçüncü mərhələdə bağlanılması nəzərdə tutulan birtipli müqavilələrin təsdiq edilməsi.
Birinci və ikinci mərhələdə tənzimləyicinin bu qanunda nəzərdə tutulan səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Bu qanunda nəzərdə tutulan tənzimləmə haqqının məbləği və ödənilmə qaydası (elektrik enerjisi istehsalçıları, ötürücü sistem operatoru və paylayıcı sistem operatoru, habelə təchizatçılar tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödənilməlidir) birinci və ikinci mərhələ üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.
İkinci mərhələdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə elektrik enerjisinin topdansatış bazarında balanslaşdırıcı bazarın və köməkçi xidmətlər bazarının ayrı-ayrı elementləri tətbiq edilə bilər.
Azərbaycanda elektrik enerjisi sahəsində balanslaşdırıcı bazar formalaşdırılacaq
Sənədə əsasən, balanslaşdırıcı elektrik enerjisi ötürücü sistem operatoru tərəfindən müəyyən edilmiş elektrik enerjisinin istehsal-istehlakının gündəlik qrafikinin icrası zamanı yaranan elektrik enerjisinin qeyri-balansının aradan qaldırılması üçün istifadə edilən elektrik enerjisidir.
Layihəyə əsasən, balanslaşdırma ötürücü sistem operatoru tərəfindən keyfiyyət göstəricilərinə (tezlik, güc və gərginlik həddi) uyğun elektrik enerjisinin istehsalı, saxlanması, idxalı, ixracı və istehlakı arasında davamlı balansı təmin edən hərəkət və proseslərdir.
Balanslaşdırma məsuliyyəti elektrik enerjisinin topdansatış bazarı subyektlərinin elektrik enerjisi istehsalının, saxlanmasının, istehlakının və alqı-satqısının qəbul edilmiş qrafiklərə uyğun olaraq balanslaşdırılmasına dair öhdəlikləri, həmçinin onların ötürücü sistem operatoru qarşısında elektrik enerjisinin qeyri-balansının tənzimləməsindən irəli gələn maliyyə öhdəlikləri üçün məsuliyyəti, balanslaşdırıcı qrup elektrik enerjisinin qeyri-balansının tənzimlənməsi üçün elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında müqavilə əsasında yaradılan və həmin müqavilə ilə müəyyən edilmiş qaydada hər bir iştirakçısının balanslaşdırma məsuliyyəti daşıdığı qrupdur.
Balanslaşdırıcı bazar isə ötürücü sistem operatoru tərəfindən orqan (qurum) tərəfindən balanslaşdırma funksiyası, həmçinin elektrik enerjisinin qeyri-balansı ilə bağlı maliyyə məsələlərinin həlli zamani topdansatış bazarı subyektləri arasında yaranan münasibətlər sistemi, balanslaşdırma qaydaları balanslaşdırıcı bazarda və köməkçi xidmətlər bazarında elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında yaranan münasibətləri tənzimləyən qaydalardır.
Qeyd edək ki, hazırda qüvvədə olan "Elektroenergetika haqqında" haqqında qanun balanslaşdırıcı bazarla bağlı məsələləri tənzimləmir.
Azərbaycanda elektrik enerjisi bazarı yaradılır
Yeni qanunun 4-cü fəsli "Elektrik enerjisi bazarının təşkili və fəaliyyəti" adlanır.
Yeni qanun layihəsinin 21-ci maddəsinə əsasən, elektrik enerjisinin alqı-satqısı elektrik enerjisi bazarında həyata keçirilir.
Elektroenergetika subyektləri bu qanun və topdansatış bazarı qaydaları ilə müəyyən edilmiş hallarda və qaydada topdansatış bazarında elektrik enerjisini sata və ala, habelə onunla bağlı xidmətlər göstərə və əldə edə bilərlər.
Təchizatçı pərakəndə satış bazarı qaydalarına uyğun olaraq pərakəndə satış bazarında elektrik enerjisi istehlakçılarına elektrik enerjisi sata bilər.
