CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Spiker: Azərbaycan–Rusiya münasibətləri qarşılıqlı hörmət, etimad prinsiplərinə əsaslanır

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicSahibə Qafarova
Sahibə Qafarova - Sputnik Azərbaycan, 1920, 17.02.2023
Abunə olmaq
Sahibə Qafarova bildirib ki, Rusiyada keçirdiyimiz görüşlərdə həmçinin Laçın yolu ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri tərəfindən imzalanmış üçtərəfli razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.
BAKI, 17 fevral — Sputnik. "Rusiyaya rəsmi səfər çərçivəsində bu ölkənin Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşlər keçirilib. Görüşlərdə qeyd edilib ki, Azərbaycan–Rusiya münasibətləri bir-birinin maraqları nəzərə alınmaqla, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır".
Bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 17 fevral 2023-cü il tarixli plenar iclasında çıxışı zamanı deyib.
Milli Məclisin sədri bildirib ki, keçirilən görüşlərdə parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışılıb. Belə bir fikir də ifadə olunub ki, humanitar sahədə əlaqələr ölkələrimiz arasında əməkdaşlığın mühüm bir istiqamətini təşkil edir. Bu mənada, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu xüsusilə vurğulanıb.
Sahibə Qafarova onu da deyib ki, keçirilən görüşlərdə həmsöhbətlərimə Azərbaycanın uğurlu inkişafı, ölkəmizin beynəlxalq təşəbbüsləri, 44 günlük Vətən müharibəsində qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildikdən sonra regionda yaranmış yeni reallıq, həyata keçirilən bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıtması prosesinə başlanması, bölgədə uzunmüddətli sülh yaradılması üçün Azərbaycanın irəli sürdüyü təşəbbüslər, Ermənistanın normallaşma prosesinə mane olmaq cəhdləri, o cümlədən minalar basdırmaqda davam etməsi, danışıqlarda destruktiv mövqe tutması haqqında geniş məlumat verilib.
O diqqətə çatıdırb ki, Rusiyada görüşlərdə həmçinin Laçın yolu ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri tərəfindən imzalanmış üçtərəfli razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.
"Mən öz çıxışımda qeyd etdim ki, Ermənistan Laçın yolundan minalar, hərbi sursat, şəxsi heyət və talan edilmiş təbii sərvətlərin daşınması üçün istifadə edib. Orada keçirilən etiraz aksiyası Azərbaycan vətəndaşlarının qanuni hüququdur və onların haqlı tələbləri hökmən yerinə yetirilməlidir. Eyni zamanda, Avropa İttifaqının Ermənistana göndərilən müşahidə missiyası ilə bağlı bildirdim ki, Ermənistan tərəfindən Azərbaycanla sərhəd bölgəsinə müşahidə missiyası adı altında kənar qüvvələrin gətirilməsi və onlardan sui-istifadə edilməsi normallaşma prosesi üçün təhdid törədə bilər və bundan çəkinilməlidir"-deyə Milli Məclisin sədri diqqətə çatdırıb.
Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti fevralın 13-14-də Rusiya Federasiyasında rəsmi səfərdə olub.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədr müavini Adil Əliyev, parlamentin komitə sədrləri Ziyafət Əsgərov, Bəxtiyar Əliyev, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, qrupun üzvləri Sevinc Hüseynova, Əminə Ağazadə, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxil idi.
Xəbər lenti
0