CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədəki zəlzələdən sonra 2 nəfər Azərbaycan vətəndaşı haqqında məlumat yoxdur - XİN

© AP Photo / Bernat ArmangueTürkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 17.02.2023
Abunə olmaq
İN zəlzələ bölgəsində axtarılan Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb. Haqqında xəbər alına bilməyən Azərbaycan vətəndaşlarının siyahısı hazırlanaraq Türkiyənin aidiyyəti qurumları ilə birgə müvafiq iş aparılıb.
BAKI, 17 fevral — Sputnik. Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər davam edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, zəlzələ baş vermiş gündən etibarən 565 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub. Hal-hazırda təxliyə prosesi davam etməkdədir.
"Türkiyə Respublikasından təxliyəsi həyata keçirilən vətəndaşlarımız və onların ailə üzvlərinə lazımi tibbi, humanitar və psixoloji yardımın göstərilməsi, zərurət yarandıqda həmin şəxslərin müvəqqəti sığınacaq mərkəzlərinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına müvafiq göstəriş verilib".
Nazirliyin məlumatında bildirilir ki, qaynar xətt nömrələrinə daxil olmuş minlərlə müraciət araşdırılıb, haqqında xəbər alına bilməyən Azərbaycan vətəndaşlarının siyahısı hazırlanaraq, onlar haqqında məlumat əldə etmək məqsədilə, Türkiyənin aidiyyəti qurumları ilə birgə müvafiq iş aparılıb.
"Nəticədə bir çox Azərbaycan vətəndaşlarının olduğu yer müəyyən edilib və onlarla əlaqə saxlanıb. Hazırda 2 nəfər Azərbaycan vətəndaşı haqqında məlumat yoxdur, onların axtarışları davam etdirilir", - deyə məlumatda bildirilir.
O da qeyd olunub ki, aparılmış axtarış-xilasetmə tədbirləri nəticəsində bu günə qədər 10 Azərbaycan vətəndaşının zəlzələ nəticəsində həlak olduğu müəyyən edilib:

"Onlardan 1 nəfər Türkiyədə dəfn olunub, 9 nəfərin cənazəsi isə bütün zəruri proseduralar yerinə yetirilməklə, Türkiyədə olan yaxınlarının müşayiəti ilə Azərbaycana yola salınıb. Bu dəhşətli zəlzələdə həlak olan həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!".

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4000-ə yaxın afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 36 187 nəfər dünyasını dəyişib, 108 068 nəfər yaralanıb.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Xəbər lenti
0