CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xuduoğlunun fikirlərinin təsdiqi üçün "Torqovı"da 5 dəqiqə gəzişmək bəs edir - Dramaturq

Bakı - Sputnik Azərbaycan, 1920, 18.02.2023
Abunə olmaq
"Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun sosial media hesabında yazdığı "Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik – Bir millət, bir dil" status ciddi rezonansa səbəb olub. Onu qınayanlar da oldu, haqlı sayanlar da...
BAKI, 18 fevral — Sputnik. "Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik – Bir millət, bir dil". "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun sosial media hesabında bu cümlə ilə başlayan statusu sosial şəbəkələrdə etiraz doğurub. Naşir istifadəçilərin qınadığı bu statusun davamında qeyd edib ki, 30 ildir kitab nəşriyyatı ilə məşğuldur:
"Yaxşı satılan kitabların sayı iki mini keçmir. Yerli yazıçıların əsərləri daha da zəifdir. İlboyu 200, 300, yaxud 50-60 ədəd oxunur. Əsas tərcümə ədəbiyyatı oxunur. Ondan da oxucular daim narazıdırlar. Buna baxmayaraq, kitab bazarında rusca, türkcə, ingiliscə kitabların həcmi artmaqda davam edir. Bakıda rusca daha çox oxunur. Regionlarımız, gənclər isə türkcə oxumağa üstünlük verirlər. Müasir oxucular Dostoyevski, Tolstoy, Çexov, Turgenevi və sair rus klassiklərini türkcə oxuyurlar. Müstəqilliyin tarixi 30 ili keçsə də, dilimizin xüsusi nailiyyəti yoxdur", - deyə nazir bildirib.
Onun sözlərinə görə, geridə qoyduğumuz illərdə düz-əməlli təhsil sistemi qurulmayıb:

"İxtisaslı mütəxəssislər yetişdirən təhsil ocaqlarımız düz-əməlli dərsliklər yaza bilmədilər. Tələbələr yalnız xarici dillər öyrənməklə dəqiq fənlər üzrə - tibb, iqtisadiyyat, kimya, fizika, riyaziyyat sahəsində biliklərini artırır, yaxud xaricdə təhsilə üz tuturlar. Hüquq sahəsində hələ də rus kitablarını tərcümə edib tələbələrə oxutdururlar".

© Photo : Facebook / Shahbaz XuduogluŞahbaz Xuduoğlu - "Qanun" nəşrlər evinin rəhbəri
Şahbaz Xuduoğlu - Qanun nəşrlər evinin rəhbəri - Sputnik Azərbaycan, 1920, 17.02.2023
Şahbaz Xuduoğlu - "Qanun" nəşrlər evinin rəhbəri
Ş.Xuduoğlu onu da bildirib ki, "dilimiz böyükdür desək də, öz dilimizdə oxumuruq":
"İndi danışdığımız dil Şamaxı, Qazax ləhcəsindən yığılıb, ədəbi dil şəkilini alıb və göründüyü kimi, heç də hamının sevimlisi ola bilməyib. Dilimizin konstitusiya adı Azərbaycan dili olsa da, bu dil əyalətçilikdən xilas ola bilmədi, milli birlik yaratmadı".
Xuduoğlu vurğulayır ki, bütün elit obyektlərdə, restoran, hotellərdə rusca danışılır:

"Yüksək vəzifəlilər öz aralarında rusca danışır. Bu günün özündə də rus məktəbləri Azərbaycan məktəblərini "yeyir". Özlərini intellektual, mədəni hesab edənlər Azərbaycan dilində danışmırlar, heç danışmaq da istəmirlər. Adamlar var, bu ölkədə doğulur, ad, məzhəb sahibi olur, amma bu dili bilmirlər. Ona görə ki, zərurət görmürlər. Necə olur ki, Azərbaycanda daim rusca danışan, mən azərbaycanca bilmirəm deyən insanlar İstanbula düşən kimi türkcə danışmağa başlayır? Necə olur ki, Azərbaycan şairlərindən bir şeir bilməyən rusdilli azərbaycanlı Nazim Hikməti əzbər bilir? İndi beş-altı yazıçı çıxıb deyə bilər ki, bəs bizim klassiklər, bizim gözəl dilimiz… Demək, onlar gələcəyi görə bilmirlər".

