Moskva bəyannaməsi Azərbaycana və Rusiyaya nə verdi?
09:00 21.02.2023 (Yenilənib: 13:01 21.02.2023)
© Sputnik / POOL
/ Abunə olmaq
Moskva bəyannaməsində qeyd olunan məsələlərin əksəriyyəti ölkələr arasında müxtəlif illərdə bağlanmış bir sıra sazişlərlə dəstəklənsə də, münasibətlərin bu formata keçməsi Bakı və Moskvanın "tərəfdaşlıqdan""müttəfiqliyə" keçmək niyyətləri barədə əlavə mesaj verir.
BAKI, 21 fevral — Sputnik. Azərbaycan və Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında Moskva bəyannaməsinin imzalanmasından bir il ötür. 2022-ci il fevralın 22-də imzalanmış 40 bəndlik bəyannamə iki ölkə arasında əməkdaşlığın bir sıra iqtisadi, siyasi-strateji, sosial və digər sahələrini əhatə edir və iki dövlət arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırır. İlk növbədə müstəqilliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətə əsaslanan səviyyəyə...
Moskva bəyannaməsində qeyd olunan sazişlərin əksəriyyəti ölkələr arasında əvvəllər müxtəlif illərdə bağlanmış bir sıra sazişlərlə dəstəklənsə də, münasibətlərin bu formata keçməsi Bakı və Moskvanın "tərəfdaşlıqdan" "müttəfiqliyə" keçmək niyyətləri barədə əlavə mesaj verir.
Hərbi əməkdaşlıq və regional təhlükəsizlik
Bəyannamədə hərbi-siyasi sahədə əməkdaşlığa xüsusi əhəmiyyət verilir - ölkələr sülhə və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təhlükə yaranarsa, bir-birinə hərbi yardım göstərməyi öhdələrinə götürürlər.
Bundan əlavə, bəyannamədə Azərbaycan və Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərin qarşılıqlı şəkildə rədd edilməsi üçün iki ölkənin Xarici İşlər nazirlikləri vasitəsilə məsləhətləşmə mexanizminin yaradılması barədə razılığa gəliblər.
Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin iyununda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə Müttəfiqlik əməkdaşlığı haqqında bəyannaməni ikitərəfli münasibətlərin genişləndirilməsi istiqamətində çox mühüm addım adlandırıb.
"Hesab edirəm ki, münasibətlərimizin gələcək inkişafı üçün bu əsas sənəd çoxillik və çox səmərəli əməkdaşlığın əla nəticəsidir. Bəyannamənin müddəalarının həyata keçirilməsi çərçivəsində artıq çox iş görülüb", - deyə Azərbaycan lideri bildirib.
İqtisadi əməkdaşlıq regionun inkişafının təminatı kimi
Moskva bəyannaməsinin bir çox bəndləri Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığa həsr olunub.
Tərəflər ticarətin inkişafına, nəqliyyat və logistika marşrutlarının genişləndirilməsinə, işgüzar dairələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə maneələrin aradan qaldırılmasına sadiq olduqlarını bir daha təsdiqləyirlər.
Xüsusilə, bəyannamədə bildirilir ki, Bakı və Moskva metallurgiya, neft-qaz əməkdaşlığı və maşınqayırma, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye kimi sahələrdə iqtisadi əlaqələrin inkişafına davam edəcəklər.
İki ölkə arasında əməkdaşlıqda da prioritet kənd təsərrüfatı, tikinti, ticarət və qarşılıqlı investisiya sahələrində qalır.
Eyni zamanda, Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın çox mühüm məqamı kommersiya müqavilələri üzrə hesablaşmalarda milli valyutalara keçid, eləcə də ödəniş sistemlərinin korrelyasiyasıdır. Belə ki, 2022-ci ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin 30%-dən çoxu milli valyutalarda həyata keçirilib.
