Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Tibbi kartoçka"lar tarixə qovuşur

© AFP 2024 / DOUGLAS MAGNOXəstəxana
Xəstəxana - Sputnik Azərbaycan, 1920, 22.02.2023
Abunə olmaq
Elnur Hidayətoğlu bildirib ki uşaq haqqında məlumatlar elektron sistemdə olduğu üçün istənilən poliklinikaya müraciət edilən zaman həkimlərin həmin uşağın əvvəlki tibbi göstəricilərini görmək imkanı olacaq.
BAKI, 22 fevral — Sputnik. Azərbaycanda fəaliyyət göstərən polikilinikalarda "tibbi kartoçka" adlandırılan tibbi qeydiyyat sənədləri tarixə qovuşur. Artıq polikilinikalara gedərkən kağızdan olan tibbi sənədlərin axtarılıb tapılmasına sərf edilən əlavə vaxt itkisinə son qoyulacaq. Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) məlumatına görə, tibbi qeydiyyat sənədlərinin tam şəkildə elektronlaşdırılmasına başlanılıb.
Bəs görəsən tibbi qeydiyyat sənədlərinin elektronlaşdırılmasının vaxt itkisini aradan qaldırmaqdan əlavə hansı üstünlükləri olacaq?
Elektronlaşdırılma nə verəcək?
Pediatr Vaqif Qarayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələ ən çox övladı azyaşlı olan valideynləri narahat edir. Valideynlər övladına peyvənd vurdurarkən, hər hansı arayış alarkən saatlarla polikilinikaların qeydiyyat otaqlarının qarşısında uşağın qeydiyyat dəftərinin axtarılmasını gözləyirlər: "Valideyn məcburdur ki, sahə həkiminə uşağı müayinə etdirmək üçün də onun qeydiyyat dəftərini əldə etsin. Buna da çox vaxt gedir. Uşaq sayı hər polikilinikada kifayət qədər olduğundan, ən azı 20 dəqiqə gözləməli olurlar. Amma bu təkcə vaxt itkisinə səbəb olmur. Tibbi qeydiyyat sənədlərinin kağız daşıyıcıdan elektrona köçürülməsi həm uşaq həm də böyük yaş qrupu üçün vacibdir. Bu müalicələrin də düzgün aparılmasına imkan yaradacaq".
V. Qarayev bildirdi ki, həkim üçün tibi qeydiyyat sənədindəki məlumatlar həkim üçün mühüm əhəmiyyət kəsb edir.
"İdiki dövrün səhiyyə sisteminə keçiriksə, kağız məlumatların elektron sistemə daşınması vacibdir. Əvvəl uşaqlara elektron sağlamlıq kartları verilmişdi. Bu ona görə idi ki, elektron kartı kompyuterə daxil edərək uşağın hansı xəstəlikləri keçirdi barədə həkim məlumat əldə etsin. Çox təəssüf ki, polikilinikalar bu sistemə hazır olmadığından, elektron sağlamlıq kartlarının da bir əhəmiyyəti olmadı. Amma bu kartlar imkan verir ki, uşaq hansı xəstəxanaya müraciət edirsə orada uşağın keçirdiyi xəstəliklər, peyvəndləri barədə həkim operativ məlumat əldə etsin. Çox yaxşı olardı ki, uşaqlara paylanılan həmin elektron sağlamlıq kartları bu sistemə inteqrasiya edilsin".
V. Qarayev həmçinin bildirib ki, bu sistem mərkəzləşməlidir. Bütün xəstəxanalarda elektron sistemə giriş imkanı olmalıdır. Bu məlumatlar uşaq xarici ölkədə olduqda da köməyə çata bilər.
"Uşaqlar haqqında məlumatlar şəxsi kabinetlərdə toplanacaq"
Bakı Baş Səhiyyə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu, bu prosesə başlama ərəfəsində olduğu üçün hələki bəzi suallarımıza konkret cavab verməyin mümkün olmadığını bildirib. Bununla belə E. Hidayətoğlu Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, data-bazanın formalaşdırılması zamanı böyüklərlə yanaşı uşaqlar haqqında da məlumatlar şəxsi kabinetlərdə toplanacaq. Bu vaxt itkisini aradan qaldırmaqla yanaşı uşağı müayinə edəcək həkimlərin həmin uşaqla bağlı bütün əvvəlki tibbi göstəricilərin vaxtda əldə edilməsinə imkan yaradacaq.
" Yəni, uşaq haqqında məlumatlar sistemdə olduğu üçün istənilən poliklinikaya müraciət edilən zaman həkimlərin həmin uşağın əvvəlki tibbi göstəricilərini görmək imkanı olacaq" deyə qurum sözçüsü bildirib.
Onun sözlərinə görə, 2006-cı ildən AR Səhiyyə Nazirliyi tərəfindən" Elektron Sağlamlıq Kartı" sistemi tətbiq olunmağa başlayıb: " Bu off-line rejimdə fəaliyyət göstərirdi. 2013-cü ildə "Uşaqların İcbari Dispanserizasiyası haqqında" AR Qanununun icrası ilə əlaqədar bütün tibbi-profilaktik müayinələr Vətəndaşın Elektron Sağlamlıq Sisteminə daxil edilib. Bununla paralel ambulator tibbi kitabçalardan da istifadə olunub. Hazırda bu məlumatların "E.Tabib" proqramına inteqrasiyası nəzərdə tutulub".
Artıq pilot tətbiqinə başlanılıb
Qeyd edək ki, artıq Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) tabeliyində fəaliyyət göstərən ambulator-poliklinik tibb müəssisələrində tibbi qeydiyyat sənədlərinin tam şəkildə elektronlaşdırılmasına başlanılıb. Bildirilib ki, vətəndaşlara məxsus ambulator tibbi kitabçalar ləğv edilərək, onlarda olan məlumatlar əsasında data-baza formalaşdırılır.
Ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həyata keçirdiyi bu yenilik imkan verəcək ki, ilkin tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinin qarşısı alınsın və yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında vətəndaş sürətli şəkildə müvafiq həkimə yönləndirilsin.
Bu prosesə pilot layihə olaraq Bakı Baş Səhiyyə Mərkəzi tabeliyində fəaliyyət göstərən 10 nömrəli Şəhər və 20 nömrəli Uşaq Poliklinikalarında başlanılıb. Belə ki, ilkin mərhələdə 58 min əhalinin məlumatlarının daxil edilməsi nəzərdə tutulub.
10 nömrəli Şəhər və 20 nömrəli Uşaq Poliklinikalarında yekunlaşmaqda olan proses pilot layihənin ikinci mərhələsi olaraq daha sonra Yasamal rayonu ərazisində yerləşən 39 nömrəli Şəhər və 13 nömrəli Uşaq Poliklinikasında da davam etdiriləcək.
Xəbər lenti
0