Naşir həmçinin qeyd edib ki, bu gedişlə Azərbaycan dili bir azdan heç meyxana dili də olmayacaq:
"Cümhuriyyət yarananda dilimizin adı türk olub, kitablarımız türkcə çıxıb. Bəs indi niyə gerçək dilimizə sahiblənmirik? Cənubda 30 milyon Azərbaycan türkü olduğunu deyirik. Tehran kitab səgisində olanda şahidi oldum ki, onlar da türkcə kitab oxumağa üstünlük verirlər, Türkiyə filmlərinə baxırlar. Onlara azad seçim imkanı verilsə, 99 faizi təhsil üçün Türkiyəyə gedər. Sabah muxtariyyət hüququ qazansalar, Türkiyə-Atatürk türkcəsini seçəcəklər, Azərbaycan türkcəsini yox. Ona görə ki, bizim türkcədə ağlabatan heç nə yoxdur. Bu dildə nə hüquq sistemi qurulub, nə səhiyyə, nə də təhsil. Kitab oxuyan da yoxdur".
Onun sözlərinə görə, çoxları ortaq türk dilinin olmasından danışır:

"Bu, sadəcə ədabazlıqdır. Türkiyənin gül kimi türkcəsi var, daha cəsarətli tərpənib o dili olduğu kimi qəbul etməliyik. Əslində, müasir türk əlifbasının müəlliflərindən biri elə Mirzə Fətəli Axundovdur. Axundov əlifbasının qəbulu, həm də o irsə sahiblənmək deməkdir. Əgər dilimizin adı Azərbaycanda yaşayan digər xalqlara daha tolerant münasibətlə bağlıdırsa, axı onlar da təhsil, səhiyyə və biznes üçün Rusiya və Türkiyəyə üz tuturlar. Onlar da mədəni görünmək üçün rusca, yaxud türkcə danışırlar. Son vaxtlar Azərbaycanda türkcə yazanların sayı artıb. Həmişə düşünmüşəm ki, yaxşı olacaq, dilimiz inkişaf edəcək. Ümid məni irəli aparır, reallıq isə geri çəkir. Yeganə inkişaf yolumuz Axundov irsinə qayıtmaq öz türkcəmizi qəbul etməyimizdir".

Tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Eyyub Qiyas Şahbaz Xudoğlunun fikirlərini həm qınayır, həm də anlayışla qarşılayır. Dramaturqun sözlərinə görə, naşirin fikirlərinin təsdiqi üçün "Torqovı"da (Bakının Nizami küçəsinin keçmiş adı - qeyd) 5 dəqiqə gəzişmək bəs edir:
"Oradakı toplumun əkəriyyəti "ruscaxı" tum kimi çırtlayır, ana dilində bir kəlmə soruşanda dilin də anasını ağladır. Kitab almaq qabiliyyətinə qadir zümrənin əksəriyyəti də həmin "ruscax" danışanlardır. Ona görə rus nəşrlərinə təlabat var. Bizim oxucu isə müəyyən qədər eqoistdir, həm də ancaq reklam ardınca gedir, öz seçimi yoxdur. Gərək kimsə hansısa kitabı tərifləsin, ondan sonra həmin kitaba maraq göstərsin".
© Photo : Facebook / Эйюб ГиясEyyub Qiyas
Eyyub Qiyas - Sputnik Azərbaycan, 1920, 17.02.2023
Eyyub Qiyas
Ə.Qiyas onu da deyib ki, tərcümə kitabları da həmin reklama görə çox satılır. Oxucu bizim müəllifləri tanımır, çünki bizi oxumur. Rayon yerlərində türkcə ona görə oxuyurlar ki, "torqovı"dan fərqli olaraq orada rus dilini yaxşı bilmirlər:

"İndi bu yazıq ana dilimiz neyləsin? İndi Şahbaz Xuduoğlu nə desin? Adam Azərbaycan kitabçılığı üçün rəsmən yeni cəbhə açıb. Oxucu isə rus və türkdilli kitabların sorağındadır. Şahbaz Xuduoğlunun təklfinin arxasındakı sarkazm da, ağrı da, üsyan da başa düşüləndir".

Yazıçı Kəramət Böyükçöl isə hesab edir ki, bu fikir böyük təxribatlara yol aça bilər. Çünki bu təklif birbaşa Azərbaycan Respublikasının Konstitusiyasını pozur və konstitusiyamızda dövlət dili və xalqın vahidliyi ilə bağlı əksini tapan müddəalara ziddir.
Onun sözlərinə görə, Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır (Dövlət dili haqqında Qanun, maddə 18.1 - qeyd) Əgər bu gün ictimaiyyət tərəfindən Şahbaz bəyin təklifinə ciddi təpki sərgilənməsə, sabah onun bu fikirlərindən ilhamlanan bir başqası da durub deyəcək ki, Azərbaycanda 300-dən çox rus məktəbi var. Gəlin dövlət dilini rus dili edək:
"Başqa birisi də durub deyəcək ki, bizim dinimiz islamdır. Gəlin dövlət dilini fars və yaxud ərəb dili edək. Qətiyyən düşünmürəm ki, Şahbaz Xuduoğlu yazdıqlarını dərk etmir. Çünki özü yazır ki, Azərbaycanın müasir oxucuları Dostoyevski, Tolstoy, Çexov, Turgenev və sair kimi rus klassiklərini türkcə oxuyurlar".

