CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat əlillik təyinatı zamanı "Forma-88"in pullu olmasından narazılıq edib

Əlil - Sputnik Azərbaycan, 1920, 24.02.2023
Abunə olmaq
Deputat tibbi xidmətlərdən ödənişsiz yararlanmaq hüququna malik olan şəxslərin siyahısına yenidən baxılmasını təklif edib.
BAKI, 24 fevral-Sputnik. Milli Məclisin deputatı Afət Həsənova əlillik təyinatı zamanı tibb müəssisələrində "Forma 88"in ödənişli olmasından şikayətlənib.
Deputat parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı bir sıra şikayətlər var.
O qeyd edib ki, əlillik təyinatında verilən imtinalarda əsas səbəblərindən biri tibb müəssisələri tərəfindən göndərilən "Forma 88"in düzgün doldurulmaması ilə bağlıdır: "Son vaxtlar narazılıqlar siyahısına yenisi də əlavə olunub. Hazırda ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısı və tariflər təsdiq edilərkən "Forma 88" də ödənişli xidmət növlərinə daxil edilib. Xidmət haqqı da təxminən 41 manat təşkil edir. Mənə aydın olmayan məqamlardan biri də özəl sektordan heç də fərqlənməyən bu məbləğin hansı meyarlar əsasında və nələrə istinad edilərək müəyyənləşdirilməsidir. Həmçinin ödənişli tibbi xidmətlər siyahısında aztəminatlı ailələr hansı formada nəzərə alınıb? Bu da istər-istəməz haqlı narazılıqlara səbəb olur".
"Təklif edirəm ki, tibbi xidmətlərdən ödənişsiz yararlanmaq hüququna malik olan şəxslərin siyahısına yenidən baxılsın"- deyə o əlavə edib.
Əlilliyin Müəyyən Edilməsi
Qeyd edək ki, əlillik Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunmasına dair Əsasnamə" əsasında müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na əsasən əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır.
-Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88).
-Əlillik qiymətləndirilərkən yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür.
-Göndərişin tərtib edilməsi üçün vətəndaş ilk növbədə qeydiyyatda olduğu yaşayış yeri üzrə tibb müəssisəsinə (poliklinikaya) müraciət etməlidir.
-Göndəriş rəsmiləşdirildikdən sonra elektron sənəd formasında "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edilir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində Əlillik altsisteminə ötürülür.
-Göndəriş altsistemə daxil olduqdan sonra göndərişi verən tibb müəssisəsinin, bu göndərişi təsdiq edən şəxsləri və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır.
-Adsızlaşdırılmış göndərişlər dərhal altsistem tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə Tibbi-sosial ekspert komissiyasına (TSEK-ə) (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) elektron şəkildə göndərilir
-Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.
-Əlilliyin təyin olunub-olunmaması ilə bağlı məlumat şəxsin mobil telefonuna SMS bildiriş vasitəsilə göndərilir. Bunun üçün göndərişdə şəxsin öz adına olan mobil nömrəsinin qeyd olunması vacibdir.
-Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir
-Şəxslər e-sosial.az internet portalındakı şəxsi kabinetindən əlilliklə bağlı məlumatları əldə edə bilərlər.
-Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" qanunlarına uyğun olaraq, əlilliyə görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlilliyi olan şəxslər, qeydiyyat yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun rayon və ya şəhər şöbələrinə müraciət etməlidirlər.
Xəbər lenti
0