Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Gürcüstanda "Əhməd haradadır?" filmindəki "Ceyran"ın yubileyi qeyd olunub

© Photo : Azerbaijanfilm"Əhməd haradadır?" filmindən kadr
Əhməd haradadır? filmindən kadr - Sputnik Azərbaycan, 1920, 20.02.2023
Abunə olmaq
Nana Paçuaşvilinin 80 illik yubileyinə həsr olunan tədbir ölkənin Mədəniyyət, İdman və Gənclər Nazirliyi və Tbilisi Meriyasının dəstəyi ilə baş tutub.
BAKI, 20 fevral — Sputnik. Tbilisidəki Rustaveli adına Milli Teatrda Gürcüstanın Xalq artisti, "Əhməd haradadır?" filmində Ceyran rolunun ifaçısı Nana Paçuaşvilinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. "Azərbaycanfilm" kinostudiyasından verilən xəbərə görə, Gürcüstanın tanınmış teatr və mədəniyyət xadimlərinin iştirak etdiyi yubiley axşamı ölkənin Mədəniyyət, İdman və Gənclər Nazirliyi və Tbilisi Meriyasının dəstəyi ilə baş tutub.
Tədbirdə aktrisanın həyat və yaradıcılıq yoluna nəzər salınıb. Nana Paçuaşvilinin ömür və sənət yolunu əks etdirən Gürcüstanın Birinci kanalının istehsalı olan "Mən və mənim 88 əksim" adlı sənədli filmin premyerası da olub. "Əhməd haradadır?" (1963) filmindən fraqmentlərin də daxil edildiyi ekran əsərində Nana Paçuaşvili Azərbaycan filmində çəkilməsinin tarixçəsindən ətraflı danışıb.
"Azərbaycanfilm" kinostudiyası da Nana Paçuaşvilini yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib. Fəxri Fərmanda 2023-cü ilin kinostudiyanın 100, "Əhməd haradadır?" filminin 60 və Nana Paçuaşvilinin 80 illik yubileyi ilə əlamətdar olduğu qeyd edilib. Bildirilib ki, "Azərbaycanfilm"in istehsalı olan filmdə Nana Paçuaşvilinin yaratdığı Ceyran obrazı çoxsaylı azərbaycanlı tamaşaçıların gözlərində şən, gülərüz və mehriban qız kimi qalacaq. Aktrisanın Azərbaycan kinosundakı fəaliyyəti həmçinin iki xalqın mədəniyyəti arasında körpü kimi dəyərləndirilib.
Nana Paçuaşvili "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyinə və kollektivinə ona göstərdiyi diqqətdən, şəxsiyyətinə verilən yüksək dəyərdən məmnunluq ifadə edib, Fəxri fərman və hədiyyəyə görə minnətdarlığını bildirib. Tədbirdə Gürcüstanın Mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani də iştirak edib.
"Əhməd haradadır?" filmi 1963-cü ildə çəkilib. Film rejissor, aktyor Adil İsgəndərovun kinoda rejissor kimi yeganə işidir. Film müasir həyatımızdan, gənclərin köhnəlmiş adət-ənənələrə qarşı etirazlarından, həyatlarını öz istədikləri kimi qurmalarından bəhs edir.
Filmdə hadisələr kənddə və şəhərdə cərəyan edir. Valideynlərinin yanına gələn Əhməd (Səyavuş Şəfiyev) öyrənir ki, valideynləri onun fikrini öyrənmədən onu evləndirmək qərarına gəliblər. Buna qəzəblənən Əhməd evdən çıxıb gedir. Eyni hadisə Leylanı (Töhfə Əzimova) da başına gəlir. Onu da məcburən ərə vermək istəyirlər, lakin o da oxumaq üçün çıxıb şəhərə gəlir. Əhmədin ailəsi onu axtarmağa gedir. Lakin təsadüf nəticəsində Əhməd ilə Leyla qarşılaşır və bir—birlərini sevirlər.
Xəbər lenti
0