"İkinci məsələ... Azərbaycan Respublikası ərazisində yaşayan, dinindən, irqindən, milliyyətindən aslı olmayaraq hər bir vətəndaş soruşmaz ki, mənim dövlətimin dili niyə şivə olmalıdır? Sizcə, bu arqumentdən Azərbaycan dövlətinin əleyhinə Donetsk, Luqansk, Dnestryanı, Abxaziya, Osetiyadakı kimi istifadə edən tapılmayacaq? Şahbaz bəy yazır ki, indi danışdığımız dil Şamaxı, Qazax ləhcəsindən yığılaraq ədəbi dil şəklini alıb və göründüyü kimi heç də hamının sevimlisi ola bilməyib. Deyir ki, dilimizin konstitusiyada adı Azərbaycan dili olsa da, bu dil əyalətçilikdən xilas ola bilmədi, milli birlik yaratmadı".

© Photo : courtesy of Karamat BoyukcholKəramət Böyükçöl
Kəramət Böyükçöl - Sputnik Azərbaycan, 1920, 17.02.2023
Kəramət Böyükçöl
Böyükçölün sözlərinə görə, naşirin fikirləri həm də Azərbaycanın ərazi bütövlüyünü, konstitusion quruluşunu hədəf alır:

"Necə yəni dilimiz əyalətçilikdən xilas olmadı? Bu nə deməkdir? İllərdən bəri fəaliyyət göstərən "Qanun" Nəşriyyatının rəhbərinin bu açıqlaması heç bir məntiqə sığmır. Üstəlik də durduq yerə Türkiyə ilə Azərbaycan münasibətlərinə, qarşılıqlı rəğbət və sevgiyə, qardaşlığa ciddi zərbə vurur. Olmadıq yerdə Azərbaycan xalqını Türkiyənin əleyhinə çevriməkdə məqsəd nədir? Çünki görürəm ki, öz dövlət dilini müdafiə etmək istəyən sadə Azərbaycan insanı Şahbaz Xuduoğlunu tənqid edəndə onun yanına Türkiyəni də qoşur. Və deyim ki, İranın təsirində olan adamlar da Xuduoğlunun xidmətlərindən məhahərtlə istifadə edə bilərlər. Şahbaz bəyin bu gün sahib olduğu nə varsa, onun hamısını ona bəyənmədiyi Azərbaycan dili qazandırıb. Mirzə Cəlilin "Ah, yazıq Vətən!" dediyi bu ölkənin dilinə hörmət etmək üçün, görəsən, Şahbaz bəyə daha nə lazımdır?"

Filologiya üzrə fəlsəfə doktoru Jalə İsmayıl bildirib ki, Şahbaz Xuduoğlunun məlum çıxışı gözlənilən nəticəni verdi - etiraz edənlər daha çox, dəstəkləyənlər daha azdır.
Dramaturq hesab edir ki, naşir ciddi düşünülmüş bu gedişlə bir daha ölkədə dilin vəziyyətinə və kitab nəşrinə diqqət çəkib:

"Şahbaz bəyin zarafat etdiyinə inanmaq istəyirəm. Bir az da ciddi baxsaq məsələyə... Çox da ciddi baxa bilmirik əslində. Proses o qədər çoxqatlı, çoxşaxəlidir ki, şaxələr hamısı gedib hökumətin təhsil, ədəbiyyat, mədəniyyət siyasətinə çıxır. Orta məktəblərin ədəbiyyat müəllimlərinin sonuncu tanıdığı şair Nüsrət Kəsəmənlidirsə, onlar yeni nəsil(lər)ə hansı ədəbiyyatı aşılaya bilər? Eyni insanlar 5-10 ildən bir orfoqrafiya lüğətinin başına oyun açır, kütləvi savadsızlığa səbəb olursa, insan dildən küsməsinmi? Qəpik-quruşla qiymətləndirilən tərcüməçi, redaktor əməyindən heç danışmaq istəmirəm. Qaysaqlanmayan yaramızdır. Vəziyyəti düzəltmək üçün hökumət ciddi şəkildə dil-ədəbiyyat siyasətinə yenidən baxmalıdır. Nəhayət, baxmalıdır".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0