CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SOS: Arazın qumu, çınqılı talanır - FOTO - VİDEO

Araz - Sputnik Azərbaycan, 1920, 20.02.2023
Abunə olmaq
Mütəxəssis bildirir ki, Araz çayının bizim ərazimizə daxil olan hissəsində sanki nəhəng göllər ölkəsi yaranıb, qumun, çınqılın götürülməsi ilə Arazın su rejimi pozulur
BAKI, 20 fevral — Sputnik. "Araz çayının axdığı İmişli rayonunda, ümumiyyətlə, Azərbaycan ərazisinə girəndə yaratdığı deltada qum-çınqıllar daha çox maqmatik süxurlardan formalaşır. Bu süxurlar xarici təsirlərə qarşı dözümlü olurlar. Həmin delta zəngin qum-çınqıl ehtiyatına malikdir. Bu çox keyfiyyətli qum-çınqıldır. Bu qum-çınqıl ehtiyatının nəinki regionda, ümumiyyətlə dünyada analoqu yoxdur. İllik olaraq həmin ərazidən milyonlarla ton çınqıl çıxarılır. Vaxtı ilə, həmin ərazilərdən çınqıl çıxarılaraq SSRİ-nin başqa yerlərinə daşınırdı. Yəni, ümumittifaq əhəmiyyətli qum-çınqıl yataqları bizim ərazimizdə yerləşirdi. Lakin elə SSRİ dövründən ekoloji problemlər qalmaqdadır".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib.
Tədqiqatların nəticəsi
O deyir ki, ölkəmizin bu cür qum-çınqıllara böyük ehtiyacı var, belə olanda tikinti daha möhkəm olur. Lakin bu o demək deyil ki, necə gəldi iş görülüb ekoloji problem yaradılmalıdır:
"Arazın öz yatağından, bilavasitə çayın axdığı yerdən də qum götürülür. Biz orda olanda dronla həmin ərazinin şəklini çəkdik və baxanda dəhşətə gəldik. Araz çayının bizim ərazimizə daxil olan hissəsində sanki nəhəng göllər ölkəsi yaranmışdı. Qumun, çınqılın götürülməsi ilə Arazın su rejimi pozulur. Çünki uzun illərdir ki, Araz həmin ərazilərdə qum-çınqıl, çay daşını yerinə oturdur, onun üzərindən axır. Lakin bu qum-çınqılları götürüb istifadə etdikdə, süni şəkildə dərinlik yaratdıqda çayın suyu yatağa doğru hopmağa başlayır, sululuq azalır, ətraf sahədə də qrunt sularının səviyyəsi kəskin şəkildə qalxır. Yatağın dərinləşməsi ətraf sahələrdə ekosistemlərin tarazlığını pozur, onların tədricən sıradan çıxmasına səbəb olur".
İş adamlarının yarıtmaz fəaliyyəti
Ekspert deyir ki, Araz çayı sahilində apardıqları tədqiqatlar nəticəsində bəlli olub ki, xüsusilə də İmişli rayonunda 200 kv.km-dən çox ərazidə nəhəng qum-çınqıl karxanaları yaradılıb, Araz deltasında əmələ gələn qum-çınqıl karxanaları su ilə dolub, süni gölməçələr əmələ gəlib. Gölməçələrin dərinliyi təxminən 40-50 metrdir. Belə nəhəng qum kütləsinin götürülməsi ətraf ərazilərdə çuxurların tarazlığını pozur, tez-tez bu sahillərdə uçqunlar olur, risklər yaranır:
"Araz çayında olan qum-çınqıl karxanaları həm Arazın yatağından, həm də Arazın əhatə etdiyi sahələrdən götürülür. Bu ərazilərdə kifayət qədər qum ehtiyyatları var. Bu qum-çınqıldan tikintidə, asfalt örtüyünü çəkmək üçün də istifadə olunur. Azərbaycan ərazisində belə qum-çınqıl karxanalarının yaratdığı ekoloji problemlər hədsiz dərəcədə çoxdur. Ciddi problem olsa da, təəssüflər olsun ki, bəzən biz buna ötəri baxırıq".

"Ümumiyyətlə, çay yatağından götürülən qum, çınqıl o çayın gətirmə materiallarından asılı olaraq həyata keçirilməlidir. Bir də görürsən ki, investor, iş adamı bu amilləri nəzərə almadan material götürür ki, bu da çayda ümumi ekoloji tarazlığın pozulmasına səbəb olur. Bildiyim qədərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin əraziyə nəzarət həyata keçirilir. Lakin bəzi iş adamlarına heç naziriyin də gücü çatmır", - deyə alim əlavə edib.