Ekspertlər hesab edirlər ki, energetika, kənd təsərrüfatı, qarşılıqlı investisiyalar, Xəzər dənizinin mühafizəsi və ehtiyatlarından ehtiyatlı istifadə kimi sahələrdə iqtisadi əlaqələrin genişləndirilməsi bütün səviyyələrdə güc strukturları: hökumətlər, parlamentlər, regional idarələr, şirkətlər və qeyri-hökumət təşkilatları arasında daha sıx qarşılıqlı fəaliyyət tələb edir.
Məhz Moskva Bəyannaməsinin imzalanması bu qarşılıqlı əlaqəni gücləndirməyə və yuxarıda qeyd olunan məqamlar üzrə onun keyfiyyətcə genişləndirilməsi üçün iki ölkənin səylərini əlaqələndirməyə imkan verib.
Müttəfiqlik ili ərzində ölkələr nəyə nail olublar
Ötən ilin yekunlarına görə, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi Bakı ilə Moskvanın son illər ərzində can atdığı səviyyəyə çatıb.
Belə ki, müttəfiqlik ili ərzində Azərbaycan və Rusiya ticarət dövriyyəsini 3,7 milyard dollara çatdırıb ki, bu da 2021-ci illə müqayisədə 23,9% çoxdur. Bundan əlavə, təkcə bu ilin yanvar ayında bu rəqəm 336,282 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 62,4% çoxdur.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Azərbaycan məhsullarının Rusiya Federasiyasına ixracı 5,9% (975,4 milyon dollara qədər), Rusiya mallarının idxalı isə 32% (2,7 milyard dollara qədər) artıb.
Ötən ilin yekunlarına görə, Rusiya Azərbaycana mal tədarükünə görə bütün ölkələr arasında birinci yerdə, həmçinin, Azərbaycan məhsullarının ixrac olunduğu ölkələr arasında yeddinci yerdədir.
Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin bu cür artımı, təbii ki, ilk növbədə, iki ölkənin biznesinə maneələrin aradan qaldırılması ilə bağlı qərarlar hesabına əldə edilib.
Beləliklə, tərəflər Azərbaycan və Rusiya gömrük orqanları arasında koordinasiyanı yaxşılaşdırmaq, həmçinin, logistika sahəsində əməkdaşlığı sürətləndirmək olan "Yaşıl dəhliz" layihəsinə start veriblər.
Beləliklə, xarici iqtisadi fəaliyyət iştirakçıları üçün sadələşdirilmiş gömrük dəhlizi layihəsi ölkələr arasında malların rahat və sürətləndirilmiş daşınmasını təmin etməyə kömək edir.
Bundan əlavə, məlum olduğu kimi, əvvəllər Azərbaycan-Rusiya sərhədində aksizli malların rəsmiləşdirilməsindən ötrü xüsusi gömrük postunun olmaması Azərbaycan üçün ənənəvi bazarlardan biri sayılan Rusiya Federasiyasına şərab və spirtli içkilərin ixracının genişləndirilməsində çətinliklər yaradırdı. Xüsusi gömrük postunun olmaması ixrac olunan məhsulların maya dəyərinin qalxmasına, vaxt itkisinə və rəqabət qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Bunu nəzərə alaraq, Azərbaycanın və Rusiyanın müvafiq qurumları arasında aksiz postunun müəyyənləşdirilməsi ilə bağlı keçirilən görüşlərdə vaxtaşırı bu məsələ qaldırılıb və müxtəlif platformalar vasitəsilə prosesin sürətləndirilməsinə səy göstərilib.
Görülən işlərin nəticəsidir ki, ötən ilin oktyabr ayında "Yaraq-Qazmalar" keçid məntəqəsində aksizli malların emalı məntəqəsi istifadəyə verilib. Bu, sahibkarlara aksizli malların, xüsusilə şərab və spirtli içkilərin ixracını genişləndirmək üçün əlavə imkanlar yaradacaq.
Birgə investisiyalar da fəal şəkildə təşviq edilir. Rusiyanın baş naziri Mixail Mişustinin sözlərinə görə, Azərbaycanda Rusiyanın iştirakı ilə 900-dən çox birgə müəssisə fəaliyyət göstərir ki, onların 300-ü 100 faiz Rusiya kapitalı ilə işləyir.