Elektrik enerjisi bazarının subyektləri aşağıdakılardır:
elektrik enerjisi istehsalçıları;
ötürücü sistem operatoru;
paylayıcı sistem operatoru;
qapalı paylayıcı şəbəkə operatoru;
bazar operatoru;
təchizatçı (topdan və pərakəndə satış üzrə);
istehlakçılar.
Elektrik enerjisi istehsalçıları və təchizatçıları elektrik enerjisinin idxalı və ya ixracına icazə alaraq Azərbaycan Respublikasının ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələri əsasında regional elektrik enerjisi bazarlarında iştirak etmək hüququna malikdirlər.
Elektrik enerjisinin idxalı və ya ixracı topdansatış bazarı qaydaları ilə tənzimlənir.
Elektrik enerjisinin mərkəzləşdirilmiş bazarının fəaliyyətinin təşkili bazar operatoru tərəfindən həyata keçirilir.
23.2. Bazar operatorunun vəzifələri aşağıdakılardır:
23.2.1. elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət etmək;
23.2.2. elektrik enerjisinin spot ticarətini (qısamüddətli) təşkil etmək;
23.2.3. elektrik enerjisinin ortamüddətli (həftə, ay) və uzunmüddətli (rüb, il) dövrlər üçün mərkəzləşdirilmiş ticarətini təşkil etmək;
23.2.4. topdansatış bazarı subyektlərinin elektrik enerjisinin mərkəzləşdirilmiş bazarına girişini təmin etmək;
23.2.5. topdansatış bazarı subyektlərini qiymətlər (tariflər) haqqında, topdansatış bazarı qaydaları və balanslaşdırma qaydaları ilə müəyyən olunan digər məlumatlarla təmin etmək;
23.2.6. bu Qanuna, elektrik şəbəkəsinə dair qaydalara, bazar qaydalarına və balanslaşdırma qaydalarına uyğun olaraq, ötürücü sistem operatorunun mərkəzi operativ-dispetçer xidmətinin ixtisaslaşmış bölməsi ilə qarşılıqlı əlaqədə elektrik enerjisinin topdansatış bazarını təşkil və idarə etmək;
23.2.7. topdansatış bazarı qaydaları və balanslaşdırma qaydalarına uyğun olaraq topdansatış bazarında elektrik enerjisi qiymətlərinin formalaşmasını təmin etmək;
23.2.8. topdansatış bazarı subyektlərinin bağladıqları elektrik enerjisinin alqı-satqı müqavilələri əsasında gündəlik tələb-təklif qrafiklərini qeydiyyata almaq, yoxlamaq və bu qrafiklərin vaxtlı-vaxtında ötürücü sistem operatoruna təqdim edilməsini təmin etmək;
23.2.9. balanslaşdırma qaydalarına uyğun olaraq balanslaşdırıcı bazarın işinin təşkili ilə bağlı, habelə həmin qaydalara və kommersiya uçotu qaydalarına uyğun olaraq topdansatış bazarı subyektlərinin tələb və təkliflərinin faktiki həcminin müəyyən edilməsi və elektrik enerjisinin topdansatış bazarının balansının tərtib edilməsi məqsədilə ötürücü sistem operatoru ilə əməkdaşlıq etmək;
23.2.10. topdansatış bazarı subyektləri arasında bu Qanunun 29-cu maddəsinə uyğun olaraq bağlanılan müqavilələrin və müqavilə öhdəliklərinin qeydiyyatını aparmaq və bazar əməliyyatlarının sxemini tərtib etmək;
23.2.11. topdansatış bazarının fəaliyyəti barədə məlumatları topdansatış bazarı qaydaları ilə müəyyən olunan qaydada dərc etmək;
23.2.12. öz fəaliyyəti və topdansatış bazarının fəaliyyəti barədə topdansatış bazarı qaydaları ilə müəyyən edilən hesabatları və məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək.
Sənədə əsasən, bazar operatoru elektrik enerjisi bazarının subyektləri tərəfindən təqdim edilən kommersiya sirri hesab edilən sənədlərin və ya məlumatların məxfiliyini qoruyub saxlamalıdır.
Bazar operatoru elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatı fəaliyyətləri ilə məşğul ola bilməz.
Xəbər lenti
0