Ötən ilin yayında əraziyə baxış keçirən AMEA mütəxəssisi deyir ki, Araz çayının yatağında, deltasında olan problemləri müşahidə edərək qeydə alıb: "Mən orda olarkən də çınqılı töküb ondan bəndlərin yaradılmasında istifadə edirdilər. İran özü də əlavə çınqıl götürərək nəhəng kanalların yaradılmasında bu qum-çınqıllardan istifadə edib. Nəticədə də Azərbaycanda Araza gələn su azalır, Araz da Kürə az su verir, aşağı tərəflərdə Kür qurumağa, su qıtlığı yaranmağa başlayır".
"Araz çayının İranla sərhədindən axan hissəsində Xudafərin və Qız Qalası su anbarları yaradıldı, bu su anbarlarının yaradılmasında da onların bəndlərinin tikintisində də Araz çayının qum ehtiyatlarından geniş şəkildə istifadə olundu. Bildiyim qədər Xudafərin və Qız Qalası bəndlərində gedən tikintini də İran həyata keçirir. Orada olduğum müddətdə artıq tikintinin müəyyən hissəsi hazır idi, xeyli su yığılmışdı. Zəngilanın ərazisinə qədər su anbarında su yığılmışdı. Ermənistan onlara o qədər icazə vermişdi ki, bizim ərazilərdən öz əraziləri kimi istifadə edirdilər", - deyə o əlavə edib.
Sakinlərin təlaşı
Ekspert deyir ki, bəzi kəndlərin sakinləri məəttəl qalıb ki, bizim ərazi əvvəllər belə deyildi: "Onlar deyir ki, yeraltı sular niyə birdən-birə qalxıb. Belə kəndlərin özü, əkin sahələri üçün də çoxlu problemlər yaranır. Bu kəndlər salınanda vəziyyət belə olmayıb. Qrunt, yeraltı sular şor sulardır, onlardan istifadə də mümkün deyil. Bu sular bağların, əkin sahələrinin yoxa çıxmasına səbəb olur. Bundan əlavə, çayın yatağında həmin qum ehtiyatından istifadə etdikə su ehtiyatları da azalır. Nəticədə çay yatağı sabit qalmır və tez-tez yerini dəyişir. Bu yerdəyişmələr də ümumi su ehtiyatının azalmasına gətirib çıxardır. Bir də görürsən ki, çay özünə yeni yataq açır. Nəticədə, nəinki bitkilər, heyvanllar da məhv olur".
Mütəxəssis bildirir ki, Arazın bizə və İrana aid hissəsindən nə qədər qum-çınqıl götürülüb, bu araşdırılmalıdır: "ETSN yataqdakı vəziyyəti öyrənməli və daimi olaraq bunu nəzarətdə saxlamalıdır. Vəziyyəti nəzarətə almasaq, izləməsək, yaxın günlərdə bizim üçün vəziyyət acınacaqlı olacaq".
Nələr edilməlidir?
M.İsmayılov bildirir ki, Azərbaycan əraizinsə nəinki Araz, digər çaylarda da qum-çınqıl karxanalarının yaradılması, inkişaf etdirilməsi müəyyən ekoloji tövsiyyələrə əməl etməklə həyata keçirilməlidir.
Qeyd edək ki, hələlik Araz çayının qum-çınqılları ilə bağlı vəziyyəti, problemləri özündə əks etdirəcək bir elmi tədqiqat yoxdur.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin baş mütəxəssisi Sadiq Əmiraslanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Araz çayının yatağında 1949-cu ildən “Bəhrəmtəpə 1”, 1978-ci ildən “İmişli”, 1979-cu ildən isə “Bəhrəmtəpə 2” qum-çınqıl yataqları fəaliyyət göstərir: "Aparılan monitorinqlər nəticəsində sözügedən ekoloji tarazlığın pozulduğu sahələrdə normativ qaydalara riayət etməyən yer təki istifadəçiləri barədə müvafiq hüquqi tədbirlər görülüb, qanun pozucularının isə istismar fəaliyyəti məhdudlaşdırılıb. Hazırda həmin ərazilərə Agentlik və aidiyyəti icra orqanları tərəfindən nəzarət edilir".
"Eyni zamanda KOBİA və Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə yer təki istifadəçiləri ilə mütəmadi maarifləndirici görüşlər keçirilir, düzgün istismarın aparılması istiqamətində tədbirlər görülür", - deyə o əlavə edib.
Xəbər lenti
0