Mixail Mişustin
© Sputnik / Дмитрий Астахов
/ Mişustin, 2022-ci ilin noyabrında XI Rusiya-Azərbaycan regionlararası forumunda energetika, maşınqayırma, sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndiyini də söyləyib.
O, həmçinin, qeyd edib ki, Rusiyanın 70-dən çox qurumu Azərbaycanla əməkdaşlığı inkişaf etdirir və onların dörddə birinin artıq ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişləri var.
Bundan əlavə, ötən ilin noyabrında Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib ki, hazırda Azərbaycan və Rusiya Federasiyası arasında ümumi dəyəri 7,5 milyard dollar olan 14 birgə layihə həyata keçirilir.
Belə ki, bu investisiyalar çərçivəsində Azərbaycanda avtomobil və dəmir yolu maşınqayırması layihələri yaradılır, ilk əczaçılıq istehsalı açılır.
Azərbaycan və Rusiya arasında əməkdaşlığın mühüm istiqaməti "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi (BND) çərçivəsində imkanların və yükdaşımalarının genişləndirilməsidir.
Yeri gəlmişkən, ötən il BND-nin infrastrukturunun təkmilləşdirilməsi üzrə işlər xeyli sürətləndirilib. Belə ki, "Rusiya Dəmir Yolları"nın İranda Rəşt-Astara dəmir yolu hissəsinin tikintisində fəal iştirak edəcəyi məlum olub.
Astara-Rəştin yarımçıq qalan hissəsi uzun illər ərzində Azərbaycan ərazisindən qərb istiqamətində "Şimal-Cənub" BND daxilində yük axınının artırılmasına əsas maneə olub. Gözlənilir ki, layihənin faktiki icrası - o cümlədən, "Rusiya Dəmir Yolları"nın köməyi ilə - bu marşrutda hərəkətin artmasına kömək edəcək.
Yoxlama məntəqəsinin tutumunun genişləndirilməsi
Azərbaycan və Rusiya ərazilərindən müxtəlif BND-lər vasitəsilə yüklərin tranzitinin artırılması üçün Bakı və Moskva tərəfindən işlər, o cümlədən, iki ölkənin sərhədində keçid qabiliyyətinin artırılması istiqamətində işlər aparılır.
Belə ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası sərhədində buraxılış məntəqəsinin imkanlarının genişləndirilməsi işləri çərçivəsində hər iki ölkənin nümayəndə heyətləri keçən il "Yaraq-Qazmalar", "Tahirkənd-Qazmalar", "Samur" və "Xanoba" sərhəd-keçid məntəqələrinə baş çəkərək yükdaşıma və daşıma imkanları ilə tanış olublar.
Nümayəndə heyətlərinə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk başçılıq ediblər.
© Photo : Ministry of Energy (Azerbaijan)Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya dövlət sərhədindəki buraxılış məntəqələrində
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya dövlət sərhədindəki buraxılış məntəqələrində
© Photo : Ministry of Energy (Azerbaijan)
Görüşdə "Xanoba" keçid məntəqəsinin yenidən qurulmasının iqtisadi əlaqələrin inkişafına, ticarət dövriyyəsinin genişlənməsinə, ölkələr arasında yükdaşımaların həcminin artmasına töhfə verəcəyi, həmçinin iki ölkənin tranzit potensialının yüksəldilməsinə təkan verəcəyi qeyd edilib.
Ümumiyyətlə, Azərbaycan ərazisindən quru daşımalara artan tələbatı nəzərə alaraq, Bakı və Moskva ölkələr arasında keçid məntəqəsinin imkanlarının genişləndirilməsi və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirirlər.
Belə ki, proqnozlara görə, Rusiya ilə Azərbaycan arasında sərhəddə buraxılış məntəqələrinin yenidən qurulması 2026-cı ilə qədər başa çatacaq. "Yaraq-Qazmalar" keçid məntəqəsində aparılan yenidənqurma nəticəsində 10 hərəkət zolağı yaradılacaq, keçid qabiliyyəti 1000 avtomobilə çatdırılacaq (hazırda 700 nəqliyyat vasitəsinə qarşı).
Həmçinin, 2025-ci ilin sonunadək işlərin yekunlaşacağı "Tahirkənd-Qazmalar" və "Novo-Filya" keçid məntəqələrinin layihələndirilməsi və tikintisi üzrə müqavilələrin bağlanması gözlənilir.
Bu layihələrin həyata keçirilməsi nəticəsində ölkələr arasında ticarət dövriyyəsinin, təqribən, 1,5 dəfə artacağı, iki dövlətin sərhədindəki ümumi ötürmə qabiliyyətinin bugünkü gündəlik 950 avtomobildən 1400 nəqliyyat vahidinə qədər artacağı proqnozlaşdırılır.
Qarşılıqlı səfərlər və razılaşmalar
Moskva bəyannaməsinin imzalanmasından sonrakı il ərzində Rusiya və Azərbaycan rəsmiləri arasında bir sıra görüşlər, eləcə də regionlararası forum və bir sıra digər tədbirlər keçirilib.
Belə ki, Azərbaycanın baş naziri Əli Əsədov və Rusiyanın baş naziri Mixail Mişustinin iştirakı ilə Bakıda 11-ci Azərbaycan-Rusiya regionlararası forumu keçirilib.
© Sputnik / Дмитрий Астахов / Mediabanka keçidRusiya Federasiyasının Baş naziri M.Mişustin ikinci Xəzər İqtisadi Forumunda
Rusiya Federasiyasının Baş naziri M.Mişustin ikinci Xəzər İqtisadi Forumunda
© Sputnik / Дмитрий Астахов
/ Onun yekunlarına əsasən beş sənəd, o cümlədən, dövlət sərhədində keçid məntəqəsinin razılaşdırılmış inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş, fərdlər tərəfindən vəsaitlərin transsərhəd köçürülməsi zamanı cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında sazişləri imzalanıb.
Həmçinin, Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında gəmiqayırma sahəsində əməkdaşlığa dair memorandum, Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və Rifahına Nəzarət Federal Xidməti və Azərbaycan Səhiyyə Nazirliyi arasında sərhədyanı ərazilərdə vəba xəstəliyinin epidemioloji rifahının təmin edilməsi üzrə və Beynəlxalq Səhiyyə Qaydalarının həyata keçirilməsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Daha sonra, Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında nəqliyyat sektorunda kadrların hazırlanması və yenidən hazırlanması sahəsində əməkdaşlığın inkişafına dair memorandum imzalanıb.
Bundan əlavə, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Xəzər İqtisadi Forumunda iştirak etmək üçün ötən il Moskvada səfərdə olub və burada Rusiya Federasiyasının İqtisadi İnkişaf Naziri Maksim Reşetnikov ilə ticarət əlaqələrinin inkişafı, iqtisadi əməkdaşlıq çərçivəsində klasterlərin yaradılması və iqtisadi zonalarda fəaliyyətin təkmilləşdirilməsi məsələlərini müzakirə edib.
© Photo : Ministry of Economy (Azerbaijan) Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt Azad İqtisadi Zonasında və Bakı Gəmiqayırma Zavodunda olublar
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt Azad İqtisadi Zonasında və Bakı Gəmiqayırma Zavodunda olublar
© Photo : Ministry of Economy (Azerbaijan)
Sonra Bakıya cavab səfərinə gedən Reşetnikov Cabbarovla birlikdə Ələt Azad İqtisadi Zonasına və Bakı Gəmiqayırma Zavoduna baş çəkib.
Bütövlükdə, Moskva bəyannaməsinin imzalanmasından ötən ili uğurlu il kimi xarakterizə etmək olar. Xüsusilə, iki ölkə arasında iqtisadi qarşılıqlı fəaliyyət üçün - ticarət dövriyyəsinin artması, maliyyə və investisiya əməkdaşlığının gücləndirilməsi, eləcə də nəqliyyat və logistika layihələri - bütün bunlar Azərbaycan və Rusiya arasında münasibətləri xeyli dərinləşdirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.